İnsanlara hürriyət, millətlərə istiqlal!

“QMİ öz məscid axund və imamlarını təftiş etməlidir” - ekspert

1272 01.07.2022 10:00 KİVDF layihələri A A

Azər Hüseynov: “Dindar öz idealını ölkədən kənarda axtarmamalıdır”

Azərbaycan  tolerantlıq və dini dözümlülük baxımından hər zaman digər ölkələrə  nümunə olub. Ölkəmizdə digər dindən olan millətlərin birgə əmin-aman şəkildə yaşaması artıq bir ənənədir. Amma son dövrlər bu ənənəni pozmağa, ölkəmizdə qarşıdurma yaratmağa cəhdlərin olduğu barədə narahatlıq var.

Elə bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanatda da bu barədə açıq şəkildə ismarışlar var. Bəyanatın mətnində deyilir: “Təəssüflər olsun ki, Azərbaycanda hökm sürən tolerantlıq və dinlərarası, məzhəblərarası harmoniya mühitində dövlətimizin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr tərəfindən ölkəmizdəki ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat meylləri müşahidə olunmaqdadır. Beynəlxalq qurumlara və dünya ictimaiyyətinə ölkəmiz haqqında böhtan və qarayaxma xarakterli məlumatların ötürülməsi, Azərbaycanın demokratik imicinə qarşı heç bir obyektiv reallığa əsaslanmayan çirkin təbliğatın aparılması, cəmiyyətimizin ən dəyərli üzvləri - xalqımızın Vətən müharibəsindəki qələbəsi naminə canlarını fəda etməyə hazır olan, sağlamlığını itirən qəhrəman qazilərimizi təxribata çəkmək yönündə xaricdən idarə edilən və maliyyələşdirilən hərəkətlər də bu qəbildəndir”.

Bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bənzər bəyanatla çıxış etmişdi. Nə baş  verir? Təhlükə haradan qaynaqlanır?

QMİ-nin Həccə 65 yaş qadağası: qərar Səudiyyədən gəlib, yoxsa...

Azər Hüseynov

Mövzu ilə bağlı AG Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov  “Yeni Müsavat”a bunları dedi:  “Bu məsələyə təhlükəsizlik kontekstindən yanaşılarsa, hər halda, biri dövlət orqanıdır, müəyyən konkret məlumatlara istinad edir. Ümumiyyətlə, Azərbaycanda dini zəmində təfriqə yaratmaq məqsədləri həmişə olub. Çünki Azərbaycan geosiyasi yerləşməsi nöqteyi-nəzərdən Asiya ilə Avropanın qovşağında yerləşir. Azərbaycanda dini təfriqə salmaq cəhdlərinin biri də məmləkətimizi konkret olaraq hər hansı bir dini məzhəbə məxsus etməkdir. Azərbaycanda İslamın hər iki məzhəbinə mənsub olan şəxslər yaşayır. Ona görə də Azərbaycanı konkret olaraq hər hansı bir məzhəbə aid etmək ölkəni bölmək üçün əsas hazırlamaqdır. Ona görə ilk öncə bu cür ifadələrin işlədilməsi olduqca təhlükəlidir. Daha sonra, baxırsan bəzi şəxslər rəsmi ruhaniliklə bir olan tədbirdədir, daha sonra isə həmin şəxsi Azərbaycanın maraqlarına uyğun olmayan, konkret olaraq məzhəb qarşıdurmasına təşnə olan məkanlarda görürsən. Bax, bunlar ciddi siqnallardır. Hər halda, bu hallar diqqətdə saxlanılmalıdır”.

Ekspertin fikrincə, Azərbaycanda ciddi dini təhsil müəssisələri qurulmalıdır: "Bir də bu təhsil müəssisələrinə dindarlığı ilə seçilən şəxslər rəhbərlik etməlidir. Əgər siz kifayət qədər ciddi pullar töküb dini təhsil müəssisələri qurarsınız və sonra onların başına dindarın tanımadığı, dindarlıq baxımından örnək olmayan insanları gətirərsinizsə, bu, ciddi problemlərə səbəb ola bilər. Dindar öz idealını ölkədən kənarda axtarmamalıdır. Dini siyasət olduqca həssas bir mövzudur. Ona görə də xüsusilə QMİ öz məscid axundlarını, imamlarını bir təftiş etməlidir. Görsün ki, onların içərisində məzhəb təəssübkeşləri nə qədərdir?! Məzhəb dini anlamda bir yoldur, amma dinin özü, əsli deyildir. Digər tərəfdən, bir daha bu məsələyə qayıdıram, dindar və dövlət arasında səmimi, açıq və yumşaq bir ünsiyyət qurulmalıdır. Media sahəsində dindən yazanlar xüsusilə ciddi hazırlıq keçməlidir.  Dövlətin müvafiq qurumları bu məsələdə diqqətli olmalıdır. Cəmiyyəti sağlam saxlamaq üçün onun dominant dəyərlərinə ehtiram etmək lazımdır. Cəmiyyətin dominant dəyərləri onun dilinə, dininə, simvollarına bağlılığıdır. Məsələlərin təhlükəsizlik tərəfləri və ictimai-mədəni tərəfləri var. Birinci ilə xüsusi orqanlar məşğuldur. Onların sahəsi qapalı bir sahədir, müəyyən real informasiyalar əsasında iş görürlər. Ona görə bununla bağlı ancaq onu demək lazımdır ki, bu sahədə çalışanlarla ictimai mədəni sahədə çalışanlar arasında qarşılıqlı təcrübə və elmi mübadilənin olması lazımdır. İkinci sahə isə sırf olaraq maarifçilik fəaliyyətlərini əhatə edir. Azərbaycanda dindarların şəffaf və hüquqi əsaslarda vəqfləşməsi fəaliyyətlərinə yaşıl işıq yandırmaq lazımdır. Bu o deməkdir ki, dindar da digər vətəndaşlar kimi hüquqi əsaslarda və tələblərdə öz arzu və qayğılarını ifadə etsin. Bir misal deyim,  ölkənin elə qurumları var ki, orada gözləmə zamanı ana-uşaq otağı var, amma namaz otağı yoxdur. Bütün bunlar dindarı qeyri-hüquqi müstəviyə çəkmək istəyənlərin əlinə rəvac verir. Bu amilləri sıfıra endirmək lazımdır. Normal bir şəkildə, qanunun tələblərini pozmadan dindarların fəaliyyət göstərə bilən ictimai təsisatları olarsa, onlar nə üçün ictimai təhlükəli prosesə qoşulsun ki?! Əgər qoşularsa, o da digər vətəndaşlar kimi hüquqi müstəvidə cavab verər".

Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR