İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"-“Seltik” matçına bilet satışında "işbaz"lara ciddi nəzarət edilir - REPORTAJ, FOTOLAR

814 03.08.2015 17:30 İdman A A
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Seltik” (Şotlandiya) qarşılaşmasına hazırlıqlar davam edir.

İlk matçda 0-1 hesabı məğlub olan "Qarabağ" avqustun 5-də cavab oyununa çıxacaq. Tur adlamaq şansı yüksək qiymətləndirilən təmsilçimizin bu mübarizəsi maraqla gözlənilir. 

Matça marağın yüksək olması, azarkeşlərin bilet almaq üçün kassalara axın etməsi ilə nəticələnib. Bu, sevindirici haldır. Nəzərə alsaq ki, bir neçə il öncəyə kimi nə komandalarımız uğurlu nəticələrlə bizi sevindirə bilirdi, nə də azarkeşlərin klubların matçına getməyə həvəsləri var idi. 

Amma artıq vəziyyət dəyişib. Klublarımızın matçlarına bilet tapmaq belə, çətinləşib. Bu da bəzi "işbaz"ların kefini açır. 

Belə ki, uzun zamandır, futbol matçlarının biletləri "qara bazar”a çıxır və normal qiymətindən 4-5 dəfə baha satılır. Bu haqda mediada dəfələrlə yazılar dərc edilib, qurumlar nəsə tədbir görməyə çalışıblar. Lakin bu tədbirlər hər zaman başarısızlıqla yekunlaşıb. "İşbaz"lar öz əməllərinə yüksək şəkildə davam ediblər. 

“Qarabağ”–“Seltik”  matçının da biletləri "qara bazar”a düşüb. Bu haqda çoxlu şikayətlər alan klub rəhbərliyi məsələni araşdırmaq üçün dünən, yəni avqustun 2-də kassaların önündə təftiş aparıblar. Bu zaman isə trajikomik bir hadisə baş verib. 

Belə ki, klub rəhbərliyindən bir nəfər bilet satışına nəzarət etmək üçün kassaların önündə gəzişənkən, onun özünə "işbaz"lardan biri bilet təklif edib. Həmin şəxs ərazidə olan PPX-nə təhvil verilib. 

Azarkeşlər bilet almaq üçün növbə gözləyirlər

Bundan sonra isə klub sərt bəyanat verərək, bilet satışını dayandırıb: "Qarşılaşmaya olan hədsiz maraq Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, kütləvi maraqdan istifadə edən bəzi "işbazlar" qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən, klubumuz tərəfindən kassalar bağlanıb, hüquq-mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb".

"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısını alınmaq üçün biletləri mütləq kassalardan alsınlar: "Kassadan bilet almaqla, "işbaz"ların alverinə zərbə vuraraq, vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız".

Görünən budur ki, klub sadəcə, bəyanat verməklə kifayətlənməyib. Çünki bu gün klub yenidən bilet satışını bərpa etdi. Bununla yanaşı, kassanın ətrafında da güclü nəzarət tətbiq edilib. 

Misal üçün "Qarabağ ordusu" adlı fan klubunun üzvləri üzərində "Köməyə ehtiyac var?" yazılı xüsusi formalar geyiniblər. Onlar ərazi üzrə həm "işbaz"lara nəzarət edirlər, həm də bilet almaq istəyən azarkeşlərə kömək edirlər. 

Ərazidə "Qarabağ" klubunun rəsmiləri də gəzişirdilər. Bir sözlə, azarkeşlərin normal şəkildə bilet almaqları üçün bütün şərait yaradılıb. 

Polis əməkdaşları və könüllülər əraziyə nəzarət edirlər

Sırada bilet almaq üçün gözləyən bir neçə azarkeşlə də danışdıq. Azər adlı gənc deyir ki, hər zaman bu formada bilet satışı olmalıdır: "Mən tələbəyəm. 4-5 dostumla gəlmişəm ki, bilet alım. Bizim gücümüz o qədər də çox deyil ki, 10-20 manatlıq bilet alaq. Əvvəl gəlirdik ki, ucuz bilet qalmayıb. Ya da elə yerlərə bilet var ki, almasan, daha yaxşıdır. İndi isə yaxşıdır. Sırada dayanıb, növbəmizi gözləyirik. İstidir, amma dayanmaq olur". 

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da musavat.com-a biletlərin satışı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, azarkeşlərin normal şəkildə bilet almaları üçün əllərindən gələni edirlər: "Gördüyünüz kimi, kassaya və əraziyə ciddi nəzarət edirik. Hər şey edirik ki, biletlər "qara bazar”a çıxmasın. Biz bilirik ki, "işbaz"lar öz tanışları və digər şəxslərin köməkliyi ilə biletləri alıb, satırlar. Misal üçün bilet almağa gələn şəxsə əlavə pul verirlər ki, həmin adam 1 yox, 4 bilet alsın. Bu formadan istifadə edərək, 40-50, hətta 100 bilet alırlar. Biz buna da nəzarət edirik. Çalışırıq ki, azarkeşlər biletləri normal qiymətə ala bilsinlər". 

Məhəmməd Türkmən,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR