İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın qətllərinin dəhşətli statistikası - cəzalar sərtləşdirilsinmi?

1258 18.02.2023 10:47 Media A A

Son iki həftədə ölkədə baş verən qadın qətllərinin statistikası dəhşət doğurur. Bu müddət ərzində təkcə mətbuatda dərc olunan qadın qətlləri ilə bağlı xəbərlərin siyahısı aşağıdakı kimidir.

Fevralın 2-də Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, yeniyetmə və anasının həyatını xilas etmək mümkün olmayıb.

Fevralın 4-də Şəmkir rayonunun Sabir kənd kəndində 1995-ci il təvəllüdlü, 2 uşaq anası Qənirə Şərəfova qardaşı tərəfindən bıçaqla qətlə yetirilib.

Fevralın 6-da Cəlilabad rayonu, Muğan kəndində 1992-ci il təvəllüdlü Aysel Abbasova keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.

Fevralın 10-da Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

Fevralın 10-da 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qətlə yetirib.

Fevralın 11-də Xəzər rayonu Binə qəsəbəsində 1968-ci təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda həyat yoldaşı tərəfindən kəsici alətlə öldürülüb.

Bəs ölkədə qadın qətllərinin artan tendensiyasının qarşısını necə almaq olar? Bunun üçün cəzalar daha da sərtləşdirilsinmi?

Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”

Fazil Mustafa: “Bunun qarşısını almaq üçün ya biz köçüb Avropaya getməliyik, ya da Avropanı bura gətirməliyik...”

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, ölkədə qadın qətllərinin qarşısını almaq üçün ya biz köçüb Avropaya getməliyik, ya da Avropanı bura gətirməliyik: “Şərq dünyası qadın qətli ilə bir həmahəng tərzi mənimsəyib. Biz modernləşmə dövründə, hətta 8 Mart Beynəlxalq Qadınlar Günündə qadına rüşvət verməklə məşğuluq, nəinki hüquq verməklə. Hədiyyə alaraq qadın başını aldatmaq, sanki dəyər verdiyimizi göstərməyə çalışırıq. Əslində isə mahiyyətcə dəyər verən cəmiyyət deyilik. Dəyər verməməyimizin birinci səbəbi odur ki, qadının tam mükəmməl mənada təhsil almasına lazımi  imkanlar yaratmamışıq. Universitetdə oxumaq, diplom almaq qadının hələ təhsil alması demək deyil. Qadınlarımızın oxumaq imkanı məhduddur. Doğrudur, müəyyən dərəcədə  ortaya çıxan, xarici universitetdə oxuyan qadınlarımız var, amma onlar da bu mühitdə özlərinə lazımi yer tapa bilmirlər.

Həmçinin diqqət etsək görərik ki, siyasətdə, başqa ictimai həyatda qadının aktivliyi minimum dərəcədə, çox aşağı  vəziyyətdədir. Hətta kvota üçün yer ayrılanda ora normal, cəmiyyət həyatında  öz ağlı, düşüncəsi ilə seçilən qadınları gətirib çıxartmaq mümkün olmur. Ailə təməlləri, mental və digər başqa dəyərlər qadının  cəmiyyətdə rolunu yüksəltməyə imkan vermir. Aşağıda, xüsusən də əyalətlərdə vəziyyət lap fəlakətli dərəcədədir. Elə Bakının, digər böyük şəhərlərin özündə heç bir ciddi şəkildə qadının durumu ilə maraqlanan mexanizm qura bilməmişik. Təbii ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə xeyli işlər görür, amma əlçatanlıq yoxdur. Yəni QHT-lər və başqa vasitələr ilə qadın hüquqlarının qorunması imkanlarını artırmalıyıq.

Sığınacaq açırıq, amma  sığınacağa adam yerləşdirə bilmirik, çünki qadın özü gəlmək istəmir, səbəb isə odur ki, qadın üçün sığınacağın adı bir ləkə kimi görünür. Və yaxud polisə müraciət etmək qadın üçün bədnam iş kimi görünür, çünki çevrədə qınanılır, o da məcbur olur ailə içində dözümlülük göstərib, illərlə  zülmə tabe olaraq yaşamağa davam edir. Çox vaxt da qadınların özləri qatilə çevrilirlər, bu da yenə savadsızlıqdan, müəyyən dərəcədə hüququnu bilməməkdən rəli gəlir.

Beləliklə, cəza şərtlərini dəyişdirməklə qadın qətllərinin qarşısını almaq mümkün deyil. Çünki narkomaniyanın qarısını ala bilmirik. Bu gün nə qədər narkotik aludəçisi olan ailə başçısı var. Və yaxud mental dəyərlərimizdə belə bir adət var, valideynlər övladının hansısa xəstəliyinin qarşısını ala bilmədikdə onu evləndirir ki, bəlkə evləndikdən sonra ağıllanar. Həmçinin böyüklərin qərarı ilə evlilik qohumları olur ki, bu da sonradan şikəst uşaqların dünyaya gəlməsinə səbəb olur. Bütün bu cahillik, nadanlıq, savadsızlıq hamısı sonda gətirib qətlə çıxarır. İnsan dialoqu, müzakirə olmayan yerdə qətl də olacaq. Biz bu gün dialoq  yarada bilmirik və bunun üçün demək olar ki, cəhdlərimiz də yoxdur".

Deputat bölgələrdə əksər qızların təhsil almaması məsələsinə də toxundu: “Bölgələrədə cahilliyi, savadsızlığı aradan qaldırmaq üçün təhsilsiz qadının  qalmamasına çalışmalıyıq. Təsəvvür edin, özünə güvənən, iqtisadi azadlığını anlayan, müəyyən dərəcə bir peşə hazırlığı olan qadın bu qədər zülmə dözərmi? Əlbəttə, xeyr. Özü müstəqil şəkildə öz yüksək sferasını qurub, özünə müəyyən dərəcədə vəsait qazana, bunu da özünün həyatına tətbiq edə bilər. Amma qadınlar daha çox nəyə əl atırlar? İmkansızlıqdan, sosial şərtlərdən ya insan alverinin qurbanına çevrilirlər, ya da evdə  kölə vəziyyətdə özlərinin ölümünü gözləyirlər. Buna görə də dəyişən bir şey  yoxdur”.

F.Mustafaya görə, bu istiqamətdə bir yeniləşməyə ehtiyac var: “Cəmiyyətin ciddi şəkildə silkələnməsinə ehtiyac var. Lakin görünür ki, maraqlara uyğun deyil deyə, nəyisə də dəyişməyə meyil göstərmirlər. Həmçinin həm siyasətdə, həm də idarəetmədə qadınların özləri də içində bu canlanmanı hiss etmir”.

 

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusundan hazırlanlıb.

Hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR