İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağa Qayıdış” uzun vaxt tələb edir"

1292 15.02.2023 13:25 Media A A

Asif Nərimanlı: “İnsanlarımızın kütləvi şəkildə qayıdışını həyata keçirmək çətindir”

“Qarabağa Qayıdış” planı çərçivəsində azad etdiyimiz torpaqlarda quruculuq-bərpa işləri istiqamətində son zamanlar bəzi narahatlıqlar yaranıb. Buna səbəb də bu istiqamətdə işlərin necə getdiyi barədə son aylarda gedən məlumat qıtlığıdır. Xüsusilə Laçın-Xankəndi yolunda iki aydan çoxdur ki, davam edən aksiyadan sonra belə məlumatlar demək olar ki, yox dərəcəsindədir. 

Siyasi analitik Asif Nərimanlı bu prosesin həyata keçməsi üçün kifayət qədər zaman tələb olunduğunu bildirdi: “Torpaqlarımız işğaldan azad ediləndən sonra həm köçkünlərimiz evlərinə qayıtmağa tələsir, həm də bütün cəmiyyət 30 il kabusa çevrilmiş o torpaqlarda həyatın qısa müddətdə bərpasını görmək istəyir. Bu baxımdan, zaman keçdikcə tikinti-bərpa işlərinin uzanmasının müəyyən ruh düşkünlüyünə səbəb olması normaldır. Çünki reallıqla istəklər arasında fərq var və zamanla reallıq daha ön plana çıxır. Reallıqda ”Qarabağa Qayıdış" prosesi kifayət qədər genişçaplı və vaxt tələb edən məsələdir. Reallığı bir neçə istiqamətdə qiymətləndirə bilərik. Birincisi, inşa prosesində ilk öncə infrastrukturun qurulmasıdır. İkincisi, bu proses böyük maliyyə xərcləri tələb edir. Üçüncüsü, insanlarımızın ora qayıdıb yaşaması üçün təhlükəsizlik tam təmin edilməlidir. Müharibədən sonra ötən müddətdə Azərbaycan dövlətinin öz gücünə infrastrukturun qurulması istiqamətində böyük yol qət etdiyini deyə bilərik. Hava limanlarının inşası, yolların çəkilməsi, kommunikasiya xətlərinin qurulması və s. istiqamətində mühüm addımlar atılıb, proses davam edir. Lakin burada əsas güc Azərbaycan dövlətinin üzərinə düşdüyü üçün ləngimələrin olması, prosesin uzanması normaldır. Azad olunmuş ərazilərdə xarici şirkətlər fəaliyyət göstərsə də, maliyyə mənbəyinin böyük hissəsi dövlət büdcəsindən xərclənir. Dövlət xarici investisiyaların bölgəyə cəlb edilməsi istiqamətində çalışır, lakin bunun da çətinlikləri var. Xarici investisiyalar adətən təhlükəsizliyə əhəmiyyət verir, hərçənd Ermənistan və Qarabağa qalan separatçıların tör-töküntülərinin mütəmadi şəkildə törətdiyi təxribatlar bu mühiti pozur. Digər tərəfdən, dünyanın iqtisadi vəziyyəti, xüsusilə pandemiyadan sonrakı dövrdə investisiya qoyuluşu xeyli azalıb, ölkələr kimi şirkətlər də daha az itkiyə məruz qalmaq üçün böhran paketi üzrə işləməyə çalışır. O baxımdan, azad olunmuş ərazilərə böyük investisiyanın cəlb edilməsi çətinləşir, amma buna rəğmən, bölgədə xarici şirkətlərin fəaliyyəti müəyyən nəticənin əldə edildiyi də deməkdir. Azərbaycan azad olunmuş ərazilərdə yaşıl enerji layihələrini təşviq etməyə çalışır, Prezident İlham Əliyevin iştirak etdiyi bütün beynəlxalq platformalarda bu məsələni xüsusi vurğulaması da investisiya axınını təmin etməyə hesablanıb. Qarşıdakı dövrdə bununla bağlı müsbət nəticələrin ola biləcəyi istisna deyil, çünki yeni dünyada yaşıl enerji amili xüsusilə aktualdır. Bu situasiya fonunda prosesin ləng getdiyini yox, artıq reallığın ön plana çıxdığını deyə bilərik. Ötən ilin noyabrında Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramını təsdiq etdi, fikrimcə, bu qayıdış prosesinin irəliləməsi baxımından əhəmiyyətli qərardır. İndiyə qədər Azərbaycan belə proqramlarla regionların inkişafına müəyyən mənada nail olub, eyni təcrübə azad olunmuş ərazilərdə də tətbiq ediləcək. Digər tərəfdən, dövlət büdcəsindən azad olunmuş ərazilərin bərpası və quruculuq işlərinə ciddi maliyyə ayrılır, təkcə ötən il 4 milyard manatdan çox vəsait xərclənib. Təbii ki, insanlarımızın qayıdışı üçün öncə infrastruktur yaradılmalıdır. Və ən vacib məsələ təhlükəsizliyin bərpasından əmin olmalıyıq. Misal üçün, ən təhlükəsiz bölgələrdə biri Zəngilanın Ağalı kəndi idi və bu bölgədə müasir standartlara uyğun kənd inşa edildi, insanlar öz yurdlarına qayıtdılar. Digər ərazilərdə bağlı bunu əminliklə demək çətindir, çünki minalardan təmizlənmə prosesi başa çatmayıb, bu zaman tələb edən işdir və Ermənistan dəqiq xəritələri vermədiyi üçün çətinlik ikiqat artıb. O baxımdan, insanlarımızın kütləvi şəkildə qayıdışını həyata keçirmək çətindir. Ümumilikdə "Böyük Qayıdış" məsələsinin gündəmdən çıxdığını deyə bilmərik, sadəcə olaraq, regionumuzun və dünyanın sürətlə dəyişən gündəmi bütün məsələlərin önünə keçib, ictimai diqqət də daha çox dünyada baş verənlərə fokuslanıb. "Böyük Qayıdış" prosesi isə öz axarında davam edir, dövlət proqramı var və işlər bu proqrama uyğun olaraq həyata keçirilir".

Siyasi analitik aksiyadan da danışdı: “Burada vacib məqamlardan biri də Laçın yolunda davam edən aksiyadır. Bu aksiyanın mütləq siyasi nəticələri olacaq, əslində bir sıra nəticənin olduğunu da deyə bilərik, xüsusilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə hadisələrin inkişafına ciddi yön verir. Eyni zamanda sülhməramlıların nəzarətindəki ərazilərin taleyinin həll olunduğunu, Laçın yoluna nəzarət məsələsinin aktuallıq qazandığını deyə bilərik. Bu aksiya fonunda "Böyük Qayıdış" prosesinin müəyyən qədər arxa plana keçməsi də normaldır. Lakin qeyd etdiyim kimi, məlumatlar qayıdış prosesinin dövlət proqramına uyğun aparıldığını deməyə əsas verir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış"" mövzusunda hazırlanıb.

Hazırladı: Cavanşir ABBASLI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR