İnsanlara hürriyət, millətlərə istiqlal!

Qələbə Azərbaycan üçün dünyaya yeni qapılar açır - ölkəmizin önəmi

1242 17.05.2022 08:40 KİVDF layihələri A A

Deputat Aydın Hüseynov: “Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla əməkdaşlığa, birlikdə layihələr həyata keçirməyə can atır”

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın həyata keçirdiyi işğalçılıq siyasəti Cənubi Qafqaz ölkələrinin həm öz aralarında, həm də dünyaya inteqrasiyasında maneələrdən biri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə regionda sülhün bərqərar olması, region dövlətləri ilə sıx əməkdaşlıq mühitinin formalaşması istiqamətində fəaliyyətini daim davam etdirib. Keçmiş Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla olan müharibə vəziyyətinin yaratdığı əngəlləri Azərbaycan mümkün qədər aşmağa çalışıb və buna xeyli dərəcədə nail ola bilib.

2020-ci ilin 44 günlük müharibəsi Ermənistanın məğlubiyyəti ilə nəticələndikdən sonra Qarabağ münaqişəsi artıq tarixə qovuşmuş oldu. Lakin hələ ki Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Sülh sazişinin imzalanması Cənubi Qafqaz üçün yeni dövrün başlanması olacaq. Bəs sülh sazişinin imzalanması regionun və Azərbaycanın dünyaya inteqrasiyası yolunda əlavə təkan rolunu da oynaya biləcəkmi?

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsinin nəticələri regionda yeni reallıq yaradıb. Azərbaycanın müharibədə möhtəşəm qələbəsi dünyada ölkəmiz barədə qüdrətli ölkə imicini daha da möhkəmlədib. Azərbaycanla strateji əməkdaşlıq, tərəfdaşlıq, dostluq etmək istəyən dövlətlərin sayı daha da artıb: “Müharibədə qələbə Azərbaycanın beynəlxalq nüfuzunu artırdığı üçün dünyaya inteqrasiya üçün yeni imkanlar açıb. Baxmayaraq ki, bu gün dünyada gərgin vəziyyət hökm sürür, Azərbaycan bu vəziyyətdə də tutduğu düzgün istiqaməti davam etdirir. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını, dünyada etibarlı tərəfdaş imicini təmin edib”.

Deputat Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsinin cəmiyyət üçün açıq  olmasını təklif edib

A.Hüseynov dedi ki, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır: “Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar. Azərbaycan Cənubi Qafqazda parlayan ulduz kimi qəbul edilir".

Deputat qeyd etdi ki, son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlət başçısı İlham Əliyevin yürütdüyü ölkəmizin milli maraqlarına söykənən xarici siyasətin nəticəsi idi: “Ümumiyyətlə, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi tarixi Qələbəni şərtləndirən amillərdən biri oldu. Tarixi qələbə və Qarabağ münaqişəsinə son qoyulması isə Azərbaycanın önündə yeni imkanlar açıb. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla əməkdaşlığa, birlikdə layihələr həyata keçirməyə can atır. Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır və nə qədər ki, sülh sazişi imzalanmayıb, Ermənistandan başqa heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Sülh sazişinin imzalanması isə o demək olacaq ki, Cənubi Qafqazda, nəhayət, qalıcı sülh bərqərar olur. Sülhün olduğu yerdə isə əməkdaşlıq asanlaşır, inteqrasiya meylləri yaranır. Əslində daha dərindən təhlil etdikdə məlum olur ki, sülh sazişi həm Azərbaycanın, həm də Ermənistanın qarşısındakı bir sıra maneələrin aradan qalxması demək olacaq. Dünya birliyi, müxtəlif beynəlxalq təşkilatlar, böyük korporasiyalar, şirkətlər sülh sazişindən sonra bu bölgəyə yeni yanaşmalar sərgiləyəcəklər. Müəyyən çəkindirici faktorlar aradan qalxmış olacaq ki, bu da son nəticədə Azərbaycan və Ermənistan üçün dünyaya yeni pəncərə açacaq”.

Etibar SEYİDAĞA

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR