İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın geyim-keçiminə yox, Əliyevin nə deyəcəyinə diqqət!

3369 14.05.2023 13:47 Yazarlar A A

Haradasa bir saata (15:00) Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinayn arasında üçlü formatda növbəti görüş olacaq. Bu, sayca beşinci belə təmas kimi tarixə düşəcək.

Gündəm təxminən bəlli. Onun irəli aparılmasından ötrü yeganə şərt - rəsmi İrəvanın nəhayət, söz oyununa, sülh hoqqabazlığı və siyasi təlxəkliyə son verib özünü adekvat aparmasıdır. Yəni Azərbaycan kimi beynəlxalq hüquqa sayğılı olduğunu əməldə sübut eləməsidir. Yerdə qalanlar ikinci, üçüncü dərəcəli məsələlər, hətta texniki xarakterli detallarıdır. O cümlədən Paşinyanın Mişelllə görüşə “ev paltarında” gəlməsi.

Lap maykada və pijamada gəlsin. Bizim üçün önəmli olan onun geyim tərzi, yaxud nə dediyi yox, nə eləməsidir. Beynindəkidir. Hərgah, Ermənistanın müstəqilliyi və suverenliyi hələ də “rüşeym” halında qaldığı, SSRİ dönəmindəki tək Kremldən güclü asılılıqda olduğu üçün Nikolun vədlərinin də xüsusi dəyəri yoxdur. “Qərbçi” Paşinyanın Moskvadakı 9 May paradında Putinlə yanbayan durması bunun daha bir bariz təsdiqi idi...

Hələ Nikolun dünən söylədiyi “Rusiya Ukrayna müharibəsində uduzsa, batdıq” sözləri. Paradda iştirakını “Ermənistanın həyati maraqlarından irəli gələn yeganə düzgün qərar” adlandıran erməni baş nazir ardınca bildirib: “Ermənistan təbii qazı öz strateji tərəfdaşı Rusiyadan alır. Mənim Moskvadakı paradda iştirakdan imtinam təhlükəli avantüra olardı. Üstəlik, Rusiya Ukraynada uğursuzluğa düçar olarsa və uduzarsa, Ermənistanın başına nə gələcəyini təsəvvür etmək belə istəmirəm. Bu halda Ermənistan yüz il əvvəlki hadisələrin təkrarı və müstəqilliyinin itirilməsi ilə üzləşəcək”.

Guya ki, Ermənistan indi müstəqil dövlətdir.

Nə demək bütün bunlar? Qoy Qərbin “beyin mərkəzləri” bir az da “sorosçu” erməni hoqqabazın yuxarıdakı açıqlaması haqda baş sındırsınlar.

Qayıdaq Brüssel danışıqlarına.

Erməni politoloq Karen İgidyan bugünkü müzakirələrdən gözləntilərlə bağlı bildirib ki, görüşlərə Paşinyanın deyil, Əliyevin bəyanatları prizmasından baxmaq lazımdır. “Çünki Prezident Əliyev nəyin bahasına olursa-olsun, Azərbaycan tərəfinin uğurlarının əks olunduğu saziş imzalamağa çalışır. Bu sənəd Azərbaycanın malik olduğu və əldə edə biləcəyini hüquqi cəhətdən təsbit edəcək, ona görə də Bakını heç nə ilə məhdudlaşdırmayacaq”, - deyə o vurğulayıb.

Erməni təhlilçi ilə razılaşmamaq çətindir. Gerçəkdən, əsas olan danışıqlardan sonra Nikolun nə çərənləyəcəyi yox, İlham Əliyevin nə deyəcəyidir. Ona görə ki, sülh sazişi ətrafında gündəmi də, iki və çoxtərəfli formatlarda abı-havanı da məhz Azərbaycan və onun rəhbəri müəyyən edir. Təkcə ona görə yox ki, biz haqlıyıq. Həm də o səbəbə ki, qalib, güclü və diktə edən tərəfik.

Odur ki, bir az da gözləyək. Görək, Azərbaycan Prezidentinin dilindən nə səslənəcək. Bir şeyi əminliklə söyləmək olar ki, bu səviyyəli nəticəsiz görüşlərin sayı artdıqca cənab Ş.Mişelə və onun təmsil elədiyi quruma qalib Azərbaycanın inamı azalır. Əfsus ki, Brüssel prosesi artıq bədnam və üzücü “Minsk prosesi”nə oxşamağa başlayıb.

O üzdən avropalı vasitəçilər real nəticə naminə tələssələr yaxşıdır. ABŞ və Avropa İttifaqının sülh sənədi naminə kapitulyant ölkəyə təzyiq eləmək əvəzinə, onun kaprizləri ilə davamlı şəkildə oynamasına Bakının hövsələsi sonsuz olmayacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR