İnsanlara hürriyət, millətlərə istiqlal!

Qulu Məhərrəmli: “Bəzi tv aparıcıları həqiqətən də mənəvi aşınmaya məruz qalıb”

680 11.03.2024 21:23 Gündəm A A

Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. 

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.

Bəs bu xəbərdarlıq televiziya kanallarındakı mövcud vəziyyəti dəyişə biləcəkmi?

Mövzu ilə bağlı tele-tənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Mən belə hesab edirəm ki, yaradıcılıq məsələləri heç bir halda administrativ, inzibati yolla həll olunmur.

Bir çox hallarda televiziya rəhbərlərinin özləri telekanallardakı vəziyyəti hər kəsdən yaxşı bilirlər. Doğrudur, onların arqumenti ondan ibarətdir ki, “televiziya yaşamalıdır, reklam almalıdır, onun nəticəsi kimim maddi cəhətdən özünü təmin etməlidir”, amma dəfələrlə bu mövzu həm parlamentdə qaldırılıb, həm də cəmiyyətdə müzakirə olunub ki, bu cür şou  proqramların səviyyəsi artırılsın, düşük, bayağı, bayağı, insanların şəxsi taleyinə müdaxilə yol verilməməlidir. Təəssüflər olsun ki, bütün bunların deyilməsinə baxmayaraq, yenə də adları çəkilən məlum telekanallarda bu cür verilişlər davam edir. Bu bir dalğaya bənzəyir - müəyyən bir pauza yaranır, o cür verilişlər yığışdırılır,  amma bəlli zaman keçəndən sonra yenidən ekranlarda qasırğa başlayır. Ona görə də düşünürəm ki, bütün bunların hamısı telekanalların özünün siyasətinin nəticəsidir.

İctimai rəy mütləq nəzərə alınmalıdır. Vaxtilə bizim maraqlı şou proqramlarımız, aparıcılarımız olub. Onlar kifayət qədər proqramları maraqlı edən dramaturji gedişlər, mövzular, tapıblar. Əlbəttə ki, insanları bir-birinə vuruşduran, etikaya  uyğun olmayan situasiyalar yaratmaq, sensasiyalı vəziyyətləri həddən artıq şişirtmək, ailələr, cəmiyyət üçün xarakterik olmayan nüansları ümumiləşdirməyə çalışmaq, insanları alçaltmaq, aşağılamaq, onların heysiyyatına toxunmaq kimi nüanslar tamaşaçıları qıcıqlandırır.

Bəs necə olmalıdır, bunun qarşısı alınacaq, ya yox? Hesab edirəm ki, hər şey məqsəddən asılıdır. Əgər televiziya rəhbərləri istəsələr ki, bu cür hallar olmasın, o zaman bu halların qarşısı alınacaq. Eləcə də Audiovizual Şura  qanuna uyğun olaraq, etik sərhədlərin qorunması ilə bağlı təpkilər versə düşünürəm ki, bu, ciddi nəticələrə gətirib, çıxaracaq.

Daha önəmli olan - şou proqramların gətirdiyi maliyyəni, maddi vəsaiti kompensasiya etmək haqqında düşünməliyik. Məsələn, bizdə maarifləndirici proqramlar demək olar ki, yoxdur, hamı şounun üzərinə qaçır. Səviyyəli şou, maarifləndirici  proqramları reallaşdırmaq üçün televiziyalara bəlli bir miqdarda kompensasiya verilməlidir ki, onlar ən aşağısı əmək haqqını, özünü yaşatmaq üçün  lazım olan vəsaiti təmin edə bilsinlər. Çünki hər şey gedib maddiyata bağlanır. Beləliklə. Hesab edirəm ki, özəl televiziyalara müəyyən bir kompensasiya verilsə, bu halların qarşısı alınar. Yəni məsələn, müəyyən qədər kompensasiya verilir və deyilir ki, “siz də bunun qarşılığında keyfiyyətli şou proqramlar hazırlayın, bunun üzərində ciddi işləyin, lisenziyalaşdırılmış  proqramlar alın və onu burada tətbiq edin”.

Beləliklə, yanaşmanı sağlamlaşdırmaq, onun üzərində siyasət qurmaq, insan şəxsiyyətini alçaltmayan proqramlar üzərində düşünmək lazımdır.  Bəzi aparıcılar həqiqətən də ciddi mənəvi aşınmaya məruz qalıb. Onları məncə dəyişmək lazımdır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR