İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada 1 milyon insan blokadada: İsrail-HƏMAS danışıqları başladı...

421 09.05.2024 12:10 Siyasət A A

ÇAXAL “Rəfah” məntəqəsini nəzarətə götürüb və girovları azad edənə qədər əməliyyat davam edəcək; ABŞ İsrailə hərbi yardımı dayandırdı və Qahirədəki kritik müzakirələrdən atəşkəs nəticəsi gözləməkdədir

İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HƏMAS-la danışıqlar üçün Qahirəyə gedib. Əsas məqsəd Fələstin təşkilatını Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır. 

Heyətə MOSSAD və “Shin Bet” kəşfiyyat orqanlarının əməkdaşları cəlb edilib. BMT Baş katibi Antoniu Quterreş isə İsrailə çağırış edib. Baş katib Qəzza sektorundakı hadisələrlə bağlı İsraili danışıqlarda konstruktiv şəkildə iştirak etməyə çağırıb. “Qəzza zolağında atəşkəsin yaradılması üçün Qahirədə keçiriləcək danışıqların yeni mərhələsi İsrailin anklavda saxlanılan girovları sağ qaytarmaq üçün son şansı olacaq”. HƏMAS hərəkatının adının açıqlanmasını istəməyən nümayəndəsi AFP-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, baş nazir Benyamin Netanyahunun Rəfah şəhərində hərbi əməliyyat keçirmək qərarı İsrailin girovların öldürülməsinə hazır olduğunu göstərir. Netanyahu isə bir daha xatırladıb ki, Rəfah əməliyyatı HƏMAS-ın məhv edilməsi və girovların azad edilməsi məqsədi daşıyır. İsrail ordusu Qəzza-Misir sərhədindəki “Rəfah” keçid məntəqəsini nəzarətə götürüb. Ordudan bildirilib ki, ərazinin ələ keçirilməsi nəticəsində 20 HƏMAS terrorçusu məhv edilib, 3 tunel ələ keçirilib. Yəni Qahirədə danışıqlara baxmayaraq, İsrail “Rəfah” əməliyyatını dayandırmayıb. O zaman danışıqların hansısa nəticə verəcəyini gözləmək olarmı? 

Hər halda, ABŞ Fələstinin HƏMAS hərəkatı ilə İsrail hakimiyyəti arasında atəşkəsin əldə edilə biləcəyinə inanır. Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, atəşkəs əldə edilə bilər. “Hazırda tərəfdaşlarımızla birgə atəşkəsə nail olmaq və girovları azad etmək imkanı verəcək razılaşma variantı nəzərdən keçirilir”. 

Rəfah və Kerem-Şalom nəzarət-buraxılış məntəqələrinin bağlanması nəticəsində Qəzza sektorundakı 1 milyon insan humanitar yardımdan məhrum olub. BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə Agentliyi məlumat yayıb. Qurumun təmsilçisi Yens Laerke bildirib ki, əraziyə dərman preparatları belə buraxılmır. Onun sözlərinə görə, agentlik tərəfdaşlarla vəziyyətdən mümkün çıxış yollarını müzakirə edir. Belə bir ağır şəraitdə ABŞ Rəfahdakı gərgin vəziyyət səbəbindən İsrail ordusuna 3,5 min aviasiya bombasının tədarükünü dayandırıb. Bu barədə “The Times of Israel” məlumat yayıb. Bunun oktyabrın 7-də başlanan hərbi əməliyyatlardan sonra ilk belə addım olduğu bildirilib. O da qeyd olunub ki, qərara təsir edən amillərdən biri İsrail hökumətinin regionda vəziyyətin daha da mürəkkəbləşəcəyinə dair xəbərdarlıqlara məhəl qoymamasıdır.

Ramiyə Məmmədova - Teleqraf.com

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova Qahirə danışıqlardan böyük nəticə gözləmir. Onun fikrincə, İsrail Qəzzanın demilitarizasiya edilməsini qarşısına əsas tapşırıq qoyub. Təhlilçi qısamüddətli atəşkəsi istisna etmir, lakin girovların qaytarılması ilə bağlı irəli sürülən şərtlərdə razılaşma əldə olunmasa, yenidən hərbi əməliyyatlar davam edəcək: “İş orasıdır ki, HƏMAS da İsrail həbsxanalarında olan üzvlərinin azad olunmasını tələb edir. Netanyahu hökuməti isə yəhudi girovların azadlığı qarşılığında HƏMAS üzvlərini vermək istəmir. Eyni zamanda yəhudi baş nazir Qəzzanın tam hərbsizləşdirilməsini hədəfləyib. Ona görə də Qahirə danışıqları yekun olmayacaq”. Siyasi şərhçi Qəzzada fəlakətin davam edəcəyi qənaətindədir və bu müharibə artıq İsrailin müttəfiqi olan ABŞ-ın ürəyincə deyil: “Pentaqon gücünü Ukraynaya səfərbər edib. İkinci cəbhə Birləşmiş Ştatlara lazım deyil. İsrail daxilində də Netanyahudan ciddi narazılıq var. Onun radikal baxışı müttəfiqləri qane etmir. Seçkidə sağçı qüvvələr məğlub olacaq. Bundan sonra Qəzza müharibəsi səngiyə bilər. Üstəlik, münaqişə bu şəkildə həll oluna bilməz. Hətta Qəzza şumlanıb yerlə-yeksan olunsa belə, HƏMAS davam edəcək, İsrail proksi qüvvələri dəstəyi artıracaq, Fələstin xalqının içindən yenə bir silahlı hərəkat çıxacaq. Ərdoğanın sülh formulu ən ideal təklifdir - müstəqil Fələstin dövləti qurulmadan problem həll oluna bilməz”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR