Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında hökumət üzvləri qarşısında bir sıra təkliflərlə çıxış etdi.
O, əvvəlcə şəhid ailələrinin problemlərindən bəhs etdi: “Müəyyən sosial təbəqə və qruplar var ki, biz dövlət və cəmiyyət olaraq onların problemlərinə xüsusi diqqətlə yanaşmalıyıq. Onlara olan münasibət cəmiyyətimizin nə dərəcədə sağlam və mədəni olmasını şərtləndirir. Ona görə də ilk növbədə şəhid ailələrinə prezidentin fərmanına uyğun olaraq verilməli olan 11 min manatlıq birdəfəlik yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq, hər bir şəhid ailəsinə verilməlidir”.
Deputat ardınca aldığı müraciətə istinad etdi: “Bu gün səhər 96 şəhid ailəsi mənə məktubla müraciət edib və xahiş ediblər ki, mən onların problemlərini hökumət üzvlərinin diqqətinə çatdırım. Hesab edirəm ki, hökumət – Allaha şükür, imkanımız var - hər bir şəhid ailəsinə hər il ən azı 1000-2000 manatlıq yardımlar edə bilər”.
Q.Həsənquliyev şəhid ailələri və Qarabağ əliləri üçün mənzil tikintisinin vəziyyətinə də diqqət çəkdi: “Bu məqsədlə 45,5 milyon manat vəsait ayrılıb. Eyni zamanda qaçqınlar üçün mənzil tikintisinə 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Təqribən onların ikisi qədər, 244,4 milyon manat təkcə idman obyektlərinin tikintisinə ayrılıb. Mən hər dəfə bu məsələni qaldırıram ki, hökumət üçün uzun illərdir mənzil növbəsində dayanan insanlar –onların bir çoxu artıq yaşa dolub - yoxsa yeni idman oyektlərinin tikintisi önəmlidir? İnvestisiya proqramı çərçivəsində gələn il 114 obyektin təhvil verilməsi nəzərdə tutulur ki, bunların 60-ı yeni obyektdir. Orada müəyyən ixtisarlar aparılmalıdır və bu vəsaitlər ən azı iki-üç dəfə artırılmalıdır ki, qısa müddətdə biz bu insanları mənzillə təmin edə bilək”.
Q.Həsənquliyev pensiyaların artırılması barədə Maliyyə Nazirliyi qarşısında məsələ qaldırdı. Həmçinin iqtisadiyyatın inkişaf tempinin artmasına nail olmağı vacib saydı: “Vergi siyasətində son vaxtlar islahatlar aparılır, çox təqdirəlayiqdir. Amma iqtisadiyyatı inkişaf etdirmək üçün ilk növbədə iqtisadiyyata investisiyalar qoyulmalıdır. Hesab edirəm ki, Neft Fondundan böyük həcmdə vəsaitlər gətirilməli və yerli banklarda saxlanılmalıdır. Bu, həm bankların inkişafına töhfə vermiş olar, həm də sahibkarlığın inkişafına stimul verər. Bu gün ölkədə manatın kursunun sabitləşməsi çox müsbət haldır. Bu gün Dünya Bankının hesabatına görə, biznes üzrə biz 57-ci yerdən 25-ci yerə gəlmişik. Amma ölkəyə ciddi surətdə kapital qoyulmayacaqsa, bunlar yetərli deyil”.
E.PAŞASOY,
Musavat.com