İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümdən qurtulan dissident “Yeni Müsavat”a danışdı

2578 26.09.2014 08:50 Reportaj A A

QAT sədri Akif Nağının sözlərinə görə, N.Ağayevə başının sağ hissəsindən küt dəmir alətlə ağır zərbə vurulub: “Güman olunur ki, bu, beşbarmaq olub. Nadir Ağayev huşunu itirib yıxılarkən divara dəyib. Bu zaman başının sol hissəsi də yaralanıb, qulağı cırılıb”. A.Nağı bildirib ki, hadisə yerinə dərhal təcili yardımın həkimləri gəlib və onu xəstəxanaya aparıblar. N.Ağayevin başına 9 yerdən tikiş qoyulandan sonra ambulator müalicə üçün evinə buraxılıb. QAT sədrinin sözlərinə görə, Binəqədi Rayon Polis İdarəsində hadisə ilə bağlı cinayət işi açılıb. İlkin olaraq N.Ağayevdən zərərçəkən kimi izahat alınıb. A.Nağı deyib ki, N.Ağayev hadisədən az əvvəl QAT-ın ofisində olub. Evə çörək alandan sonra yenidən qayıdacağını deyərək çıxıb. 2 saat sonra onun gəlmədiyini görüb zəng ediblər və məlum olub ki, hadisə baş verib. Şahidlərin dediyinə görə, hadisəni 3 nəfər törədib, 2 nəfər kənarda, bir nəfər isə onu blokda gözləyib: “Polislər kameralara baxdıqlarını deyib və az vaxtda cinayətkarları tapacaqlarına söz verib”.

QAT-ın hadisə ilə bağlı yaydığı bəyanatda göstərilir ki, sovet dövründə olmazın əzablar çəkmiş ahıl bir insana qarşı bu hərəkət vəhşilikdir: “Hesab edirik ki, bu hadisə onun ictimai fəaliyyəti ilə bağlıdır və cinayəti törədənlər dərhal tapılıb cəzalandırılmalıdır”.

77 yaşlı dissident Nadir Ağayev özü isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ağlına gəlməyən hadisə ilə üzləşib: “Saat 12 radələrində evdən çıxıb QAT-ın yaxınlıqdakı ofisinə getdim, Akif Nağı ilə görüşdüm, 10 dəqiqə söhbət elədik. Çıxdım ki, çörək alıb evə gəlim. Bizim bloklara dəmir qapılar qoyublar, elə qapını açıb içəri girmişdim ki, sağ gicgahımdan bir zərbə vurdular. Huşumu itirdim. Ayıldım ki, evdə divana uzadıblar, ev adamla doludur. Təcili yardıma gələn həkim  dedi ki, hökmən xəstəxanaya aparmalıyıq, yaralara tikiş qoyulmalıdır. 9 tikiş başımda, 7-si qulağımdadır. Yıxıldığım yer, köynəyim qan işində idi. Dərhal polislər də gəldi, izahat aldılar. Daha sonra 7-ci bölmənin rəisi Ceyhun Hüseynov polis vasitəsilə mənimlə də danışdı, dedi biz də gəlirik, söhbət edək. Bundan sonra məni evə gətirdilər, 4 nəfər polis də gəldi, nə baş verdiyini soruşdular, izahat aldılar. Dedim, vallah, mənim heç kimlə nəfərlə düşmənçiliyim yoxdur. Amma iki nəfərdən şübhələnirəm”.

N.Ağayev dedi ki, 18 il çəkdiyi zülmlərlə bağlı xeyli müraciətlər edib: “1992-ci ilin əvvəlində əməllərimdə cinayət tərkibi olmadığıma görə tam bəraət almışam. Layihə İnstitutuna mənə dəymiş ziyanın ödənilməsi barədə rəsmi məktub gəlib. İnstitut da təsərrüfat hesabına işlədiyinə görə bu ziyanı ödəyə bilmir. Ali Məhkəmənin o dövrkü sədri Xanlar Hacıyev 1994-cü ildə o vaxt dövlət müşaviri olan Arif Rəhimzadəyə yazıb ki, ziyan dövlət səviyyəsində ödənilsin. İndiyədək məsələ həll olunmamış qalır”.

Dissident dedi ki, ağrılardan başını sağ-sola döndərə bilmir: “Səhərədək düz uzanmışam. Məni məhkəmə tibb ekspertizasına aparacaqlar, gözləyirəm. Şübhələndiyim iki adam var, amma istintaq sirri olduğundan ad çəkmək istəmirəm. Yüz faiz əminəm ki, məni beşbarmaqla başıma vurublar. Adətən mən həyətdə oturana, arxamca gələndə fikir vermirəm. Qonşular deyir son günlər 3 nəfər naməlum şəxs gəlib həyətdəki skamyada saatlarla oturub gedirdi. Mən vurulan gün isə 4 nəfər olublar. Axşam qonşu gedib soruşsun ki, axı siz kimsiniz, çıxıb gediblər. Mən vurulandan sonra vuran adam dəmir qapını çırpıb həyətdən çıxıb. Qonşu çıxıb ki, səsin nə olduğunu öyrənsin, inilti səsini eşidib, gəlib görüb məni vurublar. Başqa şübhəli məqam da var. ”JEK"in müdirinin katibəsi zəng edib qonşuların birindən soruşub ki, Nadirin oğlu harda işləyir. O da deyib məndən niyə soruşursan, özünə zəng elə də. Yalvarıb ki, bunu heç kimə demə, mənə icra hakimiyyətindən deyiblər ki, öyrənim. Mən heç bilmirəm icra başçısı kimdir, harda oturur".

Keçmiş baş prokuror, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli isə N.Ağayevi ziyarət edəndən sonra moderator.az-a deyib ki, onun başında 4-5 barmaq izləri var idi: “Belə görünürdü ki, onu beşbarmaqla vurublar. Onun üzünün sağ nayihəsində beşbarmağın yerləri aydın görünür. Gicgah nahiyəsindən vurulub, bu zərbə adətən öldürmək üçün vurulur. Müayinə zamanı bəlli olub ki, sağ almacıq sümüyündə də 3-4 santimetr çat var. Hazırda evdə müalicə alır. Biz də onu ziyarətə gedəndə sistem köçürürdülər”.

M.Mütəllimliyə görə, onu siyasi baxışlarına görə cəzalandırıblar: “Əsas səbəblərdən də biri onun uzun illər ərzində davamlı olaraq hökumətə müraciət edərək qanunsuz olaraq uzunmüddətli həbs yatdığına və sonradan bəraət aldığına görə kompensasiya tələb etməsidir. Onun bu məzmunlu son müraciəti də bir neçə gün öncə olub. Həm kompensasiya istəyinə, həm öz saytında vaxtaşırı tənqidi yazılarına görə. Nəzərə almaq lazımdır ki, o, yaşlı bir insandır, səhhətində də kifayət qədər problemlər var, ağır şəkər xəstəsidir. Zarafat deyil, sovet vaxtı bu adam 18 il zindanlarda zülm çəkib. Belə bir insanı fiziki yolla aradan götürmək istəyiblər”.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”ın sorğusuna cavab olaraq aşağıdakıları bildirdi: “Nadir Ağayevin hansı küt alətlə vurulmasına tibbi ekspertizanın rəyindən və istintaqın araşdırmasından sonra daha dəqiqliklə aydınlıq gətiriləcək. Bu barədə polisə məlumat daxil olan kimi operativ reaksiya verilib, hadisə yerinə gedilib. Hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Onu vuranın şəxsiyyətinin müəyyən olunması və yaxalanaraq istintaqa cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.

E.PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR