İnsanlara hürriyət, millətlərə istiqlal!

Qədr gecəsi Quranı başa qoymaq olar, ya yox... - polemika

2196 14.04.2023 08:12 Media A A

Ekspert: “Rəsulullah Quranı nə başına qoydu, nə nizələrin ucuna taxdı, onu yaşadı və öyrətdi...”

Qədr gecəsinin xüsusiyyətləri barədə Referans.az-a açıqlama verən ilahiyyatçı Elşad Mirinin fikirləri birmənalı qarşılanmayıb. O deyib ki, Qədr gecəsi özəl bir ibadətin həyata keçirildiyi və ya hansısa xüsusi duaların oxunduğu şans gecəsi deyil: “Bu gecə Quranın gəlməyə başladığı gecədir. Qədr gecəsi Quranı anlamağa başladığımız gecədir, yəni qədrini bildiyimiz gecədir. O gecə xüsusi olaraq səhərə qədər oyaq qalmalı olduğumuz gecə deyil. 

Bu gecədə bəzən insanların Quranı açaraq başlarının üstünə qoyduğunun şahidi oluruq, bunun dinlə heç bir əlaqəsi yoxdur. Quranı başımızın üstünə qoyduğumuz zaman orada yazılanlar beynimizə girəcəksə, o zaman hamı əlinə Quran götürüb başının üstünə qoysun. Quran ayələri kitabın vərəqlərində sızılıb ürəklərimizə süzülməyəcək. Quranı başımızın üstünə yox, başımızın içinə yerləşdirmək lazımdır. O müqəddəs kitabı başın üzərinə qoymaq ilk növbədə onu göndərənə qarşı hörmətsizlik əlamətidir. Nə yazıq ki, bunu bu gün cəmiyyətə çatdıranlar yanlış məlumat verir, insanlar da eşitdiklərinin və gördüklərinin doğru olduğuna inanıb o cür hərəkət edirlər”.

Mövzu ilə bağlı AĞ Partiyanın ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov “Yeni Müsavat”a dedi ki, ibadətlərin forma və şəkilləri ilə bağlı olaraq insanlar fikir bildirərkən məsuliyyətli və ehtiyatlı olmalıdırlar: “Nəyə görə? Çünki dini ibadət forma və şəkillərinə yanaşma fərqli ola bilər. Dünyanın bir çox dinlərində reallaşdırılan ibadət formaları vardır ki, onları məntiqlə izah etmək olmur. Ehtiyatlı olmalıdırlar, ona görə ki, ifadə formasına fikir vermədən işlədilən istənilən fikir ictimai təhlükəsizliyə xələl gətirə bilər. Orta mövqeyi gözləmək lazımdır. Quran özü hətta müşriklərin belə saxta ilahlarına söyməyi qadağan edir. Çünki onlar da cahillik edib Allaha söyərlər. Belə olan halda, özünü İslam camiəsinə nisbət edənlərin də qarşılıqlı ehtiyatlı olması lazımdır. Qurana qarşı son zamanlar iki tam radikal əks yanaşma formalaşıb. Birinci yanaşmaya görə, Quran müqəddəs deyil, onun içindəki ibadətlərin bir qismi ibadət deyil, hicab Quranda yoxdur, namaz Quranda yoxdur. Bir sözlə, heç nə İslamda yoxdur, kimi yanaşmadır. Bu, Quranın mənəvi əhəmiyyətini və eləcə də onun prinsiplərinin şəxsin və cəmiyyətin həyatına gətirilməsinə ciddi mane olur. Quran hidayət kitabıdır”.

Qarabağ böyük regionda balaca bir oddur - Azər Hüseynov | Hafta.az

Azər Hüseynov

Ekspert əlavə edib ki, heç kəs şou göstərmək üçün Quranı istismar edə bilməz: “Quranı oxusanız görərsiniz ki, bu kitab ona münasibət bildirənləri üç qismə ayırır: Haqqın adamları, xalqın adamları, para-mənfəət adamlar. Haqqın adamları ayələri oxuyub anlayan, onların məna yükünü gizlətməyən, heç bir  qınaqadan qorxmayanlardır. Xalqın adamları isə geniş kütlələrin gündəmində olmaq üçün trend olan formada danışanlardır. Üçüncü qisim isə para-pul müqabilində dini görüşlərini gündə də olmasa, aşağısı bir neçə ildə bir neçə dəfə dəyişənlərdir. Bu üçüncüsü də dəhşətdir. Quranın başa qoyulması məsələsinə gəldikdə isə mən şəxsən bunu nə edirəm və nə də tövsiyə edirəm. Quran oxunmalıdır. Qədr gecəsi ola bilər kiməsə görə oyaq və yatmağın əhəmiyyəti yoxdur. Amma bu yanaşma Quranın gecə anlayışına ziddir. Allah digər insanlar yatdığı zaman özü namaza qalxan və ayələri təfəkkül edib oxuyanları tərif edir. Bəli, Quran oxunmalıdır. Başa qoyulması hansı isə bir yanaşmada ritual ola bilər. Amma mənim yanaşmamda ritual deyildir. Çünki Rəsulullahın zamanında bu əməl edilməyib. Belə ki, Rəsulullahın zamanında, hazırda gördüyünüz formada əldə bir mushaf olmayıb. Quran ibadət, əxlaq və ictimai münasibətlərə Allahın əzəmətli təsirinin bir Rəbbani nuru olaraq oxunmalıdır. Quranı başa qoymaq nə qədər qəribə görünsə də, onu müqəddəs saymamaq da o qədər qəribədir. Bu gün ilahiyyat sahəsi o qədər nəzarətsizdir ki, biri çıxıb bir gün Qurana müqəddəs deyil, sonra müqəddəs deyə bilir. Biri də Abbas Qumidən sitat gətirə bilir ki, bəs sən demə peyğəmbərlər və imamlar da belə edib. Məzhəblər daxilində hər zaman mötədil, barışdırıcı və ümmətçi yanaşmada olanlar da olub, eyni zamanda bunun əksinə, radikal və qarşıdurma yaradacaq şeylər söyləyənlər də. İndi bu ikinci adına istinad edilən şəxs Rəsulullahın zövcəsi, bizim anamız olan Aişə haqqında Allahın kitabına uymayan sözlər danışıb. Ona görə kim ona istinad edərək Quranı başına qoyursa, bilsin ki, bu əməl şəriətə müvafiq deyildir. Bir zamanlar, onu nizələrinin ucuna taxanların əməlləri ilə nə fərqi vardır ki? Din Allahın kitabı və Rəsulullahın bəyanı, izahıdır. Rəsulullah Quranı nə başına qoydu, nə nizələrin ucuna taxdı. Rəsulullah Quranı yaşadı və öyrətdi. Amma sonda, bir daha onu deyim ki, dini mövzuda kimsə nə isə danışırsa, Rəbbimizlə üzləşəcəyi gündən qorxsun. Dinimiz heç bir şəxsin, ölkənin, məzhəbin, qrupun istismar elementi deyildir. Allahın hidayətidir”.

Afaq MİRAYİQ,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR