İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qasid” redaksiyaların borcunu necə qaytaracaq...

941 05.11.2014 09:38 Son xəbər A A

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirir ki, “Qasid”in redaksiyalara borcu məsələsi açıq qalıb, yəni firma borcu necə ödəyəcəyi barədə qəzetlərə heç bir məlumat vermir: “Bu dəqiqəyə aydın olan odur ki, ”Qasid" fəaliyyətini dayandırıb, artıq satmağa qəzet götürmür. Amma ilin axırına qədər abunələrin verilməsi ilə bağlı xahiş ediblər. Biz də hələ ki ilin axırına qədər verəcəyik. Baxmayaraq ki, onlar abunə pullarını da ödəməyiblər. Ancaq bildiriblər ki, borclarımız ödəniləcək. Bu, hansı yolla olacaq, bilinmir. Bizim üçün müəyyən qaranlıq məqamlar var və bilmirik ki, borclarımızın qaytarılması istiqamətində iş gedirmi? Firmanın əmlakının qiymətləndirilməsi, hərraca çıxarılması, redaksiyalara olan borclarıdır, bu kimi bölgüləri kim aparacaq?

 “Qasid”in rəhbərliyi gərək açıqlama versin, bundan sonra atılacaq addımlar barədə ictimaiyyəti və qəzetləri məlumatlandırsın, biz də işimizi bilək. Açıqlama verilməlidir ki, “Qasid”in əmlakında nələr var. Bizdə olan məlumata görə, firmanın binası və maşınlarından başqa, balansında geri qayıdan qəzetlərin anbarı yerləşən torpaq sahəsi var. Bu torpaq sahəsi “Gənclik” metro stansiyasının yaxınlığında yerləşir, kifayət qədər qiyməti var. Elə həmin yerin satılması kifayət edir ki, qəzetlərə olan borclar tam ödənilsin. Bizə bildirilməlidir ki, nələrin hesabına qəzetlərin borcları ödəniləcək". O, həmçinin qeyd edib ki, qəzet redaktorları toplaşıb bu məsələni müzakirə etməlidir: “Yaxşı olar ki, qəzet redaktorları bu durumu müzakirə etsinlər, ancaq hələ bir təşəbbüs yoxdur. Anlaşılmaz bir durumdayıq”. 


“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da qeyd edib ki, yaxın günlərdə vəziyyətdə hər hansı irəliləyiş olmasa, redaktorların müzakirəsinə zərurət yaranacaq: “Biz durumu, firmanın müflis olmasını hüquqşünaslarla da məsləhətləşmişik, bir qədər də fikirləşib müəyyən addımlar atılmalıdır”.

Onun sözlərinə görə, “Qasid”in ziyanla işləməsi də bir qədər şübhəli məsələdir: “Müəssisə doğrudanmı ziyanla işləyirdi? Axı qəzetlərin satışının böyük faizi firmaya gedirdi. Qəzetlər satışa görə ”Qasid"ə böyük faiz verirdi. Necə olur ki, həmin faiz “Qasid”ə yetmir, ancaq redaksiyalar dolana bilir? Elə redaksiyalar var ki, əməkdaşlarının sayı heç də “Qasid”in işçilərinin sayından az deyil. Ancaq həmin qəzet satışından gələn faizlə həmin redaksiyalar ayaqda qala, yaşaya, mövcudluğunu saxlaya bilir. Ancaq “Qasid” qəzet satışından əldə etdiyi eyni, hətta daha yüksək faizlə müflis olur. Dövlət qurumları araşdırmalıdır ki, “Qasid”də mənimsəmə var, ya yoxdur. “Qasid” bu illər ərzində müntəzəm şəkildə qəzet satıb və faizlər əldə edib, bu, az məbləğ deyil. Şirkət necə iflas edə bilər? Qəzetlərə çatan gəlirdən az olmayan hissə ona çatıb. “Qasid”in sadəcə əmək haqqı verməklə iflas olması inandırıcı deyil. Bəlkə pullar mənimsənilib?"

Mətbuat Şurası isə məsələyə münasibət bildirməyə tələsmir. Qurumun təmsilçisi Rəhim Hüseynov bildirir ki, o, bu məsələ ilə maraqlanmayıb. Onun sözlərinə görə, MŞ-nin qəzet yayımı ilə bağlı yaradılan komissiyası var və həmin komissiyanın üzvləri “Qasid”in redaksiyalara yaratdığı problem barədə danışa bilərlər. MŞ-nin həmin komissiyada təmsil olunan üzvü Umud Rəhimoğlu isə qeyd edib ki, son gün bir qədər kənarda olduğundan, mətbuatla bağlı baş verən hadisələrdən məlumatı yoxdur: “Amma bildiyim qədər, ”Qasid" iflasa uğrayıb. Firma özünü doğrultmadığı üçün ləğv olunub. Burada ciddi bir qəbahət görmürəm". 

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR