İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklifi

5750 06.03.2019 23:02 İqtisadiyyat A A

Millət vəkilləri belə bir qərarın vacibliyini bildirir

Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də  şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olmayan  mənzillərin qızdırılması  üçün təbii qazdan istifadə olunur. Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, “ceyran peç”i və sair vasitəsilə evləri qızdırmağa çalışırlar.  

Nəticədə ilin əvvəlində qaz limitini tükətmiş olurlar. Məlum olduğu kimi,  təbii qazdan istifadə ilə bağlı qiyməti 10 qəpik olan 300 kubmetrlik limit bitəndən sonra, 1 kubmetr qazdan istifadə 20 qəpikdən hesablanır. Bu vəsaiti ödəyə bilməyən kəndlilər isə qaz xəttini bağlayaraq, meşələrə üz tutur, ağacları qıraraq, odun yandırmağa başlayırlar.

Bununla bağlı əldə etdiyimi məlumatlar var, aztəminatlı insanlar artıq nə elektrikdən, nə də qazdan istilik məqsədilə istifadə edə bilmirlər. Çıxış yolu isə  təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalin aşağı qiymətlə təbii qazdan , elektrik enerjisindən istifadəsidir. Elə ekspertlər , millət vəkilləri də bunu təklif edirlər.

Картинки по запросу Fazil Mustafa

Milli Məclisin Fazil Mustafa  mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması üçün belə bir qərar verilə bilər: “Hökumət çalışmalıdır ki, vətəndaşın həyat səviyyəsi yüksək olsun. Əgər gəlirlər normal olarsa, o zaman odun yandırmağa ehtiyac qalmaz. Ancaq vətəndaşın gəlir səviyyəsi aşağıdır. Son  dövrlər nə qədər əmək haqları və  pensiyalar qaldırılsa da, dünya standartları ilə müqayisədə yaşam şərtləri regionda çox bərbaddır. İnsanlar çox vaxt  ən sıradan tələbatlarını ödəməyə pul əldə edə bilmirlər. Ona görə də, belə bir güzəştli addımın olması faydalı olardı. Çünki hazırda çox insan bu yüksək qiymətlərdən və limitin az olmasında əziyyət çəkirlər. Mən özüm də limitlərin aradan qaldırılması məsələsini Mili Məclisdə qaldırmağa çalışacağam. Bu həm maraqlı təklifdir, həm də vətəndaşın marağına uyğun olan təklifdir. Hökumətin də buna imkanları yetərlidir. Belə bir iradə də var, son vaxtlar  sosial qərarlar ardıcıl olaraq verilir. Bu kontekstdə müəyyən bir nəticəyə varmaq olar”.  

Картинки по запросу Milli Məclisin deputatı Fəzail Ağamalı

Milli Məclisin deputatı Fəzail Ağamalı  da “Yeni Müsavat”a danışarkən  vurğuladı ki, belə bir qərar xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar: “Vaxtilə bu məsələ müzakirə olunanda mən təklif etmişdim ki, artırılmasa daha yaxşı olar. Çünki rayonlarda, kəndlərdə qaza qənaət edən kombi sistemi yoxdur. Evləri qızdırmaq üçün d aha çox peçlərdən istifadə olunur,  nəticədə qaz çox istehlak olunur. Limiti keçdikdən sonra isə qiymət ikiqat hesablanır. Bir sıra hallarda isə vətəndaşlar bu vəsaitin ödənməsində çətinliklə üzləşirlər.  Yaxşı olardı ki, Tarif Şurası da dövlət başçısının humanist siyasətini və Azərbaycan xalqının həyat şəraitinin yüksəldilməsi istiqamətindəki addımlarına söykənərək belə bir qərar versin. Bu xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar”.

F.Ağamalı onu da vurğuladı ki, qazın qiymətinin artırılması müəyyən dərəcədə sahibkarlar üçün də çətinlik yaradıb: “Vaxtilə emal müəssisəsi qazın qiyməti artmazdan öncə 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyir. İstixanalarda  oktyabrdan başlayaraq mart ayının sonuna kimi qazdan istifadə olunur. Elə müəssisələr də var ki, il boyu istifadə olunur.  Bu da onların məsrəflərini çoxaldır və mənfəət götürməkdə onlara problem yaradır. Belə çətinliklər var.  Ayrı-ayrı ölkələrin təcrübəsində belə bir praktika da var ki, gecə verilən təbii qazın qiyməti ilə gündüz verilən qazın  qiymətində fərqlər var. Bu güzəştlər də tətbiq oluna bilər. Tarif Şurası da limitləri ləğv edərsə, bu da   sahibkarlığın daha geniş inkişafına  səbəb ola bilər. Xüsusi olaraq sənaye müəssisələrində, kənd təsərrüfatı müəssisələrində işlədilən qazın qiymətinin müəyyən qədər azalmasına gətirib çıxarar”. 

Похожее изображение

Neft Araşdırmalar Mərkəzinin rəhbəri  İlham Şaban isə  qəzetimizə açıqlamasında  qeyd etdi ki, enerji böyük istehlak təbəqəsi üçün əlçatan olmalıdır: “Əgər əlçatan deyilsə,  o zaman ya enerjidən istifadə azalır, istehlakçılar alternativ enerji növləri axtarırlar. Hökumət hər zaman bu məsələyə diqqət etməlidir. Çünki enerji daşıyıcılarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Hökumətin birinci vəzifəsidir ki, daim monitorinq eləsin və şəhərlərdə, bölgələrdə, kəndlərdə əhalinin yaşam səviyyəsində, maddi vəziyyətinə uyğun olaraq çevik qiymət siyasəti yürütsün. Əks təqdirdə, insanlar bölgələrdə ağacları qırıb yandırmağa başlayacaqlar. Hökumət bir tərəfdən gəlir əldə edirsə, digər tərəfdən onun təbiətinə, başqa  resurslarına ziyan dəyir. O baxımdan bu məsələdə qızıl orta tapılmalıdır. Azərbaycanda bu qiymət  məsələsi o zaman ortaya atıldı ki, 2016-cı ilin son rübündə ölkəmiz təbii qazı idxal etməyə başladı .Bunun nəticəsində ötən ilin dövlət büdcəsindən Dövlət Neft Şirkətinə  250 milyon manat  vəsait ayrıldı. əgər indi Azərbaycan bu qazı idxal etmirsə, ən azı bu limitin həcmini artırsın”.

Ekspert onu da qeyd etdi ki, bu məsələdə diferensial yanaşma da ola bilər: “Çünki şəhər tipli evlərin qızdırılmasında  nisbətən az enerji istifadə olunsa da,  kənd yerlərində evlərin qızdırılması və təsərrüfatda istifadə üçün daha çox qaz sərf olunur. Bu məsələdə diferensial yanaşma da ola bilər. Ermənistanda elektrik enerjisi fevralın 1-dən təqribən 50 faiz ucuzlaşdı, gündüz tarifləri 40 dramdan 30 drama, gecə tarifləri isə 30 dramdan 20 drama düşdü. Bu ölkədə sayğaclar ikili tarif  sistemilə işləyir, gecə və gündüz tarifləri var. Bu da elektrik enerjisindən daha səmərəli və daha  qənaətli istifadəsinə imkan verir. Onlar öz pullarını xərcləmədən, Avropa qurumlarından qrant alaraq bunu həyata keçirdilər. Ona görə də, Azərbaycanın qarşısında çoxlu imkanlar və alətlər var. Bunu tətbiq edərək enerjidən daha səmərəli istifadəni  formalaşdıra bilərlər”.

Enerji sahəsi üzrə ekspert onu da vurğuladı ki, qiymət dəyişsə də, keyfiyyətdə dəyişiklik yoxdur: “Hər dəfə qiymət artanda bunu geniş bir abzasla izah edirlər ki, yeni qiymət keyfiyyətin artmasına və sairə səbəb olacaq. Ancaq sonradan heç bir dəyişiklik hiss etmirik. İqtisadiyyat Nazirliyi bununla bağlı monitorinqlər keçirməlidir. Araşdırmaq lazımdır ki, qiymətlərin birdən-birə 50 faiz artımından hökumət nə qədər qazanır. Ancaq heç kim belə bir araşdırma aparmır”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR