İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin müttəfiqlərinə qarşı ayrı-seçkiliyi: İsrailə hərtərəfli dəstək, Ukraynaya quru vəd

435 18.04.2024 16:45 Siyasət A A

İsrailin Suriyadakı İran obyektini raketlə vurmasına cavab olaraq, ötən şənbə İrandan İsrail ərazisinə yüzlərlə raket atılıb, pilotsuz uçuş aparatı (PUA) hücumu təşkil edilib. Gecə saatlarında baş verən hücumun qarşısını almaq üçün sadəcə İsrailin hərbi hava qüvvələri səfərbər olmayıb. Bu işdə onlara ABŞ və Böyük Britaniya hərbçiləri də köməklik göstəriblər. Hər iki ölkə öz müttəfiqini müdafiə etmək üçün hava hədəflərinin ovlanmasında yaxından iştirak edib. Nəticədə İranın atdığı raket və PUA-ların 99 faizi havada məhv edilib.

Maraqlı burasıdır ki, Yaxın Şərqdəki müttəfiqinə hərtərəfli dəstək göstərən, yeri gələndə onu hava hücumlarından müdafiə edən ABŞ və Böyük Britaniya Rusiya-Ukrayna müharibəsində eyni yanaşmanı sərgiləmir. Rusiyadan atılan raketlərin, PUA-ların məhv edilməsində Ukraynaya İsraildəki kimi köməklik göstərmir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bununla bağlı açıq şəkildə bildirib ki, ABŞ Ukraynaya İranın hücumu zamanı İsrailə kömək etdiyi kimi hava hədəflərini ovlamağa kömək etməyəcək.

 

Bu ayrı-seçkiliyə səbəb nədir? Nə üçün Qərb İsrailə hərtərəfli dəstək göstərir, amma hava hücumundan müdafiə məsələsində Ukraynaya yalnız quru vəd verməklə kifayətlənir?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ və müttəfiqlərinin Rusiyanın Ukraynaya hücumundan fərqli olaraq, İranın İsrailə hücumuna göstərdiyi qətiyyət bu hücumun əslində razılşadırılmış olması ilə bağlı idi.

Onun sözlərinə görə, ABŞ yeni bir münaqişə ocağında maraqlı olmayıb: “İsrailin İranla münaqişəsi ABŞ-nin bütün diqqətini məhz bu istiqamətdə yönləndirməsini diktə edəcəkdi. Yəni, həm ABŞ, həm də müttəfiqləri bütün güclərini məhz İrana qarşı səfərbər etməli idilər. O zaman Ukraynaya yetərli dəstək vermək mümkün olmayacaqdı. Rusiya da bu imkandan maksimum istifadə edəcəkdi. Resursları hər gün daha da azalan Qərb üçün güclərin parçalanması yaxşı nəticə vəd etmədiyi üçün ABŞ İranın hücumunu tez bir şəkildə dəf etməyə qərar verdi. Bununla da həm İsrail qarşısında təhlükəsizlik zəmanəti ilə bağlı öhdəliyini icra etmiş oldu, həm də müharibənin daha geniş miqyas almasının qarşısını aldı. Məsələnin ikinci tərəfi raket və dronların atıldığı məsafə, keçdiyi ölkələr, bir sözlə hava məkanının əlverişli olması ilə bağlı idi. Hücumun dəf edilməsi üçün imkanlar və şərait mövcud idi. Amma Rusiya-Ukrayna müharibəsində isə əksinə, Qərbin marağı müharibənin tezliklə bitməsində deyil. Münaqişənin daha uzun müddətdə davam etməsindədir. Çünki müharibənin daha uzun müddətdə davam etməsi Rusiyanın resurslarının tükənməsi baxımından, iqtisadiyyatının çökməsi baxımından önəmlidir”.

Y.Bağırzadə deyib ki, Qərb Rusiya-Ukrayna müharibəsindən istədiyini artıq alıb: “Məqsəd NATO-nun Şərqə doğru genişlənməsi idisə, hər nə qədər Ukrayna Şimali Atlantika Alyansının üzvü olmasa da, Finlandiyanın bu quruma üzvlüyü ilə istəyinə nail olub. Nəticədə NATO-nun Rusiya ilə sərhədləri iki dəfədən artıq böyüyüb. Digər məqsəd Rusiya iqtisadiyyatına zərbə vurmaq idisə, buna da nail olunub. Ən əsası da Rusiyanın qonşuluğundakı ən böyük əraziyə malik Ukrayna ömürlük bu ölkə ilə düşmən olub. Ona görə də Qərb Ukraynaya əlavə maliyyə vəsaitinin, yaxud tələb olunan silah və texnikanın verilməsinə lüzum görmür. Yardımlar ancaq o səviyyədə edilir ki, Ukrayna məğlub olmasın və müharibə davam etsin. Elə bu səbəbdəndir ki, Ukrayna bütün israrlarına baxmayaraq, müharibənin gedişatına təsir edə biləcək silahlarla təmin olunmur. Bütün bunlar onu göstərir ki, ABŞ istər Ukrayna cəbhəsi olsun, istərsə də İsraillə bağlı vəziyyətdə ancaq öz maraqları baxımından çıxış edir. İndiki mərhələdə bu maraqlar İsraili müdafiə etməyi şərtləndirdiyi üçün ABŞ müvafiq dəstəyi təmin etdi”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR