İnsanlara hürriyət, millətlərə istiqlal!

Almanlara sığınan türmə rəisimiz - “Generallla dalaşdıq, gəldim...”

20767 01.05.2015 09:30 Proje A A








 



“Yeni Müsavat”ın Avropalı mühacirlərimizlə bağlı layihəsi Frankfurtdakı azərbaycanlılarla davam etdirilib. “Azul” , yəni, mühacir statuslu həmyerlilərimiz üçün həyat şərtləri, adaptasiya, problemlər, uğurlar...bir-birindən fərqli idi. Bəzən biri digərinin dediyi fikirlərlə razılaşmır, başqa biri “sənin vaxtında azulluq başqa idi”, -  deyərək, komik səslənsə də, maraqlı təhlillər verirdi.  Girişi uzatmadan Frankfurtdakı həmyerlilərimizlə söhbəti davam edək. 







“MƏDƏT QULİYEV DEDİ Kİ, KİMİ İSTƏSƏM ÇIXARACAM...”

Elçin Əkbərov Almaniyaya 2 il bundan əvvəl gəlib. Bonnla Köln arasında yaşayır. Həyat yoldaşı və 4 uşağı ilə birgə ona üçmərtəbəli, geniş həyət-bacası olan bir ev veriblər. Təəssüf ki, biz yolüstü onun evinə gedəndə artıq şər qarışmışdı və həyətindən çəkdiyimiz fotolar o qədər də keyfiyyətli alınmadı. Amma giriş qapısının üstündəki Azərbaycan bayrağı obyektivdə çox aydın görünürdü. 

Durumundan, vəziyyətindən məmnun idi Elçin bəy. Bura gəliş səbəbi  isə xeyli ilgincdir. Onun yolu Penitensiar Xidmətin rəisi olan Mədət Quliyevlə kəsişdiyi üçün ölkəni tərk edib: “Mən özüm cəzaçəkmə müəssisəsinin rəhbəri olmuşam. 14 saylıda və 9 saylıda. Şəxsi münasibətlər zəminində Mədət Quliyevlə problemimiz olmuşdu. Penitensiar Xidmətə rəhbər gələndən sonra dedi ki, istədiyim adamı işdən çıxaracam, istədiyimi saxlayacam. Ondan sonra şəxsi münasibətlər kəskinləşdi, mən də ölkəni tərk etdim”. 
 

“ADAM VAR EVİNİ SATIB GƏLİRLƏR BURA VƏ...”

Keçmiş türmə rəisinin dörd övladından üçü məktəbə, biri bağçaya gedir. Dediyinə görə, övladları 2 il ərzində tam inteqrasiya olunublar, alman dilini ondan yaxşı bilirlər: “Mənim özümə çalışma izni veriblər. 

“3 mərtəbəli ev veriblər, həyətimdə toyuğa qədər hər şey saxlayıram. Adamlar var ki, evlərini 5-10 min manata satıb, burda həyatlarını davam edirlər. “Azul”un verdiyi yardımla Bakıdakı borclarını ödəyirlər. 5 ilə o yardımın puluyla borclarını ödəyir”


Diplomumu tanımaq üçün vermişəm, amma hələ dil testi verməliyik. Ondan sonra ixtisasım üzrə işlə təmin edəcəklər. Aylıq 1600 avro dövlət təminatı verilir, evin kirayəsi, kommunal xərclər, tibbi sığorta verilir, uşaqların məktəb xərcləri, geyimləri, məktəb ləvazimatlarının pulunu verir. 3 mərtəbəli ev veriblər, həyətimdə toyuğa qədər hər şey saxlayıram. Adamlar var ki, evlərini 5-10 min manata satıb, burda həyatlarını davam edirlər. “Azul”un verdiyi yardımla Bakıdakı borclarını ödəyirlər. 5 ilə o yardımın puluyla borclarını ödəyir”.



XAQANİ HƏSƏNOV: “ALMANLARIN SOYUQLUĞU VAR, AMMA KOBUDLUQ YOXDUR”


Digər müsahibimiz isə keçmiş OMON-çu Xaqani Həsənovdur. 1995-ci ildə gəlib Almaniyaya: “OMON dağılandan sonra qərar verdim ki, bura gəlim. 2003-cü ildə oturum izni aldım. Müvəqqəti oturum verdilər mənə. Əvvəl 6 aylıq, sonra 1 illik. Daimi qeydiyyat 2003-cü ildə olub. Yalnız gəlmişdim, ailəni burda qurmuşam”.

X.Həsənov polşalı xanımla ailə qurub. Amma bu barədə xüsusi olaraq danışmaq istəmir. Dediyinə görə, Azərbaycana gedib -  gəlməsində problem var: “Yaş yarımlıqdır oğlum. Azərbaycan dilini öyrədəm ona. Özüm 20 ildir ki, Almaniyadayam- alman dilini öyrənmişəm. Sivil bir ölkədir, insan haqları, demokratiya var. Bura alışmaq çətin idi. Dili bilmirsən. Yeməyinə, insanına alışmaq çox çətin idi. Öz vətənim, öz torpağım deyil ki... Yabançı bir ölkədə yaşamaq asan deyil. Azərbaycanda ilk şərtlər düzələn kimi qayıtmaq istəyərəm. Hər il gedib  - gəlirəm. İlk gəldiyimiz illərdə 3-4 il Azərbaycana gedəmməmişəm. Bizim haqqımızda qərarlar dəyişən kimi mən də qayıdacam ”. 
Keçmiş OMON-çu Azərbaycandakı vəziyyəti də tənqid edir. Deyir ki, ölkənin iqtisadi vəziyyətində yaxşılaşma yox, pisləşmə var: “Bakıda dəbdəbəli binalar, şadlıq sarayları tikilib. Amma bunun yerli xalqa bir xeyri varmı? Yoxdur. Bir qrup insanlara xeyri var ancaq”.
Müsahibimiz almanların onlara münasibətindən də razılıq edir: “Bu millətin bir az soyuqluğu var, amma kobudluq yoxdur. Mən mühacir olan zaman bizə münasibət yaxşı olub. İndi özümüz ev kirayələmişik. Azərbaycana maşın alqı-satqısı ilə məşğul idim. Yeni ildən bəri bu biznes də tamamən azalıb. Azərbaycanda xaricdən gətirilən maşınlarla bağlı yeni qanunların çıxması, dolların qiymətinə görə xeyli ziyan çəkmişik”.

TOĞRUL HƏSƏN: “GƏLƏNDƏ 6 YAŞIM VARDI, MƏKTƏBDƏ QEYRİ-ALMAN DİLİNDƏ DANIŞMAĞA İCAZƏ VERMİRDİLƏR” 

Toğrul Həsən və müxbirimiz Sevinc Telmanqızı


Görüşümüzdə gənc nəslin nümayəndəsi də var: Toğrul Həsən. Kəlbəcərin sabiq İcra Başçısı, tanınmış sima olan İlham Həsənin oğlu. Hazırda universitetin iqtisadiyyat bölməsində təhsil alır. Bundan başqa, Frankfurt Azərbaycan Gənclər təşkilatında və Mainz Azərbaycan Cəmiyyətində fəaliyyət göstərir: “Əsas fəaliyyətimiz Avropada yaşayan və təhsil alan gənclərimizi fəallaşdıraraq, doğma Azərbaycanımızı Avropada tanıtmaq, onun problemlərinin həllində beynəlxalq təşkilatlarının daha aktiv və ədalətli qərarlar verməsi üçün onları düzgün məlumatlarla təmin etməkdir”. 
21 yaşında olan T.Həsən Almaniyaya gələndə 6 yaşında olub: “Yadımdadır, biz bura gələndə 6 yaşım var idi. Adamlara baxanda təəccüb edirdim. Deyirdim ki, niyə bu qədər çox sarı adam var burda(gülür). Burada böyüdüm, gələndən 6 ay sonra məktəbə başladım”.


Toğrul Həsən: “ Bakının metro polisindən bir söz soruşmuşdum, çox əsəbi cavab verdi. O qədər təəccüblənmişdim ki...”


Müsahibim danışanda alman ləhcəsi nitqində hiss olunur. Hərdən söz seçimində əziyyət çəksə də, fikrini  ifadə edə bilir: “Mən Azərbaycana getmişəm bir neçə dəfə. Gələn kimi məndən soruşdular ki, ora necə idi. Cavabım belə oldu ki, Bakıda insanlar daha aqressiv, acıqlı idi. Bazarda, metroda hamı bağırır, qışqırırdı. Metroda polisdən bir söz soruşmuşdum, çox əsəbi cavab verdi. O qədər təəccüblənmişdim ki. Amma istiliyi də, qohumluğu da çox gördüm Bakıda. İnsanların bir-birinə istiliyini çox hiss etdim, çox xoşuma gəldi”. 

T.Həsən deyir ki, Azərbaycandan gələn gənclərin inteqrasiyasında ciddi problemlər olur. Buna səbəb onların qeyri-dəqiqlik ritminə alışmasıdır: “Saat 6-da görüş danışırıq, amma saat 7-də gəlirlər. Mən buna təəccüblənirəm hər zaman... Azərbaycandakı siyasi durumla bağlı da məlumatlıyam. Hesab edirəm ki, müasir Azərbaycanı, oradakı durumu Rusiya ilə müqayisə etmək olar”. 

Müsahibimiz deyir ki, Azərbaycan dilində ancaq valideynləri ilə evdə danışır: “Məktəbdə bizə heç vaxt öz doğma dilimizdə danışmağa icazə vermirdilər... Mən Azərbaycanda iş qurmaq istəyərəm. Təhsilmi yekunlaşdırandan sonra bunu etmək istəyərəm”. 

P.S. Növbəti müsahibəmiz İlham Həsənin Almaniya həyatı, Azərbaycanda yaşananlara bağlı maraqlı yanaşmaları haqda olacaq. Bizi izləyin. 

Sevinc TELMANQIZI 
Frankfurt, Almaniya  


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR