İnsanlara hürriyət, millətlərə istiqlal!

Regionlardan Bakıya axının iqtisadi səbəbləri

1086 03.03.2023 14:28 Media A A

Aydın Hüseynov: “Bölgədə iş qurmaq üçün imkanlar var”

Uzun müddətdir ekspertlər bildirirlər ki, paytaxt Bakıya axının qarşısının alınması regionların hansı sürətlə inkişafından asılıdır. Əgər regionlarda sosial-iqtisadi inkişaf, rəsmi orqanlara çıxış imkanları, normal gəlir sahələri, səhiyyə xidmətləri olmasa,  Bakıya axının qarşısını almaq mümkün olmayacaq. Bölgələrdən Bakıya axının əsas səbəblərindən biri isə rayonlarda iş yerlərinin azlığıdır. Rəsmi statistikaya əsasən, rayonlarda əmək haqqı Bakıya nisbətdə iki dəfə azdır, bu da öz növbəsində paytaxta axını sürətləndirir. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafı üçün  nələr etmək lazımdır?

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, regionlardan Bakıya axının səbəbi paytaxtın iri sənaye-iqtisadi mərkəz olması, iqtisadi aktivliyini və fəallığın daha yüksək olması, eləcə də gəlir əldəetmə imkanlarının genişliyi ilə bağlıdır: "Bu isə təkcə ölkəmizdə deyil, bütün dünya ölkələrində belədir. Paytaxt şəhərləri iri sənaye və meqapolis kimi insanlar üçün daha cəlbedici görünür, onlar bölgələrdə normal iş yerləri olmasına baxmayaraq, paytaxtda daha tez və asan iş yeri tapmağa üstünlük verirlər. Bu isə əslində düzgün yanaşma deyil, ilk növbədə ona görə ki, onların böyük əksəriyyəti Bakıda tikinti və xidmət sektorlarında günəmuzd və ya müqavilə ilə çalışır, normal əmək müqavilələri də yoxdur. Bəzən elə olur ki, qazandıqları kirayə və sairə xərcləri güclə ödəyir. Ancaq onlar bölgələrdə normal əmək münasibətləri şərtləri ilə işləməklə həm öz normal gəlirlərini təmin edə, həm də əlavə iş stimulları, kiçik biznes və ailə təsərrüfatları yarada bilərlər".

 Millət vəkilinin sözlərinə görə, Bakıda axının olması o demək deyil ki, bölgələrdə iqtisadi imkanlar zəifdir və paytaxtla regionlar arasında qeyri-bərabər iqtisadi inkişaf mövcuddur: “Bu belə deyil, hazırda regionların tarazlı və dinamik inkişafı üçün kifayət qədər işlər görülüb ki, bu da rayonlarda iqtisadi resursların hərəkətliliyini təmin edib, bölgələrdə dinamik inkişaf möhkəmlənib. 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə həyata keçirilmiş dövlət proqramları regionlarda və ümumilikdə ölkəmizdə qeyri-neft sektorunun inkişafına  səbəb olub. Dövlət proqramlarının icrası sayəsində ümumi daxili məhsul 3,4 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 3,5 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Dövlət proqramları çərçivəsində son 2 milyondan çox iş yeri yaradılıb ki, onun da yarısı regionların payına düşür”.

A.Hüseynov qeyd edib ki, son illərdə regionlardan paytaxta insan axını kifayət qədər azalıb, hətta əks proses də müşahidə edilir, paytaxtdan rayonlara qayıdış özünü göstərir və insanlar kənd təsərrüfatı, heyvandarlıq, arıçılıqla məşğul olmağa üstünlük verirlər: “Çünki kənd təsərrüfatında bir çox sahələrə subsidiyalar verilir və həmin vəsaitlərin həcmi artmaqdadır. Eləcə də pambıqçılığa böyük maraq var və on minlərlə insan bu sahədə əmək fəaliyyəti ilə məşğuldur. Habelə rayonlarda taxılçılıq, üzümçülük, baramaçılıq, heyvandarlıq də inkişaf etməkdədir ki, burada da əsas amil rayonlarda insanların bu sahələrdə məşğulluğunun artması ilə bağlıdır. Pandemiyadan sonra turizm və xidmət sahələrində canlanmanın baş verməsi də rayonlarda işləyənlərin sayını artırır”.

Hüseynov əlavə edib ki hazırda regionlarda kifayət qədər zəruri infrastrukturlar yaradıb ki, bu da istehsal, emal və xidmət sahələrini inkişaf etdirməyə yaxşı fürsət verir. Eləcə də iş fəallığı üçün maliyyə-bank-kredit resurslarına çıxış yaradılıb ki, bu da rayonlarda sahibkarlığa başlamaq imkanları deməkdir. Yəni bölgədə də kifayət qədər iş qurmaq, zəngin iqtisadi potensialı hərəkətə gətirmək üçün imkanlar var”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb. 

Hazırladı: Afaq MİRAYİQ 

 

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR