İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağa sürətli qayıdışdan daha çox, effektli qayıdış barədə düşünməliyik”

949 01.02.2023 11:03 Media A A

Partiya sədri: “Dövlət təkcə vətəndaşı ora köçürüb, yaşatmağı düşünmür”

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq. Bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.

İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, “Qarabağa Böyük Qayıdış” mərhələsi təkcə məcburi köçkünlərin azad edilən ərazilərə köçürülmələri ilə bağlı deyil: “Bu qanun layihəsi əslində azad edilən o yerlərə qayıdışla bağlı zərurətdən yaranıb. Vacib bir addımdır. Bu addımı da bütün Azərbaycan dəstəkləyir. O ərazilərə qayıdışla bağlı da konkret qanunda müəyyən müddəalar olmalıdır ki, həm stimullaşdırsın, həm də insanların bütövlükdə orada bütün fəaliyyətini tənzimləsin. Ona görə də bu qanun kifayət qədər əhəmiyyətlidir. Burada xeyli müddəalar olmalıdır. Xüsusilə iş imkanlarının açılması, sahibkarların hüquqlarının burada qorunması və s/ kimi başqa istiqamətlərdə də məsələlər olmalıdır ki, insanlar Bakıda işlərini qoyub ora gedəndə normal rifah içərisində yaşamaq şəraitləri olsun. Digər tərəfdən, o yerlər tam şəkildə təhlükəsiz həddə çatan bir bölgəyə çevrilməlidir. Minalardan təmizlənmə və başqa əməliyyatlar hazırda davam edir. Amma bütövlükdə ümumi proseslərin hamısının orada nəzərdə tutulması vacibdir”.

F.Mustafa komitə üzvü kimi hansı təklifləri verəcəyi barədə sualımıza belə cavab verdi: “Hələ ki hansı təkliflərlə çıxış edəcəyimi müəyyən etməmişəm. Qanunla hələ tanış deyiləm. Tanış olandan sonra hansı təklifləri verəcəyimi müəyyən edəcəyəm”.

Müsahibimiz Böyük Qayıdış çərçivəsində bu qanun layihəsinin hansı töhfələr verə biləcəyi barədə gedən müzakirələrə də toxundu: “Məncə, Qarabağa sürətli qayıdışdan daha çox effektli qayıdış barədə düşünməliyik. Adamları dolduraq ora, amma yaşam şərtləri formalaşdırmayaq. Belə də olmaz axı. Orada daha çox effektli yol müəyyən etməliyik. Burada həm də biz paralel olaraq kiçik qayıdışı həyata keçirməliyik. Kiçik qayıdış da Lerikə, Lənkərana, Gədəbəyə, Tovuza, sərhəd bölgələrinə insanların qayıdışıdır. İnsanlar bölgələrdən işsizlik ucbatından paytaxta axın ediblər. Burada yaşamağa, işləməyə məcburdurlar. Onlara şəraiti yerində yaratmaq lazımdır ki, bu insanlar dünyaya göz açdıqları yerlərə dönsünlər. Nəticədə xeyli insan əmin olsun ki, geri dönəcək. Azərbaycanda məcburi köçkündən daha çox elə köçkünlüyə məhkum olmuş və şəhərə gəlmiş insanlar ordusu var. Onların da çoxlu qayğıları, problemləri var. Burada infrastruktur arzu olunan səviyyədə deyil. İş mühiti də arzuladığımız kimi deyil. Bütün bunları stimullaşdıraraq etmək lazımdır. Onun üçün də bu işlər paralel getməlidir. Müzakirələrdə təkliflərimi bu istiqamətdə verməyə çalışacam. Böyük Qayıdışın siyasi əhəmiyyəti var. Hamının qəbul etdiyi format müəyyən edilməlidir. Bəzi məsələlər var ki, həllini tapmalıdır. Amma bütövlükdə biz bölgələrə qayıdış məsələlərini həll etməliyik”.

Müsahibimiz həm partiya sədri, həm də deputat kimi işğaldan azad edilmiş ərazilərə tez-tez səfərlər edir. O, insanlar arasında qayıdış prosesinin ləng getdiyi yönündə olan bəzi narahatlıqlara da aydınlıq gətirdi: “Burada proseslər ləng getməlidir və bu da təbiidir. Mina təmizlənməsi bir məsələdir. Digər məsələ təhlükəsizlikdir. Bunları tam olaraq hələ həll etməmişik. Harada edə bilmişiksə, o ərazilərə köçürmə problemi yoxdur. Bütövlükdə biz bu ərazidə təhlükəsizliyin təminatını verməliyik. Ermənistanla da sülh sazişi əldə edilmədən bunu tam gerçəkləşdirmək də böyük bir problemdir. Bölgədə vəziyyəti müşahidə etdikcə görürsən ki, tədricən bu işlər getməlidir. Dövlət təkcə vətəndaşı ora köçürüb, yaşatmağı düşünmür. Həm də onun təhlükəsizliyini düşünür. Hələ ki erməni məsələsi həllini tam mənada tapmayıb. Orada olan ermənilərlə bağlı bütün məsələlər çözülməlidir. Bunlar olmayınca, mütləq mənada arzuladıqlarımız olmayacaq”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"" mövzusunda hazırlanıb.

HAZIRLADI: Cavanşir ABBASLI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR