İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”

325 25.04.2024 16:53 Siyasət A A


“Vardanyan milyardlarından keçsə belə, layiq olduğu cəzadan yayına bilməyəcək”.

Bu sözləri Musavat.com-a AMİP liderinin köməkçisi, politoloq Əli Orucov deyib. O bildirib ki, Qarabağ separatçılarının lideri Ruben Vardanyan adının son vaxtlar dövriyyə buraxılması, onun barəsində informasiyaların mediada tez-tez işıqlandırılması təsadüfi deyil:

“Vardanyan barədə həbs olunmamışdan əvvəl də müəyyən şayiələr buraxılırdı. Gah onun tarixin zibilliyə atılmış separatçı rejimə rəhbər gətiriləcəyi, gah da baş nazir Paşinyanı əvəz edəcəyi barədə məlumatlar yayıldı. Bəlkə də hansısa güclərin belə bir planları olub. Lakin Azərbaycanın davamlı təzyiqləri və qətiyyətli mövqeyi Vardanyan amilini darmadağın etdi. Son olaraq da sərhədçilərimizin sayıqlığı nəticəsində qaça bilməyib, tutularaq qolları qandallı Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verildi. Onun ədalət məhkəməsində yarğılanaraq layiqli cəzasını alacağına da qətiyyən şübhəm yoxdur. Görünür həm bu faktor, həm də hansısa məkrli qüvvələrin yeni məkrli planları, həm də onun çirkli yollarla qazandığı milyardları Vardanyanı diqqət mərkəzinə gətirməkdədir. Bu gün Ermənistanda mürəkkəb bir situasiya yaranıb. Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə görülən işlər, hər iki dövlət arasında vasitəçilərsiz razılaşmaların əldə edilməsi təlatümlərə yol açıb. Cənubi Qafqaza marağı olan Qərb, Rusiya, İran da fəallaşmaqda, pozuculuqla məşğul olmaqdadır. Mən xüsusən də Qərbin üzərində dayanmaq istərdim. ABŞ və müttəfiqləri Ermənistanı ciddi cəhdlə yeni müharibəyə və regionu böyük qarşıdurmaya sürükləyir. Erməni cəmiyyətinin Türkiyəyə, Azərbaycana uzun illər kök salan nifrət və fobiyasını körükləyərək barışığa, normallaşmaya imkan vermirlər. Ermənistanda təkcə siyasilər deyil, din xadimləri, ruhanilər də artıq etiraz pozuculuq prosesinə cəlb edilib. Destruktiv dairələr baş nazir Paşinyana müxalif olan bütün tərəfləri səfərbər edib, prosesin qarşısını almağa çalışırlar.

Vardanyan faktoru, əgər buna faktor demək mümkündürsə, Rusiyanın və Qərbin karına gəlir. Region uğrunda Qərblə Rusiya arasında ciddi rəqabət getdiyi halda Kremlin adamı kimi xarakterizə olunan Vardanyanın CNN kanalında oğlunun iştirakı ilə müzakirəyə çıxarılması təəccüb doğursa da, əslində, bu onu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan məsələsində Vaşinqton-Brüssel-Moskva triosunun mövqelərində üst-üstə düşən məqamlar da var. Görünür onları Cənubi Qafqazda Türkiyənin və Azərbaycanın rolunun daha da artması, aparıcı rol alması narahat edir və qayğılandırır. Heç kəsə sirr deyil ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması, siyasi, iqtisadi, ticari əlaqələrinin bərpası İrəvanı böyük güclərin təsir dairəsindən və alət kimi istifadəsindən çıxarır. Ümumilikdə bu hal Cənubi Qafqazda inteqrasiyanı sürətləndirərək, müstəqil siyasət yürütmələrinə imkan yaradardı”.

Ekspert bildirib ki, separatizm təhlükəsi bu gün Qərbin özünə də təhdidlər yaradır:
“Təkcə İspaniyada 7 milyondan artıq basqılar Kataloniyanı ayırmaq uğrunda illərdir ki, mübarizə aparır. Katalonların lideri Puçdemon hələ də Belçika krallığının himayəsindədir. Beynəlxalq təşkilatların hesabat və statikasına görə, hazırda dünyada 220 milyon nəfərdən çox əhalini, 12,7 milyon kvadrat kilometr ərazini əhatə edən 50-dən çox separatizm ocağı mövcuddur. Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Korsika və.s kimi problemlər uzun illərdir ki, sürməkdədir. Amma nədənsə Qərb ermənilərə daha çox canıyananlıq sərgiləyir. Bu cür yanaşmanı təkcə Qərbin ikili standartı kimi deyil, Türkiyə, Azərbaycan və bütovlükdə türk dünyasına qarşı tarixi neqativliyin, dözümsüzlüyün təzahürü kimi izah etmək daha doğru olardı”.

Politoloq bunu da qeyd etdi: “Avropada hələ də “səlibçi” düşüncəsi, “istismar” təfəkkürü qalmaqdadır: “Hesab edirəm ki, Vardanyanlar kartı Cənubi Qafqaz uğrunda böyük oyunda artıq lazımsız kartdır və ondan istifadə cəhdləri də uğursuzdur. Vardanyan hansı priyomlara, hansı vasitələrə al atırsa atsın, milyardlarından keçsə də layiq olduğu cəzadan yayına bilməyəcək. Həm də ona görə yayına bilməyəcək ki, haqq, ədalət və qəti iradə deyilən bir məfhumlar da var”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR