İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: "Niyə hələ də "Google" və "YouTube"un Azərbaycan təmsilçiliyi yoxdur?"

1335 10.03.2023 13:09 Media A A

"Biz informasiya müharibəsinin içərisindəyik. Sahədə müharibə dayanıb, amma infosektorda müharibə gedir və bu müharibə heç bir zaman dayanmayacaq".

Musavat.com xəbər verir ki, bu sözləri "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arufoğlu Mətbuat Şurasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə təşəbbüsü ilə "Kütləvi informasiya vasitələrinin kibertəhlükəsizlik problemləri" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Rauf Arifoğlu qeyd edib ki, ölkəmizə olan kibertəhdidlərdən yetərincə qorunmuruq. O, bu günlərdə "TV Musavat"ın kiberhücuma məruz qalmasını xatırladıb:

"Bu hücum zamanı dövləti yanımızda hiss etdik, bizə mənəvi, informativ dəstək verildi. Buna görə ETX və DTX-ya minnətdarıq. Amma bilməliyik ki, bizə - istər fərdi, istərsə də media komponentlərimizə, bütövlükdə ölkənin informasiya sektoruna kənardan zərbələr hər zaman olacaq. Media qurumları da, dövlətin müvafiq strukturları məsələyə daimi hücum modunda yanaşmalıdır. Əlbəttə ki, bu məsələ ilə bağlı biz də media qurumları olaraq, müəyyən protokola uyğun olaraq davranmalıyıq. Ölkənin ən populyar platformalarından biri olan "TV Musavat" kiberdələduzlar tərəfindən oğurlanan zaman mən özüm də ardıcıl şəkildə müəyyən dini qruplar tərəfindən təhdidlər alırdım. Bunların üst-üstə düşməsi müəyyən şübhələr yaradır. Bu olaydan əvvəl isə bizim 200 mindən çox izləyicisi olan "Facebook" səhifəmiz şikayət əsasında sıradan çıxarıldı. Bu səhifəmiz çox aktiv idi. Biz onu yenə də şəxsi kanallardan istifadə edərək qaytara bildik. Lakin yenidən şikayət olundu və yenə də əlimizdən getdi. Biz öz imkanlarımız daxilində özümüzü müdafiə edirik, amma bu prosesdə gördüm ki, bizim əməkdaşlar aidiyyəti qurumlardan bir addım öndədirlər. Bunu etiraf edək ki, kritik məqamlarda bizə dəstək olacaq mütəxəssislər o qədər də çox deyillər".

Rauf Arifoğlu bildirib ki, ölkədə kiberhücumların qarşısını alacaq mütəxəssis çatışmazlığı var:

"Ümumiyyətlə, bir mütəxəssis çatışmazlığı hiss etdik. Media qurumunda çalışan iki gəncin etdiklərini gördüm və müşahidə etdim ki, onlar sırf "YouTube" üzrə platformada dövlət qurumlarından daha öndə, daha sürətli idilər. Artıq yazılı, şrift informasiyası "demode"dir. Hər kəs yeni sosial şəbəkə platformalarına, o cümlədən "YouTube", "TikTok"a keçmək istəyir. Demək ki, hər kəsin gələcəkdəki planları təhdid altındadır. Bu məsələ barəsində ciddi şəkildə düşünmək lazımdır. Niyə "Google"un, "YouTube"un Azərbaycanda təmsilçilikləri, ofisləri yoxdur?"

Rauf Arifoğlu digər məqamlara da toxunaraq, "TV Musavat"ın geri qaytarılması nümunəsində görülən praktik işlərdən danışıb.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR