İnsanlara hürriyət, millətlərə istiqlal!

“Regionlarda sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsinə ehtiyac var”

772 03.02.2023 11:47 Media A A

Eyyub Kərimli:  “Vergilər Nazirliyi tərəfindən yoxlamalar azalsa da, bəzi hallarda cərimələrin daha böyük olmasını müşahidə edirik”

Qarşıdakı onillikdə dünyada hər 10 iş yerindən 7-sinin kiçik və orta sahibkarlar tərəfindən yaradılacağı gözlənilir. Prezident İlham Əliyevin sistemli islahatları nəticəsində xüsusilə son illərdə kiçik və orta sahibkarlığın maliyyə dayanıqlılığının artırılması, aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər verilməsi, eləcə də kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi, müxtəlif iqtisadi xidmətlərin "bir pəncərələr» vasitəsilə həyata keçirilməsi, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların azaldılması, icazələrin asanlaşdırılması istiqamətində xeyli işlər görülüb.

Bununla belə, regionlarda illərdir ki, sahibkarlar inhisarçılar tərəfindən yaradılan bir sıra maneələrlə üzləşirlər ki, bu da azad sahibkarlığın inkişafını əngəlləyən başlıca amillərdən sayılır. Elə bir gün öncə deputat Etibar Əliyev də Milli Məclisdəki çıxışında bununla bağlı məsələyə toxunub. O deyib ki, vergilər sahəsində yoxlamalar dayandırılıb: “Ancaq bizə müraciətlərdən və ciddi mətbuat orqanlarında rast gəlirik ki, sahibkarlar gömrük orqanından, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən narazıdırlar. Gömrük Komitəsi yenə də inhisarçılıqla məşğuldur. Sahibkarları lazımsız sənədlərin içində boğurlar. Milli Məclis elektron xidmətlərin rasionallaşdırılması məqsədilə qanunlara dəyişikliklərə səs verib. Azərbaycan Akkreditasiya Mərkəzindən sertifikatı olan şirkətlər incidilir. Onların əlini işdən soyudurlar. Düşünürəm ki, sahibkarlara dəstək olan vergi sahəsində aparılan yoxlamaların dayandırılmasına kölgə salınmamalıdır. Bu, "bir addım irəli, iki addım geri" olmamalıdır".

Qeyd edək ki, Milli Məclisin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. Sənədə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılması təsdiqləndi.

Regionlarda sahibkarlığın inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır?

Eyyub Kərimli: “Rusiya-Ukrayna müharibəsi bitməsə, çörək yenə bahalaşa  bilər”

Eyyub Kərimli

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ölkədə son illər sahibkarlığın inkişafı ilə bağlı xeyli işlər həyata keçirilir: “Sahibkarlığın dəstəklənməsi ilə bağlı müvafiq dövlət qurumları yaradılıb. Güzəştli kreditlərin əlçatanlığı təmin edilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Lakin bunlara baxmayaraq xeyli problemlər də öz həllini tapmamış qalıb. Əsasən gömrükdə baş verən və son korrupsiya hallarının da aşkarlanması göstərir ki, əsas problemlərdən biri gömrükdə olan qanunsuzluqlardır. Sahibkarlar tərəfindən idxal olunan məhsulların bəzən gecikdirilməsi, süründürməçilik,  əsassız sənədlərin tələb edilməsi, öz mülahizələrinə görə rüsumların təyin edilməsi əsas idxal problemi yaradan amillərdən biridir. Həmçinin inhisarçılıq meylləri, rəqabət imkanlarının qeyri-bərabər olması sahibkarlığın inkişafına əhəmiyyətli problemlər yaradır. Həmçinin regionlarda sahibkarlığın inkişafı üçün müəyyən problemlər var. Qeyd edim ki, regionlarda güzəştli kreditlərin əlçatan olması ilə bağlı əhəmiyyətli problemlər var. Eləcə də əkin-biçin, örüş yerlərinin böyük monopolistlər, zəngin insanlar tərəfindən zəbt edilməsi sahibkarlığın və fermer təsərrüfatının inkişafının qarşısını alır. Digər tərəfdən, Rəqabət Məcəlləsinin uzun müddət qəbul edilməməsi ölkədə bazarın liberallaşdırılmasına mənfi təsir göstərir və rəqabət imkanlarını azaldır. Bu gün Vergilər Nazirliyi tərəfindən yoxlamalar azalsa da, bəzi hallarda biz cərimələrin daha böyük olmasını müşahidə edirik. Bu da sahibkarlığın fəaliyyətinə mənfi təsir göstərən amillərdən biridir. Həmçinin hesab edirəm ki, idxal məhsullarında rüsumların böyük olması, əlavə xidmətlərin olması, bu xidmətlərə böyük rüsumların tətbiq edilməsi də problemlər yaradır və bahalaşmaya yol açır”.

Ekspert əlavə edib ki, inhisarçılıq meylləri hələ də davam etməkdədir: “Əsasən də şəbəkə marketlərin kiçik marketləri təzyiq altında saxlaması, bazardan sıxışdırıb çıxarmasına da öz təsirini göstərir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Amma bu sahədə problemlər yenə də qalmaqdadır. Dövlət  tərəfindən daha ciddi tədbirlərin həyata keçirilməsinə, nəzarət mexanizminin tətbiq edilməsinə ehtiyac var. Regionlarda yaşayan sahibkarlara da vergi güzəştlərinin tətbiqinə ehtiyac var. Regionlarda daha çox emal və istehsal sahəsi ilə məşğul olan sahibkarlar üçün güzəştli şərtlərin və şəraitin yaradılmasına ehtiyac var ki, bu həm regionlarda məşğulluq proqramını, həm də sahibkarlığın inkişafını təmin edə bilsin”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Regionların sosial-iqtisadi inkişafının təşvif edilməsi" mövzusunda hazırlanıb.

Hazırladı: Afaq MİRAYİQ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR