***
Ölkənin şərqində, etirazların başladığı Benqazi şəhərində də qanlı döyüşlərin davam etdiyi xəbər verilirdi. Bu şəhərdə ölənlərin sayı 300-ə yaxındır. Təkcə bazar günü 50-dən çox adamın öldürüldüyü xəbər verilir. Ölkənin ikinci şəhəri olan Benqazinin əsasən müxalifətin nəzarətində olduğu bildirilir. Bununla belə, bazar günü şəhərdəki hərbi hissənin ərazisində mövqe tutmuş ordu bölmələri nümayişçiləri gülləbaran etməkdə davam edib. Qəddafinin oğlunun komandanlığında olan ordu hissələri nümayişçilərə qarşı raketlər, vertolyotlar və pulemyotlardan istifadə edib. Bildirilir ki, ordu toqquşmalarda ölənlərdən bir neçəsinin dəfn mərasimində iştirak edənlərə də atəş açıb. Nümayişçilərdən biri telefonla bildirib ki, bazar günü Qəddafinin Benqazidəki iqamətgahına da hücum olub. Daşlarla və yandırıcı maye dolu şüşələrlə silahlanmış nümayişçilər saraya buldozerlərin dəstəyi ilə hücum ediblər. Sarayı qoruyan ordu hissələri artilleriya və tanklardan istifadə etməklə onlara atəş açıb. Nə qədər adamın öldüyü bilinmir. Şahidlər deyiblər ki, şəhərdə qan su yerinə axır. Müxalifət təmsilçilərindən biri bazar günü davam edən qanlı toqquşmalardan sonra Benqazinin Qəddafi tərəfdarlarından azad edildiyini, şəhər yeridilən ordu hissələrinin bir qismi müxalifətin tərəfinə keçib. Qəddafinin oğlu Sədinin başçılıq etdiyi ordu hissələri şəhərdən qaçıb. Bununla belə, dünən Benqazidə hələ də rejim tərəfdarlarının ara-sıra əhaliyə atəş açdığı xəbərləri gəlirdi. Müxalifət bildirir ki, Benqazidə Qəddafi rejimi tərəfindən tutulmuş muzdlu yaraqlılardan bir neçəsi əsir götürülüb. Onlar Çad və Namibiyadan gətirilən muzdlulardır. Müxalifət ölkənin 4 əyalətinə nəzarəti ələ keçirdiyini və orada müvəqqəti idarəetmə orqanları yaratdığını bildirir. Benqazi şəhəri 1969-cu il üsyanlarının da mərkəzi olub. Həmin üsyanda polkovnik Muammar Qəddafi bir qrup gənc zabitlə çevriliş edərək hakimiyyəti ələ keçirib və indiyə qədər onu əldə saxlayırdı.
***
Paytaxt Tripolidə isə fevralın 20-də axşama qədər vəziyyət nisbətən sabit idi. Lakin nümayişlər sürətlə bu şəhərə də yayılıb və gecə yarısı minlərlə rejim əleyhidarı küçələrə çıxaraq dövlət binalarına, polis məntəqələrinə, Liviya Xalq Məclisinin binasına od vurub. Mobil telefonla çəkilən görüntülərə əsasən Liviya küçələrində avtomobillərə od vurulub, nümayişçilər buldozerlərlə Qəddafinin iqamətgahına da hücuma cəhd ediblər. Xəbərlərə görə, artıq iqamətgaha od vurulub, yanğınsöndürənlər nə qədər çalışsalar da alovu söndürə bilməyiblər. Xarici mətbuatda xəbər yayılıb ki, artıq Tripoli də müxalifətin əlinə keçib, ordu və polis şəhərdən çəkilib. Lakin BBC öz mənbələrinə istinadən israr edirdi ki, şəhərdə qanlı toqquşmalardan sonra hakimiyyət vəziyyətə nəzarəti yenidən ələ ala bilib, Tripolinin mərkəzindəki “Yaşıl meydan” ordunun nəzarətindədir. Şahidlər isə meydanda nümayişlərin başladığını, ancaq snayperlərin evlərin damından nümayişçiləri güllələdiyini deyiblər. Bununla belə, digər KİV-lər təhlükəsizlik qüvvələrinin tələm-tələsik şəhərdən qaçdığını, Tripolidə soyğunçuluq başladığını xəbər verirdilər. Bildirilirdi ki, təhlükəsizlik xidmətinin mülki geyimli agentləri bankları və mağazaları qarət edir. Liviya dövlət televiziyasının binasının da nümayişçilər tərəfindən yandırıldığı xəbər verilir.
***
Liviyanın iri qəbilələrinin liderləri də Qəddafiyə qarşı çıxıblar və nümayişçilərə dəstək veriblər. Ölkənin şərqindəki ən iri qəbilələrdən birinin lideri deyib ki, əgər 24 saat ərzində rejim nümayişçilərə qarşı güc işlətməyi dayandırmasa, ölkədən neft ixrac edən əsas kəmər bağlanacaq. Fevralın 21-dən 22-nə keçən gecə Liviya diktatorunun 38 yaşlı oğlu Seyfülislam televiziya ilə çıxış edərək deyib ki, ölkə vətəndaş müharibəsi ərəfəsindədir. O, atasının qaçdığı barədə xəbərləri təkzib edib, deyib ki, iğtişaşları yatırmaq üçün təhlükəsizlik qüvvələri son patrona qədər vuruşacaqlar. “Biz axırıncı əsgərə, sonuncu patrona qədər vuruşacağıq". Qəddafinin oğlu əmin edib ki, ordu hakimiyyətin tərəfindədir. Lakin o, bəzi hissələrin müxalifətin tərəfinə keçdiyini də təsdiqləyib. Bir vaxtlar atasının varisi hesab edilən, lakin sonradan siyasətə qatılmayacağını deyən, ölkədə böyük nüfuz sahibi olan, Qərbin dostu sayılan və London İqtisadiyyat məktəbində təhsil almış Seyfülislamın çıxışından məlum olub ki, hakimiyyətə nəzarəti ələ almaq istəyir. Qəddafinin oğlu müxalifəti danışıqlara çağırıb, ölkədə təcili islahatlar başladacağına, konstitusiya qəbul ediləcəyinə, mətbuat azadlığına imkan yaradılacağına söz verib. Seyfülislam xəbərdarlıq edib ki, müxalifət dialoq təklifini qəbul etməsə, ölənlərin sayı yüzlərlə yox, minlərlə və on minlərlə ölçüləcək. Qəddafinin oğlu ölkəsində başlayan hadisələrin arxasında İsrail kəşfiyyatının, italyanların, türklərin və ərəb ölkələrindəki şəbəkələrin dayandığını deyib.
***
Lakin müxalifət təmsilçiləri Qəddafinin oğlu ilə danışıqlara getməyi rədd edərək diktatordan sonra hakimiyyətin onun oğluna keçməsinə yol verməyəcəklərini deyiblər. Liviya Milli Azadlıq Cəbhəsinin lideri İssa Mansur bildirib ki, Qəddafi gecə yarısı Venesuelaya qaçıb. O, xalqın tərəfinə keçmiş ordu hissələrinin komandanlarının iştirakı ilə müvəqqəti hökumətin qurula biləcəyini deyib. Mansur deyib ki, ölkənin şərqində artıq xalq hakimiyyəti qurulub. Müxalifət təmsilçiləri ölkənin əsas qəbilələrinin onların tərəfində olduğunu bildirir.
***
Qəddafinin 42 illik rejimi isə sürətlə dağılmaqda və dəstəyini itirməkdə idi. Liviyanın 50-yə yaxın aparıcı müsəlman lideri ordunun nümayişçiləri qırmasını kəskin pisləyib, hərbçiləri öz xalqına qarşı silah işlətməkdən çəkinməyə çağırıb. Liviyanın bir neçə ölkəsindəki səfiri rejimə etiraz olaraq istefa verib. İstefa verənlər arasında Qəddafinin yaxın dostu, 1969-cu ildə onun başçılıq etdiyi hərbi çevrilişə başçılıq edənlərdən biri Abdel Munim əl-Huni də var. O, Liviya xalqının kütləvi qətliamına etiraz olaraq istefaya getdiyini bildirib. Elan edib ki, inqilabçılara qoşulacaq. Liviyanın nüfuzlu müsəlman lideri Yusif əl-Kardayi də Qəddafiyə qarşı çıxıb, bildirib ki, Liviya lideri də Tunis və Misir liderləri kimi hərəkət etməlidir. 80 yaşlı dini lider ölkəni İtaliya müstəmləkəsindən azad edən Liviya sərkərdəsi Ömər Muxtarın “nəvələrinə” müraciətlə onları əli öz xalqının qanına batmış diktatoru devirməyə çağırıb. O deyib ki, bu qədər insanın qanını axıdan Qəddafinin hakimiyyətdə qalması artıq mümkün deyil. Beynəlxalq ictimaiyyət hələlik Liviyadakı hadisələrə müdaxilədə aciz qalsa da Qəddafi rejimini xalqa qarşı silah işlətməyə son qoymağa yönələn çağırışlar artırdı. Avropa İttifaqı Liviyanı təxirə salmadan etirazçılara qarşı zorakılığa son qoymağa çağırıb. İttifaqın xarici siyasət üzrə baş rəsmisi deyib ki, iqtidarla nümayişçilər arasında geniş əsaslı dialoq yaradılmalıdır. ABŞ Dövlət katibi Hillari Klinton da analoji bəyanatla çıxış edib.
***
Bakı vaxtı ilə saat 18-ə olan xəbərlərə görə, Liviyanın hərbi hava qüvvələri müxalifətin nəzarətində olan Benqazi şəhərinə zərbələr endirib. Tələfat barədə məlumat yoxdur. Bildirilir ki, aviazərbələrin hədəfi müxalifətin tərəfinə keçən hərbi hissənin bazası olub. Digər xəbərə görə, nümayişçilər paytaxt Tripolidə beynəlxalq aeroportu tutublar. Türkiyə vətəndaşlarını evakuasiya etmək üçün göndərilən təyyarə aeroporta enə bilməyib və ekipaja məlum olub ki, hava limanı nümayişçilərin əlindədir.






