İnsanlara hürriyət, millətlərə istiqlal!

Rektorlar 5 illik təyin ediləcək - ekspert dəyərləndirməsi

1150 12.12.2018 08:30 Ölkə A A

Ekspertlər hesab edirlər ki, bu fərman ölkədə təhsilin inkişafına dəstək olacaq

Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. Bununla bağlı prezident İlham Əliyev “Təhsil haqqında” Qanunun tətbiq edilməsi barədə" fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Uzun zamandır  ekspertlər bildirirdilər ki, bir şəxsin uzun müddət rektor vəzifəsində qalması universitetlərin idarə olunmasına, yeniliklərin tətbiqinə mənfi təsir edir.

“Yeni Müsavat”a danışan təhsil ekspertləri bu xüsusda fərmanı yüksək qiymətləndirib, bunun təhsil sahəsində hansı dəyişikliklərə səbəb olacağı barədə danışıblar.

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirib ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda  bir çox məsələlər öz əksini tapmayıb:

“Ən ciddi məsələlərdən olan ali təhsil müəssisələrində rektorlar, həm də elmi şuralar, dekanlar, kafedra müdirlərinin seçilməsi, onların vəzifə tutma müddətləri kimi məsələlər öz əksini tapmayıb. Ona görə də ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adam rəhbərlik edirdi, bu dövrdə universitetdə hansısa bir dəyişikliyin, inkişafın şahidi olmurduq. Məsələn, Ağacan Əbiyev 30 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Timuçin Əfəndiyev 30 il Mədəniyyət və İncəsənət Universitetində, Əhliman Əmiraslanov 25 Azərbaycan Dövlət Tibb Universitetində, Siyavuş Qarayev 19 il Azərbaycan Dövlət Neft Akademiyasında, Abel Məhərrəmov 20 il Bakı Dövlət Universitetində, Səməd Seyidov 17 il Xarici Dillər Universitetində rektor kimi çalışıblar. Hazırda da bu vəzifəni uzun müddət tutanlar var. Siyavuş Kərimi18 ildir ki, Azərbaycan Milli Konservatoriyasına, Ömər Eldarov 19 ildir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Fərhad Bədəlbəyli 28 ildir Bakı Musiqi Akademiyasına, Gülçöhrə Məmmədova 20 ildir Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Havar Məmmədov 20 ildir ki, ali təhsil müəssisələrində rektor kimi çalışır. Son illərdə Azərbaycan təhsili inkişaf yolundadır, amma ali məktəblər bundan kənarda qalırlar və müasir çağırışlara cavab vermirlər. Bunun əsas səbəbi onların fəaliyyətindəki müddətsizliklə bağlıdır. Rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək. Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətin olacaq. Ona görə də universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar”.

Ä°lgili resim

Ekspert bildirib ki, prezident tərəfindən “Təhsil haqqında” Qanuna edilən əlavə çox böyük ideyadır və ciddi dəyişikliyə səbəb ola bilər: “Bu, həm də ali təhsil idarəçilərinin gəncləşməsinə gətirib çıxaracaq. Təklif edirəm ki, bundan sonra rektorların vəzifəyə gətirilməsi də dəyişsin. Bunun üçün 2 metod var. Biri demokratik, biri isə administrativ üsuldur. Bir də bunların ortaq üsuludur. Həmişə ortaq üsula üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratiya, həm də administrativ təyinetmə var. Dünyanın bir çox ölkələrində rektorları 2 dəfədən artıq olmamaq şərtilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bunların üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir. Universitet bu zaman seçkidən-seçkiyə yenilənir. Administrativ üsul zamanı 20-25 il rektor olanda universitet normal idarə edilir. Bütün hallarda rektorların fəaliyyəti hesabatlılıq təmin olunmaqla həyata keçirilməlidir. Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektorlar dünya səviyyəli universitet olmağı hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirməyi əsas vəzifə kimi qarşılarına qoymurlar. Amma bundan sonra fəalliyyəti dövründə müsbət tendensiya olmayanlar növbəti dəfə seçilməyəcəklər. Onu da deyim ki, seçki ilə rektorların seçilməsi ənənəsi mövcud olub. Amma uğurlu olmayıb. Bunun üçün bir təcrübə, ənənə olmalıdır, universitetlərimiz dünyada mövcud olan universitetlərə yaxınlaşmalıdır. Rektor menecer olmalıdır, yenilikçi olmalıdır, dünya təhsilini yaxından izləməli, universitetin fəaliyyətini buna uyğun həyata keçirməlidir”.

Təhsil eksperti Etibar Əliyev ile ilgili görsel sonucu

Təhsil eksperti Etibar Əliyev bildirib ki, rektorların  müddətli təyinatı məsələsini illərlə qaldırıblar:  “Nəhayət ki, ölkə başçısının bu məsələyə münasibəti müəyyənləşdi. Rektorların müddətsiz təyinatı onlarda arxayınçılığı gücləndirir. Bu səbəbdən təhsilin keyfiyyəti zamanın ixtiyarına buraxılırdı.  Bundan sonra hər bir rektor 5 il müddətində bütün bilik və bacarığını universitetin inkişafına yönəldəcək. Həm də universitetin tarixində qalmaq  şansını da yaddan çıxarmaq lazım deyil. Tarix göstərir ki, universitetlərdə islahatlara ən çox imza atan rektorlar az müddətdə çalışmış rektorlar olublar. Mənim də bitirdiyim Bakı Dövlət Universitetinin timsalında Yusif Məmmədəliyevin, Şəfayət Mehdiyevin, Cəfər Xəndanın, Yəhya Məmmədovun və başqalarının adlarını çəkmək olar. Rektorların 5 il müddətinə təyinatı, həm də universitetdə digər alimlərin də rektor olmaq şanslarını artırır. Ancaq müddətsiz rektorluq institutu pessimist mühiti gücləndirirdi. İndinin özündə elə rektorlar var ki, 5 il müddətində çox böyük işlər görüblər. Onlar praqmatik rektorlardır və zaman faktoru onlar üçün önəmli deyil. Düşünürəm ki, 5 il müddətində universitet rektorunun fəaliyyəti mütəmadi olaraq monitorinq edilməli, universitet həmin müddətdə akkreditasiyadan keçməlidir. Artıq müstəqil Akkreditasiya Bürosunun yaradılmasının da vaxtı çatıb. Məncə, bu mühüm və ciddi məsələ də ölkə başçısının diqqətinə çatdırılmalıdır”. 

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR