İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Azərbaycandakı “5-ci kolonu”na Tiflisin xain dəstəyinin sirri

3198 12.03.2024 11:46 Gündəm A A

Hikmət Babaoğlu: “Gürcüstan üzərindən maliyyələşdirilən şəxslər dəfələrlə Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsi kimi seçiliblər”

Azərbaycanın hüquq-mühafizə orqanları Toplum TV YouTube kanalının fəaliyyəti ilə bağlı araşdırmaları davam etdirir. Gözlənildiyi kimi, xaricdəki çevrələrdə, xüsusən də Ermənistanda hadisəyə cidd-cəhdlə siyasi rəng verilir, bunu “söz azadlığına hücum” kimi təqdim edirlər. Reallıqda isə Toplum TV əməkdaşlarına qarşı irəli sürülən ittihamlar sırf maliyyə xarakterlidir. 

Daha doğrusu, söhbət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə ittihamdan - qaçaqmalçılıqdan gedir. Yəni qanunsuz maliyyə fəaliyyəti, maliyyə və vergi pozuntuları. Bu qanunsuzluğa qol qoyan isə media adı altında ölkə xaricindəki çevrələrin siyasi sifarişini yerinə yetirən, o sırada Azərbaycanda vəziyyəti qızışdırmaq, iğtişaşlar yaratmaq və s. hədəflər güdən, bu zaman həm də qanunsuz “maliyyə mərkəzi” rolu oynayan Toplum TV-dir. 

Toplum TV-nin ofisində axtarış aparılıb

Aydın olur ki, Qərbin məlum dairələri “müstəqil telekanal” Toplum TV-dən Azərbaycanda bir çox layihə və “tədbirlərin” qanunsuz maliyyələşdirilməsi üçün “aralıq həlqə” kimi dəfələrlə istifadə edib. Bu kanal vasitəsilə ən azı yarım milyon ABŞ dolları ötürülüb. 

Maliyyə sxemi isə təzə sayılmaz. Hələ 90-cı illərdən başlayaraq belə sxemlər USAİD və ya ABŞ-ın Milli Demokratiya İnstitutu (NED) kimi strukturların köməyi ilə həyata keçirilirdi. İndi isə köhnə sxemlər yenidən işə düşüb. Toplum TV-nin rəhbərlərindən biri, Demokratik Təşəbbüslər İnstitutuna rəhbərlik edən, bu yolda “Üçüncü Respublika” hərəkatına rəhbərlik edən Akif Qurbanov kimi şəxslər Qərb qurumlarından yüz minlərlə dollar alıb, ancaq “cəlb olunan” gənclərə qəpik-quruş çatıb. 

Ən diqqətçəkən məqam isə odur ki, istər o vaxt, istərsə də indi Qərb institutlarının Azərbaycanda yaratdığı təxribatçı şəbəkənin maliyyələşdirilməsinin qeyri-qanuni sxemləri yenə Gürcüstan vasitəsilə həyata keçirilir. Bu yerdə “araşdırmaçı jurnalist” kimi təqdim edilən və müvafiq qeydiyyat olmadan sərhəddən külli miqdarda pul keçirdiyinə, yəni qaçaqmalçılığa görə vaxtilə həbsə atılan Əfqan Muxtarlı ilə bağlı qalmaqalı xatırlatmaq olar. 

Görünür, köhnə sxemlər hələ də işə yarayır: Gürcüstan banklarında müvafiq hesablar açılır, bu hesablar üzrə anonim bank kartları “etibarlı tərəfdaşlara” təhvil verilir. Bir vaxtlar “əl-Qaidə” və İŞİD kimi qruplaşmaların maliyyələşdirilməsi üçün eyni sxemdən istifadə olunub. 

Ancaq məsələ ondadır ki, bütün bu siçan-pişik oyununu Gürcüstanın xüsusi xidmət orqanları görməyə bilməz. Həmin Akif Qurbanovun özü elə Gürcüstandandır. Mütəmadi olaraq ora baş çəkir. Əlbəttə, təkcə qohumlarını və dostlarını deyil, həm də Qərb kuratorlarını görmək üçün. Doğrudanmı gürcü hakimiyyəti bundan bixəbərdir?

Xatırladaq ki, az öncə Gürcüstan öz ərazisi vasitəsilə Fransa zirehli maşınlarının Ermənistana çatdırılmasını təmin etmişdi.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC

Hikmət Babaoğlu

Millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, bu hüquqi hadisədir: “Azərbaycan hüquqi dövlətdir. Fəaliyyəti şübhə doğuran hər hansı informasiya resursunun fəaliyyətinin araşdırılması normal haldır. Dünyanın hər yerində bənzər araşdırmalar var. Gündəlik informasiya istehlakı prosesində mütəmadi olaraq bu cür hallara rast gəlirik. Problemi aktual edən hazırda informasiya mənbələrinin və subyektlərinin bəzi hallarda milli təhlükəsizliyi təhdid edəcək qədər cəmiyyət və dövlət üçün risklər yaratmasıdır. Üstəlik, əgər Toplum TV-nin bu vaxta qədər fəaliyyətini izləsək, onun maliyyə mənbələrinin ictimaiyyətə açıq olmadığını görürük. Haradan maliyyələşdiyinin gizli saxlanmasına nəzər salsaq, doğrudan da kanalın fəaliyyətinə aydınlıq gətirilməsi, ictimaiyyətin bununla bağlı məlumatlandırılması zərurətdir. Nəticə etibarilə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən biridir. Əgər bir ölkənin daxilində fəaliyyət göstərən informasiya resursu "Üçüncü Respublika Platforması"  yaradırsa, bunun üçün xaricdən milyonlarla məbləğ pul alırsa, bu pulların ölkəyə gətirilməsi qeyri-qanuni yollarla həyata keçirilirsə, üçüncü ölkələr üzərindən Azərbaycan həm maliyyə, həm də ideoloji təxribata məruz qalırsa, əlbəttə, hüquqi dövlət zəruri olanı etməlidir. Bu baxımdan atılan addımlar təqdir olunmalıdır. Bu, hüquq hadisəsi kimi qiymətləndirilməlidir. Hadisəyə “siyasi don” geyindirməyə cəhd edənlər var. Onlar bunu söz və mətbuat azadlığına hücum kimi qiymətləndirirlər. Bu, tamamilə yanlış və yersizdir". 

H.Babaoğlu bu hadisənin ermənilərin diqqət mərkəzində olduğunu vurğuladı: “Diqqət edəndə görürük ki, Ermənistan mediası bu hadisədən Azərbaycana qarşı müharibə komponenti kimi istifadə edir. Ona görə ki, Azərbaycan milli dövlətinin zəifləməsi ən çox ermənilərin arzuladığı haldır. Ölkə daxilində ictimai həmrəyliyimizi, dövlət institutlarımızı, Azərbaycanın beynəlxalq nüfuzunu hədəf alan televiziyaya qarşı tətbiq olunan hüquqi prosedurlar erməniləri narahat edir. Məlumdur ki, ABŞ-ın Milli Demokratiya İnstitutunda təmsil olunan erməni lobbisinə yaxın olan şəxslər var. Uzun illərdir ki, institutun Azərbaycana qarşı  informasiya hücumları təşkil etdiyinin şahidi oluruq. Bu, Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş hücumlardır. Bu, əslində Azərbaycan ictimai rəyinin, cəmiyyətin sifarişi idi ki, nəyə görə Azərbaycanın ən güclü olduğu bir zamanda, sülh üçün böyük əmək sərf etdiyi zamanda içəridən ölkəmizə qarşı  bu cür informasiya müharibəsi aparılır? Hüquqi araşdırmanı zəruri edən Azərbaycanın ictimai rəyinin istəyidir. "Üçüncü Respublika"ya rəhbərlik edən Akif Qurbanovun Gürcüstana getməsi və orada aydın olmayan, Azərbaycana qeyri-qanuni maliyyə cəlb etməklə məşğul olması həm də Gürcüstan dövlətinin müvafiq qurumlarının diqqətindən yayınmamalıdır. Nəticə etibarilə bu ilk belə hal deyil. 2000-ci illərin ortalarında Gürcüstan üzərindən maliyyələşdirilən şəxslər dəfələrlə Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsi kimi seçiliblər. Düşünürəm ki, dövlətlərarası münasibətlərin ayrı xarakteri var. Bütün hallarda Toplum Tv-nin fəaliyyəti ilə bağlı bütün məsələlərin aydınlaşması, bütün demokratik institutların və ictimai rəyin diqqət mərkəzindədir ki, bu cür pozucu fəaliyyət Azərbaycanın milli maraqlarına zərbə vurmasın". 

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR