İnsanlara hürriyət, millətlərə istiqlal!

Professordan ŞOK zəlzələ proqnozu - "2024-cü ildə..."

4914 07.11.2023 08:00 Müsahibə A A

Professordan ilginc açıqlamalar: “İstanbulda, Kıbrısda güclü zəlzələnin baş verməsi qaçılmazdır”

Dünyanı yenə zəlzələ “kabusu” bürüyüb. Bir neçə gün öncə Hindistan-Nepal sərhədində 6 maqnitudalı zəlzələ qeydə alınıb ki, bunun nəticəsində yüzlərlə insan həyatını itirib. Bundan əvvəl, oktyabr ayında Əfqanıstanda 6,3 maqnitudalı zəlzələ olmuşdu ki, 3 minə yaxın insan ölmüşdü. Daha sonra Tacikistanda, ötən gün isə Özbəkistanda zəlzələ baş verib. 

Türkiyədə isə yeni tələfatlara səbəb ola biləcək 7,9 bal gücündə zəlzələ gözlənilir. Bu barədə Adıyamanda təşkil olunan seminarda yaponiyalı ekspert Yoşinori Morivaki danışıb. Onun fikrincə, zəlzələ qurbanlarının sayı, dağıdıcı fevral (2023) zəlzələləri zamanı olduğundan 2-3 dəfə çox ola bilər. O zaman 50 mindən çox insan ölmüşdü. Moriwaki hesab edir ki, bu dəfə fəlakət Bingöl, Karlovı, Bitlis, Muş, Marmare adası və İzmiri əhatə edə bilər. “Mərmərə dənizi bölgəsində fevralın 6-da baş verən zəlzələdən 2-3 dəfə çox insan tələfatı ola bilər. Çox, çox güclü ola bilər, çünki orada daha çox insan var. Təəssüf ki, Mərmərə çox güclü zəlzələ ilə üz-üzədir”, - Morivaki izah edib. Qeyd edək ki, bir müddətdir bu qəbildən proqnozlar İstanbul haqda səslənirdi.

Yer elmləri üzrə ən gənc elmlər doktoru

Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, elmlər doktoru, professor Qulam Babayev “Yeni Müsavat”a danışıb, mövzu ilə bağlı suallarımızı cavablandırıb.

- Qulam müəllim, sanki zəlzələ yağışı dünyanı bürüyüb. Yapon mütəxəssisin proqnozu olduqca təhlükəlidir. Türkiyə yenə dağıdıcı zəlzələnin astanasındadır?

- 2022-ci ildən etibarən Yer kürəsi zəlzələ və tektonik dəyişilməsi dövrlüyünü yaşayır. Bu son aylarda zəlzələnin şiddəti daha da artıb. Çünki tektonik dəyişilmə dövridir. Ələlxüsus buna fevral ayında, Türkiyədə baş vermiş güclü zəlzələdən sonra fikir verməyə başladıq. Mən əvvəl də demişdim ki, bu şiddətli zəlzələ dövriliyi 2024-cü ildə də davam edəcək. Gördüyünüz kimi, Əfqanıstanda oldu, bu yaxınlarda Nepalda da dağıdıcı zəlzələ oldu və yenə olacaq. Qırılmaların bir-biri ilə hərəkəti nəticəsində bu ardıcıllıq sistemli şəkildə baş verəcək. Türkiyədə fevral ayında baş verən zəlzələ isə güclü, həddən artıq unikal bir tektonik yerdəyişmə, qırılmaların yaranması nəticəsində baş verdi. Bu, böyük bir regional bir blokdur. Türkiyə özü də seysmoaktiv ərazidə yerləşir. Bir neçə blokun, plitənin qoşulma nöqtəsindədir. Mən o zaman da bildirmişdim, indi də deyirəm ki, İstanbulda, Kıbrısda zəlzələnin baş verməsi qaçılmazdır. Ona doğru gedir. Mən yaponiyalı seysmoloqların proqnozlarına qoşuluram. Sadəcə, onun şiddətini demək çətindir. Hələ bu günə qədər dəqiq maqnitudanı, zamanı, zəlzələnin dərinliyini və yerini demək mümkün deyil. Baxmayaraq ki, müasir cihazlar, yanaşmalar mövcuddur, orta müddətli, uzun müddətli olmasını demək olar. Amma qısa müddətli, ekstremal proqnozu demək olmur. Müşahidələr onu göstərir ki, Türkiyədə mütəmadi olaraq zəlzələ baş verəcək.

- Qulam müəllim, türkiyəli mütəxəssislər elə fevral ayında Bakının  da Zəlzələ Təhlükə Xəritəsində zəlzələ fay zonasında yer aldığını bildirmişdilər. Bakıda da güclü zəlzələ ola bilər demişdilər. Bu nə dərəcədə həqiqətə uyğundur? 

- O fay nöqtəsinin Azərbaycanla, Bakı ilə əlaqəsi yoxdur. Lakin o nəhəng bir tektonik blok Türkiyədən Qafqazı əhatə etməklə Xəzər dənizinə, Türkmənistana qədər uzanır. Biz həmin o nəhəng blokda yerləşmişik. Sırf sərhəd olmasa da, amma regional böyük blokun üstündəyik. Bu bloklar da kiçik plitələrlə əlaqədədir, kiçik, böyük qırılmalarla sərhəddədir. Təbii ki, bu blok aktivləşmə dövrünü yaşayır.

- Onda buradan belə qənaətə gəlmək olar ki, hər an güclü zəlzələ ola bilər?

- Hər halda, hiss olunan zəlzələlər qaçılmazdır. Biz o dövrü yaşayırıq. 2024-cü ildə də davam edəcək. Əvvəldə qeyd etdiyim kimi, Əfqanıstanda, Nepalda, Tacikistanda oldu. İranda mütəmadi olaraq baş verir.

- Zəlzələlərin ilin hansısa dövründə daha güclü olması ehtimalı varmı, yəni fəsillərin buna təsiri varmı?

- Fəsillə əlaqəsi yoxdur, amma Günəşin və Ayın cazibə qüvvəsinə əsasən, Yer kürəsinə təsiri və əlaqəsi var. Sadəcə, bu başqa bir elmdir. Bu da astronomiya, yer fizikası elmidir. Yer kürəsi ilə Ayın, Günəşin cazibə qüvvəsindən gedir söhbət.

- Elə söz düşmüşkən, avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci “Super Ay” hadisəsi müşahidə olundu. Xarici ekspertlər Yer üçün təhlükəli olacağını dedilər. Ay və Yer arasında belə bir məsafə planetimizin geoloji sabitliyinə təsir edə biləcək iki güclü qravitasiya zərbəsinə səbəb ola bilər demişdilər. Amma Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bu, təkzib olundu, deyildi ki, bunun elmi əsası yoxdur. Halbuki “Super Ay” görünəndən bir neçə gün sonra elə Sabirabadda 5.2 bal, daha sonra digər rayonlarda da zəlzələlər baş verdi. Elə Kahramanmaraşda baş verən güclü zəlzələni də “Super Ay”la əlaqələndirənlər var idi...

- Bəli, elmi cəhətdən sübutu yoxdur, misal üçün, deyək ki, bir gün 24 saatdır, bunu sübut etmək lazım deyil, bu artıq qəbul olunub, bir aksiomadır. Amma bunu sübut etmək mümkün olmasa da, əlaqəsinin mövcudluğunu inkar etmirik. Əgər o sübut edilsə, ən azı qısamüddətli proqnozların elementlərindən birinə yaxınlaşa bilərik. Sübut yoxdur deyə ona görə qısamüddətli proqnoza yaxınlaşmaq mümkün olmur. Yəni bununla bağlı elmi istiqamət var, bir neçə nəzəri hissələr var, təcrübə var, riyazi əlaqəsi təsdiq olunur, amma sübut etmək olmur, onu aksioma çevirmək mümkün deyil. Çünki bu ayrıca bir elmdir, ayrıca bir nəhəng istiqamətdir. Yerin, Ayın, Günəşin cazibə qüvvəsi təsirsiz ötüşmür.

- Seysmoloji Mərkəzin rəhbərliyi mediaya açıqlamasında dəfələrlə bildirib ki, Azərbaycanda güclü zəlzələ olmayacaq. Mərkəzin açıqlamaları ilə razısınızmı?

- Zəlzələlərin bir neçə növü var, hiss olunan, güclü, dağıdıcı və sairə. Dağıdıcı gözlənilmir. Amma bir seysmoloq kimi deyə bilərəm ki, hiss olunan zəlzələlər olacaq və mövcuddur. Çünki biz hazırda həmin dövriliyi  yaşayırıq. Gün ərzində onsuz da kiçik maqnitudalı zəlzələlər baş verir. Sadəcə, əhali onu hiss etmir, alətlər, cihazlar hiss edir. Hətta 0.5 bal gücündə zəlzələ alət üçün hiss olunan sayılır. Amma hər zaman deyirəm, hiss olunan zəlzələlərin baş verməsi zəlzələlərin şiddətli dövründə qaçılmazdır.

- Hiss olunan zəlzələ dedikdə neçə bal nəzərdə tutulur?

- 5.5 bal artıq hiss olunan sayılır. Misal üçün, Lənkəranda baş verən zəlzələ 5.3 idi, bu hiss olunan sayılır.

- Bakıda 2000-ci il, noyabrın-25 də baş verən zəlzələ kimi zəlzələ yenidən gözlənilir?

- Ən azından bizim tədqiqatlarımız bunu göstərmir. Amma yenə deyirəm, tektonik və zəlzələ şiddəti  dövriliyini yaşayırıq.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR