İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşqaroğlunun unikal adı – 20 ildən sonrası maraqlıdır

1696 19.02.2024 14:10 Yazarlar A A

 

Təvazökarliqdan Xantı-Mansı muxtar dairəsinin Nijnevartovsk şəhəri qədər uzaq olsa da, qürur duya-duya deyim ki, Rusiyada yeni doğulmuş körpəyə Vladimir-Putin adı qoyan adamın bizimkilərdən olacağından şübhələnmişdim.

İlk informasiyada yalnız bir ipucu vardı, türkün sözü. Uşağın soyadı, milliyyəti göstərilmirdi, amma dərc olunmuş doğum şəhadətnəmizsinin ata adı qrafasında “Qoşqaroviç” yazılmışdı.

Düzdür, bu, yəhudilərin “Qerşkoviç”inə də oxşayır, amma bilənlər bilir ki, “Qoşqar” adı bizlikdir – Savalan, Altay, Elbrus, Kazbek və s. digər dağlardan götürülmə adlar kimi. (Yeri gəlmişkən, Qoşqar zirvəsi Daşkəsəndə dikəlir). Doğrusu, nədən uşaqlara Kəpəz adı qoyulmur, bilmirəm, amma Laçında Keyti adlı adamlar varmış. Qazaxlı qardaşlar Göyəzənlə fəxr edirlər, amma oğlan uşaqlarına o adı vermirlər. Allah tərəfi, Göyəzən də götürüləsi addır. O gün ölkəmizdə bu il doğulan körpələrə verilən adların siyahısı verilmişdi, çox biabırçı adlar vardı. Onu daşıyan uşaqlar gələcəkdə bu adları onlara qoyanlara söyəcəklər, yüz faiz.

Xüləs, bu başqa söhbətdir. Mən Nijnevartovskda doğulan oğlan uşağına Vladimir-Putin adı qoyan adamın bizdən olmasın təkcə “Qoşqar”a görə təxmin etməmişdim. Bizdə qədimdən belə bir adət-ənənə olduğunu bildiyimdən düşünmüşdüm ki, bu iş çıxsa-çıxsa bizdən çıxar. Hərçənd kim bilir, bəlkə elə bir şakər xantılarda, mansılarda, buryatlarda, tuvalılarda, xakaslarda da var.

Bizdə belə bir adətin olduğu qədimlərdən bəllidir. Biz hələ inqilabın ilk illərində uşaqlara Marksın və Leninin adını birləşdirərək Marlen adı qoymuş camaatıq. Vladlen (yəni Vladimir Leninin ad-soyadının qısaldılıb birləşdirilməsi) adını SSRİ məkanında biz icad etmişik. Ayrıca sovet dövründə bu ölkədə Marks, Engels, Voroşil (SSRİ-nin müdafiə naziri Kliment Voroşilovun şərəfinə) kimi adlar olub.

O vaxt beynəlmiləçi idik. Hər millətdən ad götürə bilərdik. Məsələn, almaniyalı kommunist Ernest Telmanın faciəvi ölümündən sonra ölkəmizdə minlərlə uşağa Telman adı qoyulmuşdu.

Hər kənddə ən azı iki Telman vardı. Bu təmayül, bəlkə də o adın milli adımız “Elman”a, “Fərman”a, “Dilman”a yaraşması üzündən idi.

Almanların məhbəsində ölən çex şairi Yulius Fuçikin adını da götürmüşdülər.

Hələ yaxşı ki, o vaxt Konqoda Moskvaya meylli baş nazir Patris Lumumda öldürüləndə və sovet təbliğatı onun adını göylərə qaldıranda bizimkilər qızışıb öz uşaqlarına Patris və ya Lumumba adı qoymadılar. (Bəlkə də az-az var). Biabırçılıq olardı, camaat “Petris-Petros” deyərdi. Özü heç, övladları adam içinə çıxa bilməzdilər.

Yadıma gəlir ki, 1977-ci ildə Çili kompartiyasının baş katibi Luis Korvalan diktator Pinoçetin gülləsindən qaçıb Moskvaya gələndə yeni doğulmuş bir uşağa Korvalan adı vermişdilər. Allahdan, sonradan məlum oldu ki, uşağın adı sənəddə başqa cürdür, milli addır. Amma o oğlan əsgərliyə gedənə qədər qonşular, tanış-bilişlər onu “Karvalan” çağırdılar.

Heç bilirsiniz, ölkədə 1990-91-ci il təvəllüdlü nə qədər Səddam var? N qədər. Bizimkilər bu adı oğlan övladlarına İraq diktatoru Səddam Hüseynin şərəfinə vermişdilər, çünki o, o vaxtlar ABŞ-a möhkəm dirəşirdi və bu, sovet adamı olaraq bizə ləzzət edirdi.

Söz yox ki, bunlar dövrün konyukturasına uyğun adlardır. Baxın, daha övladına İndira, Raciv, Fidel, Raul, Soyuz, Qaqarin adı qoyan yoxdur. Dövr dəyişib. İndi yeni konyukturaya uyğun adlar qoyulsa da, daha çox milli adlar qoyulur. Müsbət yanaşaq, deyək ki, bu, rəğbətdən, riqqətdəndir.

Görünür, Qoşqar Piriyev də Nijnevartovskda doğulan oğluna Vladimir-Putin adını RF prezidentinə rəğbətindən qoyub. Sağ-salamat böyüsün. Ancaq Vladimir-Putin yekəlib yekə kişi olanda, onun ad-soyaddaşı hakimiyyətdən getmiş və “xalq düşməni” çıxarılmış (Rusiyada belə şeylər həmişə olur) ola bilər, bax, onda Qoşqar bəyin oğluna adıyla bağlı müəyyən problemlər yaranacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR