İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ

18738 16.04.2010 08:55 Proje A A

Bir neçə dəfə it döyüşlərindən reportaj hazırlamağa cəhd etmişdim. Ancaq bu döyüşlər gizli keçirildiyindən, yerini öyrənib, getmək imkanım olmamışdı. Qala kəndində bu günlərdə təşkil olunan it döyüşünə bileti isə təsadüfən “Əzizbəyov” metro stansiyasının yaxınlığından keçərkən aldım. Əlində kiçik kağız parçaları tutan 16-19 yaş arasındakı gənc oğlan mənə yaxınlaşıb “İt çempionatı biletlərindən qalmadı. 2 manata” deyincə, bu fürsətdir deyib tez bir bilet aldım. Biletin üstündə bir it şəkli, bir də qiyməti yazılmışdı. Yerini satıcıdan öyrənirəm. Məlum olur ki, hər il aprel ayında Qala kəndinin “Meydan” deyilən yerində ənənəvi it çempionatı keçirilir. Beləliklə, vaxt itirmədən Qala kəndinə yola düşürəm.
Yarış səhər saat 10-da keçirildiyindən, kənd sakinlərindən “Meydan”ın yerini soraqlaşa-soraqlaşa birtəhər tapıram. Kiçik futbol meydançasını xatırladan ərazidə hər kəs yerini almışdı. Girişə yaxınlaşıb nəzarətçiyə biletimi təqdim edirəm. Əlimdəki foto kameranı görən nəzarətçi çəkiliş aparmağın qadağan olduğunu söyləyir.
Saat 10:00-u göstərdikdə isə meydanda hər kəs öz yerini alır. Tamaşaçılar arasından it döyüşünü seyr etməyə Gürcüstandan və Dağıstandan gələnlər də var idi. Yerimdə əyləşən kimi döyüşlərə pul qoymaq istəyənlər üçün lotoreyalar paylanıldı. Biletlərdə savaşacaq olan itlərin adları, həmçinin onların çəkisi, boyu və cinsi yazılmışdı. Az keçmir ki, döyüş başlayır. Toy tamadaları kimi mikrofonu götürüb qonaqları salamlayan bir kişi döyüşəcək olan itlərin hazır olmalarını söyləyir: “Bozdağ 2 yaş bir ay, 51 kilo, Mehdiabaddan, sahibi Mübariz. Toka 2 yaş 6 ay, 44 kilo, Qubadan, sahibi Ramin. Hazırlaşın”.

“Parçala onu, oğlum... İkinci klapanlarını aç”

Döyüşəcək olan itlər meydana gətirilir. Az qalsa iplərini qıracaq olan itlər hədsiz dərəcədə əsəbi görükürlər. İtlər hürərək qabağa - meydana atılırlar. Lotereyalar yazıldıqdan sonra döyüşə start verilir. Bozdağ və Toka sahiblərinin əllərindən çıxaraq bir-birilərinə hücum edirlər. Bozdağın sahibi qışqıraraq: “Parçala onu, oğlum, parçala. İkinci klapanlarını aç. Qan üzünü yusun ağlı başına gəlsin”- deyir. Tokanın sahibi Ramin isə hədsiz dərəcə aqressiv şəkildə bu sözləri deyir: “Sən belə deyildin, oğlum, nə oldu sənə? Canavarın qabağından qaçmayan oğlan şəhərli balasının qabağından qaçacaq? Aslan kimi hücum et”.
Az keçmir ki, Tokanın qulağından və boğazından qan açılır. Üç dişi isə sınır. Yorulan itlər bir-birilərinin boğazını tutaraq ləhləməyə başlayırlar. Bu vaxt var gücü toplayan Bozdağ yenidən sıçrayaraq Tokaya öz gücünü nümayiş etdirir. Onun başını buraxmayan Bozdağ Tokayı meydanın kənarı ilə sürüməyə başlayır. İtinin öləcəyini görən sahibi yarışı dayandırmalarını xahiş edir. Əlindəki taxta ilə itlərə yaxınlaşan yarışın hakimi, itlərin sahiblərindən kömək istəyir. Taxtaları itlərin ağzına keçirənlər onları ayırmağa cəhd edir. Lakin qəzəblənmiş Bozdağ taxtanı parça-parça edərək hakimə cumur. Üst başı qan içinə olan hakim tez meydandan çıxır. Sonra itlər bir-birilərini buraxırlar. Beləliklə, bu qanlı raundun qalibi Mehdiabaddan gələn Bozdağ olur.

Bu oyunda kim uduzdu, kim uddu...

Beş dəqiqəlik fasilədən sonra ikinci döyüş başlayır. Püşkatma nəticəsində savaşacaq olan itlərin adları məlum olur. Bu 3 yaş 1 aylıq, 46 kilo, Xaçmazdan sahibi Kərimlə gələn Toplan və Gürcüstandan yarışa qatılan Şimşək olur. İtlər sahibləri ilə birgə yerlərini alırlar. Hakim göstərişini vermədən Toplan adlı padar iti sahibinin əlindən çıxaraq hücuma başlayır. Onları durdura bilməyən hakim yarışın başlandığını bildirir. Şimşəyin boğazından yapışan Toplan onu boğur. Başını rəqibinin boğazından çəkməyən Toplan sağa-sola hərəkət edərək onu öldürmək istəyir. Az keçmir ki, Şimşək yerdə qan içində qalır. İtləri aralayırlar. Amma iş-işdən keçir. Gürcüstandan gələn Şimşək adlı it oradaca can verir.
İki oyuna görə nəticələr bilinir və lotoreya qaliblərinin adları açıqlanır. Türkan kənd sakini Ramal iki döyüşə görə 500 manat udur. Lotoreyada ən çox pul uduzan isə Qaladan olan Seymur olur. O, oyuna qoyduğu 600 manatın üstündən soyuq su içməli olur.

Final: Bozdağ Toplana qarşı

Beləliklə, finala qalan itlərin adları məlum olur. Bozdağ və Toplan adlı itlərin döyüşünə lotereyalar oynanılır. Ən çox pul- 500 manat Bozdağa qoyulur. Tamaşaçılar “Bozdağ, Bozdağ” deyə qışqırırlar. Budur itlər meydana gətirilir. Hədsiz dərəcədə yorğun görünən itlər əvvəlki döyüşlərdə olduğu kimi, qəfil hücuma keçmirlər. Toplan Bozdağın boynundan yapışsa da, dişləməyə taqəti çatmır. Bundan istifadə edən Bozdağ hücuma keçir və Toplanı yerə yıxır. Tez onun boğazını ağzına alan Bozdağ yarım saata kimi çəkən döyüşün sonunda meydandan qalib ayrılır. Toplan isə savaşın sonunda ölür.
Lotoreya qaliblərinə pullar paylanır. Qalib Bozdağa kubok, qızıl medal, sahibinə isə televizor verilir.

“İt ölənə kimi yarış davam etməlidir”

İt çempionatı qurtardıqdan sonra yarışın hakimi ilə söhbət edirik. O, bizə deyir ki, dünyada heyvan döyüşdürmək ənənəsinin qədim tarixi var: “Kitablardan və sənədli filmlərdən öyrəndiyimə görə, hazırda Şərq ölkələrinin əksəriyyətində it döyüşləri keçirilir. Bu yarış hər ölkədə bir başqa cür keçirilir. Dəyişməyən isə qayda-qanunlardır. Məsələn, başqa cinsdən olan itlər bir-biri ilə döyüşə bilməzlər. Və yaxud it sahibinin etirazı olmadan yarış dayandırıla bilməz. İt ölənə kimi yarış davam etməlidir. Qalada keçirilən yarışlara digər ölkələrdən baxmağa və iştirak etməyə gələnlər olur. Bu gün Gürcüstan və Dağıstandan qonaqlarımız var idi. Bundan əvvəlki yarışda isə Türkiyə və Əfqanıstandan gəlmişdilər. Onların arasında yarışda iştirak edənlər də var idi”.
Müsahibimiz deyir ki, Bakı kəndlərində it döyüşlərinin keçirilməsinə dair faktlar ilk dəfə “Molla Nəsrəddin” jurnalında yazılıb.
Beləcə it çempionatının keçirildiyi Bakının Qala kəndindən reportajımı yekunlaşdırıb, geriyə redaksiyaya qayıdıram.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR