İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “İslahatlar aparmadan, dövlətin yükünü azaltmadan bunları etmək çox çətin olacaq”

836 14.11.2018 17:21 Gündəm A A

“Əgər respublikada doğuşun sayı aşağı düşübsə, bu, bizi ciddi şəkildə düşündürməlidir. Bir çox hallarda, sosial vəziyyət aşağı olduqda, gənclər uşaq dünyaya gətirmək istəmirlər. Bu baxımdan düşünürəm ki, ölkəmizdə uşaqlara müavinətin verilməsi ilə bağlı islahatlar həyata keçirilməlidir”.

Deputat Qüdrət Həsənquliyev bu fikirləri “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı söylədi.

Deputat qeyd etdi ki, Avropa ölkələrində 18 yaşına qədər uşaqlara müəyyən müavinətər verilir: “Bu müavinətlərin məbləği təxminən 200 avro təşkil edir. Adətən, insanların soial vəziyyəti aşağı olanda onlar ailə qurmaq, yaxud dünyaya uşaq gətirmək istəmirlər. Azərbaycanda da bu sahədə müəyyən islahatlarla nail olmaq olar. Hər şeyi islahatlar həll edir. Biz islahatlara getməsək, bu problemləri həll edə bilməyəcəyik. Bu, hər birimizi ciddi şəkildə düşündürməlidir”.

Q.Həsənquliyevin sözlərinə görə, islahatlardan biri dövlət büdcəsindən bəzi müəssiələrin maliyyələşməsinin azaldılmasıdır: “İslahatları başlamaq üçün ilk növbədə idarəetmə xərcləri azaldılmalıdır. Gələn il Azərbaycanda büdcə vəsaitinin hesabına çalışanların 19 min 300 nəfər artırılması planlaşdırılır. Mətbuatdan oxudum ki, Ermənistanda gələn il büdcədən maliyyələşən insanların 150 min ixtisarı nəzərdə tutulur. Biz çalışmalıyıq ki, maksimum az sayda insanlarla daha çox iş görək və büdcə xərclərini maksimum azaldaq. Bir çox müəssisələr var, məsələn, “Azrkosmos”, “Azərişıq”, “Azərsu”, “Azəristilik”, “Azərqaz”, səhmləri dövlətə məxsus olan səhmdar cəmiyyətlər var, onları özəlləşdirməyin çoxdan vaxtı gəlib çatıb. Burdan həm büdcəyə böyük pullar daxil ola bilər, həm də həmin şirkətlər gələcəkdə büdcəyə vergi ödəyərlər. Gələn il energetika və sənayeyə 782,9 milyon manat vəsait ayrılacaq. Gəlin görək bu sektor büdcəyə nə qədər vergi verib? Ona görə də bu xidmət sahələrini mütləq özəlləşdirmək lazımdır. Yaxud uzun müddətə idarəetməyə verilməlidir. Bu halda 2-3 ildə biz büdcəmizi 40-50 milyard həddinə qaldıra bilərik. O halda pensiyaları da, uşaqpulunu da verə biləcəyik. Amma bu islahatları aparmadan, dövlətin yükünü azaltmadan bunları etmək çox çətin olacaq”.

E.PAŞASOY,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR