İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır durumda olan AXCP rayon Məclisinin üzvü istefa verdi

1610 13.07.2015 08:10 Reportaj A A


Bakının “Montin” ərazisində zirzəmini xatırladan birotaqlı evdə yaşayan Maarif bəylə görüşdük. Gördüyümüz mənzərədən sarsılmamaq mümkün deyildi. Ev balaca bir daxmanı xatırladırdı. Səhhətinə görə işləyə bilməyən AXCP Məclisinin üzvünün yalnız həyat yoldaşı çörəkpulu qazanır. Maaşın azlığı onların yalnız gündəlik tələbatlarını güclə ödəyir. 
Bizi görən Maarif bəyin gözləri doldu. Çünki onu illərini verdiyi partiyadaşları tək qoyublar. Bir dəfə də olsun canını qoyduğu AXCP-dən nə maddi, nə də mənəvi yardım görməyən M.Mehdiyev  partiya rəhbərliyinin  laqeydliyindən gileyləndi.

Maarif bəy ürəkağrısı ilə dinlədiyimiz həyat hekayəsini “Yeni Müsavat”a belə nəql etdi: “52 yaşım var. 1988-ci ildən fəal siyasətdəyəm. AXCP üzvüyəm. 7 ildən artıqdır xəstəliyimlə əlaqədar ciddi əziyyət çəkirəm. Qohumlarım bu illər ərzində az da olsa, kömək etdilər. Son üç ildə isə, ümumiyyətlə, kömək edən yoxdur. Əsas xəstəliyim bağırsaqdır. Ayağıma şiş verir. Şiş verdikcə, asan yola əl atmağa məcbur oluram. Şişi yardırıram. Çünki müalicəyə imkanım yoxdur. Hazırda yenə də şişib. Amma yardırmağa belə gücüm yoxdur. Bədənimə zəhərlənmə verir”.

AXCP üzvü əqidə yoldaşlarının onunla maraqlanmamasından gileyləndi: “Sonuncu dəfə xəstəxanada olanda maddi yox, mənəvi dəstək gözlədim. Amma heç kəs itirib-axtarmadı. 11 gün xəstəxanada yatdım. Heç evə gələndən sonra da maraqlanan olmadı.  Heç olmasa mənəvi dəstək verərdilər... İndi ya ayaqüstə durmağa, ya da uzanıqlı vəziyyətdə olmağa məcburam. Oturanda yarım saat sanki bədənimdə qan işləmir. Gözlərim günü-gündən zəifləyir. Maddi durumum isə hədsiz ağırdır. Utandığımdan heç kəsə ürək aça bilmirəm. Ümidlə yaşadım ki, bəlkə partiyadan nəsə köməklik olar. AXCP rəhbərliyi vəziyyətimi bilir, amma  kömək etmirlər. Analiz versəm, müalicəmə nə qədər xərc lazım olduğunu bilərəm. Amma analiz verməyə belə imkanım yoxdur.  Uzunmüddətli müalicəyə ehtiyacım var. Əl və başım sanki mənim deyil. Ailədə yalnız həyat yoldaşım işləyir. Onun da maaşı azdır. Kömək üçün televiziyaya çıxmaq istədim. Amma çox utandım. Çünki dilənçi gözü ilə mənə baxılmasını istəmirəm. Partiyadan Məmməd İbrahimə dedim ki, səhhətimlə bağlı rəhbərlikdə kimə müraciət etməliyəm. Açıq şəkildə dedi ki, heç kimdə imkan yoxdur. Partiyada hamı vəziyyətimi bilir. Görürəm ki, mənə kömək etməyi məsləhət bilmirlər. Ona görə də onlardan qırıldım. Bu qədər laqeydlikləri mənə əlavə dərd və xəstəlikdir. AXCP-dən bilirlər ki, neçə ildir bu xəstəlikdən əziyyət çəkirəm. Partiya üzvlərinə müraciət etməyimin mənası yoxdur. Hamı vəziyyətimin ağırlığını bilir, amma dəstək yoxdur.  Həyatım təhlükədədir, hər an ölə bilərəm. Partiya ilə artıq əlaqələrim yoxdur. Heç kəsi kömək etməyə məcbur edə bilmərəm. Səhhətim pisə doğru gedir. Stimul verən kimsə yoxdur. Bütün cəmiyyətdən kömək istəyirəm. Kimsə düşünə bilər ki, bəlkə də düzgün demirəm. Amma yaşayış yerimi, durumumu, səhhətimi görən hər kəs məni anlayacaq. Hazırda əsas analizləri verməyimdir. Kömək edən olsa, həyatım boyu minnətdar olaram”.


“Əli Kərimliyə müraciət etmək fikrim yoxdur, bilirəm ki, kömək gəlməyəcək”


M.Mehdiyev  partiya üçün çəkdiyi əziyyətlərdən də söz açdı: “1988-dən bu günə qədər proseslərdə fəal iştirak etmişəm. Əziyyətimə qiymət verən olmadı. Hər kəs əziyyətimi yaxşı bilir. Şöbənin sədri Hacı Abbaslı da səhhətimə laqeyd qaldı. Əli Kərimliyə müraciət etməmişəm, etmək də fikrim yoxdur. Bilirəm ki, kömək gəlməyəcək. Buna əminəm. Yalnız qədirbilən millətimə müraciət edə bilərəm.  Əsl düzgün yolu millətimə müraciətdə görürəm. Müalicəm üçün kömək etmək partiya üçün adi bir şeydir. Çünki ”Azadlıq" qəzetinə kömək lazım olanda bir müraciətlə on minlərlə pul yığırlar. Neçə ildir bu vəziyyətdəyəm. Artıq ümidlərim ölüb. Sözümün yerə düşəcəyindən daim çəkinmişəm. İndi partiyaya müraciət etsəm, bilirəm ki, vecinə alan olmayacaq. Heç kəs belə çətin duruma düşməkdən sığortalanmayıb. Abrımı gözləyən adam olmuşam. Kömək istəyəcəm, deyəcəklər ki, imkan yoxdur. Həmişə olduğu kimi, yenə də məhbusları bəhanə gətirəcəklər. Ola bilsin ki, xəstə olduğumdan mənə faydasız insan gözündə baxırlar. İndiyə qədər partiya üçün çox yardımlarım olub. Son 7 ildə edə bilməmişəm. 1988-1990-cı illərdə nə qədər təhlükələr keçmişəm".

AXCP Məclisinin üzvü “Yeni Müsavat” vasitəsilə partiyadan imtina etdiyini açıqladı: “Sizin qəzetiniz vasitəsilə 26 ildir üzvü olduğum partiyadan imtina edirəm. Bundan sonra bilin ki, AXCP-də daha yoxam.  Xəstə halımla belə, daim aksiyalarda öndə oldum. Sağlam insanlar meydana çıxmağa cəsarət etməyəndə, mən meydanda idim. Amma nəticəsi olmadı. Bunlar insan talelərini hərraca çıxarırlar. Əgər mənə laqeydlik varsa, orada nə işim? Sonuncu dəfə xəstəxanada olanda gözüm qapıda idi. İstəsələr gələ bilərdilər. Heç olmasa, Nərimanov təşkilatının  üzvlərini gözlədim. Ümid etdim ki, gələcəklər, məni tək qoymayacaqlar. Maddi yox, mənəvi dəstək istəyirdim. Çünki borc-xərclə əməliyyat olunmuşdum. Bu dəstəyi görmədim. Bundan sonra siz deyin, necə müraciət edim? İnsanlar gəlmirlər, məni yox sayırlar. Ona görə mən də özümü AXCP-də yox sayıram. İstefa oldu-olmadı, mən yoxam. Öz əllərindədir, çıxarsınlar. Heç bir prosesdə bundan sonra iştirak etməyəcəyəm. Ən çətin günlərimdə yanımda olmayan insanlar mənə lazım deyil. Nə etmişəmsə, millətimə görə etdim. Rus tanklarının  qabağında hər an mənə güllə dəyə bilərdi. 20 Yanvarda axşam ölümün bir addımlığında oldum. ”Şamaxinka"da güllələr başımın üstündən  keçirdi. Nə qədər indi AXCP qiymət verməsə də, millətim üçün etdiyimdən içim rahatdır. Mitinqlər başlayanda 25 yaşım var idi. Mən ölənlərdən  artıq deyiləm".
 Bu yerdə Maarif bəy göz yaşlarına hakim ola bilmədi. Bir qədərdən sonra yenidən sözlərinə davam etdi: “ 20 Yanvardan sonra ora getmirəm. Şəhidlər Xiyabanına baxmağa cəsarət etmirəm. Çünki o uşaqlar indi hansı yaşda olacaqdılar? Biz yenə günlər görmüşdük. Amma o uşaqlar nə gördülər ki?”

Sonda AXCP-nin Məclis üzvü xalqa müraciət etdi: “Yeni Müsavat”a dəstəyinə görə təşəkkür edirəm. Problemlərimə laqeyd qalmadı. Ən böyük dəstəyi hörmətli Rauf Arifoğludan gözləyirəm. Partiyadan əlimi üzmüşəm. Artıq bu andan etibarən partiyadan çıxıram. 

Mənə qarşı olan laqeydliyə layiq insan deyiləm. Çünki heç vaxt belə münasibət kiməsə sərgiləməmişəm. Bu münasibətə görə AXCP-dən rəsmən imtina edirəm. Dövlət orqanlarına müraciət edib kömək istəyirəm. Yeddi ildir əzab çəkirəm. Kiməsə ağır açmadım. Sonda məcbur oldum. Dediklərimi artıq söylədim. Bir insanın taleyinə biganə qalmayan hər kəsdən imkan daxilində yardım əlini uzatmağını xahiş edirəm. Edilən kömək bu Ramazan ayında ən böyük savabdır".

Qeyd edək ki, şəklini çəkərkən Maarif bəy üzünü utandığından əli ilə örtdü. Çünki qohumlarının qınağına tuş gələcəyindən ehtiyatlanır. Ev şəraitinin geniş çəkilməsinə də imkan vermədi. Amma gördüyümüz mənzərə burada normal insanın yaşayışı üçün şəraiti olmadığını təsdiqləyir...

P.S. Sonda yardım etmək istəyən insanlar üçün Maarif Mehdiyevin əlaqə telefonunu təqdim edirik:

(070 562 18 63)

Cavanşir ABBASLI
Fotolar müəllifindir 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR