İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya təhdidi ilə əlaqəsi yoxdur

1387 23.04.2024 10:48 Ölkə A A

Dünəndən başlayaraq radikal dairələrdə “ABŞ-nin Azərbaycana qarşı sanksiya hazırlığı” haqda iddialarla Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını bir-birinə calaq etmək cəhdləri müşahidə edilir. İctimai rəyə sırımağa çalışdıqları əsas tezis budur ki, guya məhkəmənin İbadoğlu haqda qərarı okeanın o tayından gələn “sanksiya” xəbərlərinin birbaşa nəticəsidir. Özlərinə ultraliberallar deyən, əslində Azərbaycana qarşı olan bütün qüvvələrə bu və ya digər formada mirzəlik edənlərin bəziləri bunu “ABŞ-nin gücü”, bəziləri “Azərbaycanın geri çəkilməsi” kimi qələmə verir. Əslində isə bu gülünc fikirlərlə təkcə gerçək simalarını deyil, həm də siyasi və hüquqi savadlarının nə qədər kasad olduqlarını artıq neçənci dəfədir nümayiş etdirirlər. 

Musavat.com xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, əvvəla, bu iddianı ortaya atanlar anlamırlar ki, istintaq altında olan şəxsin ev dustaqlığına buraxılması bir, yaxud bir neçə gün ərzində verilən qərar deyil. Bunun üçün uzun müddət davam edən hüquqi prosedur lazımdır. Bu baxımdan, Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının hansısa “sanksiya siyahısı” ilə əlaqəli olması, bu qərarın iddia olunan “siyahı” ilə eyni gündə, hətta eyni saatda verilməsi təkcə hüquqi baxımdan yox, texniki olaraq da mümkün deyil.

Reallıq odur ki, İbadoğlunun ev dustaqlığına buraxılması haqda qərar bir aydan artıqdır ki, gündəmdə idi və bu müddətdə müvafiq hüquqi prosedur nəzərdən keçirilirdi. Nəhayət, dünən qərar qəbul olundu. 

Aydındır ki, bu iki məsələnin bir-birinə calanması və ictimai rəy üzərində manipulyasiyaların hədəfi hakimiyyəti gücsüz göstərmək cəhdidir. Əslində, köhnə taktikadır. Hələ təəccüblüdür ki, bunların nə əcəb “bizim hazırlaşdığımız möhtəşəm mitinqdən qorxdular” demək ağıllarına gəlmir? Utanmasalar, bir az da irəli gedərək “sülhməramlıların Qarabağdan çıxması da bizim mitinqlə bağlıdır” deyərdilər.

Nə isə, qayıdaq İbadoğlu ilə paralel gətirilən ABŞ “sanksiyası” mövzusuna. 

Əvvəla, bu təşəbbüsün perspektivsizliyi şübhə doğurmur. Çünki bu cür sənədlərin qəbul edilməsi proseduru uzunmüddətlidir və təcrübə göstərir ki, adətən belə təşəbbüslər qısa müddətdə gündəmə gəlir, daha sonra aradan qalxır. Çünki məsələyə əvvəlcə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində baxılmalı, orada təsdiqlənərsə, Nümayəndələr Palatasında səsverməyə çıxarılmalıdır. Səsvermədən keçəcəyi halda Senatın Xarici İşlər Komitəsində baxılmalı, orada qəbul olunarsa, Senatda səsverməyə çıxarılmalıdır. Senat tərəfindən qəbul edilərsə, imzalaması üçün ABŞ prezidentinə təqdim edilməlidir.

Digər tərəfdən, “sanksiya siyahısı” ilə bağlı təşəbbüs Nümayəndələr Palatasına rəsmi olaraq təqdim edilmədiyi üçün qeydiyyatda yoxdur və rəsmi mətni də tam məlum deyil. Mediada sadəcə iddia olaraq yayılıb və aydın görünür ki, bu təşəbbüsün inkişaf etdirilməsi üçün xüsusi sürətli prosedur nəzərdə tutulmur. 

Yəni, belə bir sənədin qəbul ediləcəyi özü böyük sual altındadır. Odur ki bizim üçün maraqlı olan bu prosedurdan çox, onun təşəbbüskarlarıdır.

Təşəbbüsün müəllifi Nümayəndələr Palatasının üzvü, ermənipərəst konqresmen Dina Titusdur. D.Titusun erməni maraqlarına xidməti haqda məlumat ANCA-nın rəsmi saytında qeyd olunur

Və simvolik haldır ki, Titus “Azərbaycanda sanksiyalara baxış aktı” adlandırılan sənəd haqda “anons”u ötən həftə qondarma “erməni soyqırımı”nın anım mərasimində çıxışı zamanı vermişdi. Yəni, bu “anons”un Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən keçirilən tədbirdə səslənməsi “sanksiya siyahısı” planının məqsədinin “insan haqlarının müdafiəsi” yox, qondarma “soyqırım” ərəfəsində erməni lobbisinə özünəməxsus “hədiyyə” etməkdir. Bunu Tutus həmin çıxışında açıq-aydın bildirib: “Bu akt, “Artsax”da etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyaların qəbulunu nəzərdə tutur, onların cavab vermələrinin vaxtıdır”. 

Yəni, bu siyahının təşəbbüskarı 5 gün əvvəl erməni lobbisinin təşkil etdiyi və qondarma “erməni soyqırımı”na həsr olunan tədbirdə açıq mətnlə bildirir ki, Azərbaycana qarşı hazırladığım layihə “Arsaxta etnik təmizləmə edənlərə qarşı” hazırlanır! 

Göründüyü kimi, ermənipərəst konqresmenin irəli sürdüyü və qondarma “erməni soyqırımı”nın anım mərasimində təqdim etdiyi təşəbbüsün Azərbaycanda “insan haqları” ilə heç bir əlaqəsi yoxdur, söhbət suverenliyini bərpa etmiş Azərbaycandan qisas almaq cəhdindən gedir. “Sanksiya siyahısı”na adı salınan Azərbaycan rəsmiləri və hərbçilərinin də ən “böyük günahı” ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasında canlarını qoymasıdır. Hədəf seçilən şəxslər, əsasən 44 günlük müharibədə torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşən yüksəkrütbəli hərbçilərimiz, eyni döyüşü diplomatik cəbhədə aparan rəsmilərimizdir. Misal üçün, 44 günlük müharibədə işğalçı erməni ordusunun kabusu olan Xüsusi Təyinatlı Qüvvələrin komandanı olmuş, hazırda müdafiə nazirinin müavini olan Hikmət Mirzəyevin adı “sanksiya siyahısına” daxil edilib. Erməni lobbisi XTQ-yə rəhbərəlik etmiş generaldan, o cümlədən digər yüksəkrütbəli hərbçilərimizdən açıq-aşkar qisas almaq istəyir. Bu qisasın hədəfi ümumilikdə Azərbaycan dövlətidir. 

Lakin bu siyahını hazırlayanlar da, onlara daxilimizdən “züy tutanlar” da diqqəti tamam başqa istiqamətə yönəldərək sənədi “insan haqlarının qorunması” kontekstində təqdim edir. Sənədin məhz Q.İbadoğlunun ev dustaqlığına buraxıldığı gün tirajlaması da bununla bağlıdır. 

Bu planda həvəslə yer alanlar, İbadoğlu ilə uydurma “sanksiya siyahı”sını bir-birinə calayaraq, bundan “qələbə” görüntüsü yaradanlar açıq şəkildə erməni lobissinin Azərbaycana qarşı çirkli oyununun iştirakçısına çevriliblər. O qədər eyforiyaya qapılıblar ki, ABŞ-nin qanunverici orqanlarında heç bir qeydiyyatı olmayan “sanksiya siyahısı” iddiasını artıq “qəbul edilmiş” kimi təqdim edirlər. Və bununla yalnız hüquqi-siyasi baxımdan diletant olduqlarını deyil, Vətənə və dövlətə münasibətlərini də növbəti dəfə tam çılpaqlığı ilə ortaya qoyurlar.

Erməni lobbisinin 24 aprel “soyqırımı”nın ildönümü ərəfəsində Azərbaycana qarşı ortaya atılan təxribat planına açıq dəstək verən “azərbaycanlılar”ın bir qismi Qərb ölkələrinin paytaxtlarında ermənilərə mirzəlik edir, bir qismi də ölkə daxilində xaricdən verilən göstərişlərlə “müxalifətçilik” oynayanlardır. Birbaşa suverenliyimizə qarşı yönəlmiş qisas planını “qələbə” kimi təqdim edənlər, az qala qol götürüb oynayanların əməllərinin bir adı var – yaramazlıq! Çünki məqsəd nə insan haqları, nə demokratik dəyərlər, nə Azərbaycan dövləti, nə də milli maraqlardır. Yeganə məqsədlər hakimiyyətə qarşı hücum etmək və bundan siyasi xal qazanmaqdır. Bu yolda hər şeyi mübah görürlər, hətta Azərbaycana qarşı “etnik təmizləmə, soyqırımı” kimi iddiaları belə dəstəkləyirlər. 44 günlük müharibədə Azərbaycan hakimiyyətini ermənilərin “müharibə cinayətləri” iddiaları ilə ittiham edənlər indi erməni lobbisinin “etnik təmizləmə” iddiasına dəstək verdiklərini gizlətmirlər. 

Bütün bunların fonunda sual yaranır: Azərbaycanın düşməni kimdir, erməni lobbisi – Dina Titus kimi ermənipərəst konqresmenlər, yoxsa dövlətimizə qarşı məkrli planlara dəstək verən, milli və dövlət maraqlarını ambisiyaları naminə satan “azərbaycanlılarmı?!”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR