İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sədrləri müxalifət-iqtidar dialoqundan danışdılar

765 18.04.2019 09:20 Siyasət A A

Sərdar Cəlaloğlu: “Təklif gələrsə, biz dialoqun hansı məsələ ilə bağlı keçirildiyinə, kimlərin dəvət olunmasına baxacağıq”; İsgəndər Həmidov: “Bir zamanlar dialoqlar keçirilirdi və hesab edirəm ki, onların heç birinin faydası olmayıb”

Hakim Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə  təmsil etdiyi partiyanın müxalifət-iqtidar dialoquna hazır olduğunu deyib.

O, modern.az saytına  açıqlamasında qeyd edib ki, müxalifət tərəfindən hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər edilsə, bu, nəzərdən keçiriləcək:

 “Dialoq ümumilikdə götürdükdə mühit deməkdir. Tərəflərin öz mövqeyini bildirməsi, qanun və sivillik çərçivəsində polemikaya gedilməsi, öz arqumentlərini irəli sürməklə söhbət aparılmasıdır. Hesab edirəm ki, bu məsələdə problem yoxdur. Sosial şəbəkələrdə fərqli fikirlərin yayılmasını, iqtidar-müxalifət polemikasını görürük. Birbaşa dialoq səviyyəsində görüş məsələsinə gəldikdə isə Yeni Azərbaycan Partiyası hər zaman görüşlərə, dialoqlara hazırdır. Bu münasibətə qapıları həmişə açıqdır. Müxalifət tərəfindən görüşlə, hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər olarsa, bu, nəzərdən keçiriləcək. Üzvü olduğum partiya hər zaman Azərbaycanda demokratiyanın olmasına çalışır, müxtəlif fikirlərin səsləndirilməsinə hörmətlə yanaşır”.

Bəs müxalifət nümayəndələri səslənən təkliflə bağlı nə düşünürlər?

Əvvəlcə qeyd edək ki, ötən sayımızda da bu barədə material dərc olunub. Həmin yazıda Ümid Partiyasının sədri İqbal Ağazadənin, VİP sədri Əli Əliyevin və AĞ Partiya başqanı Tural Abbaslının təklifə münasibətlərinə yer verilib.

Sərdar Cəlaloğlu İsgəndər həmidov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu səslənən təkliflə bağlı aşağıdakıları bildirib:

“Cəmiyyətdə hər zaman dialoqa ehtiyac, gərək var. Dialoq vacib məsələdir, lakin gərək dialoqun da nəticələri olsun, ciddi mövzulara bəs edilsin ki, cəmiyyətin bu yolla dəyişiklik olacağına ümidlər artsın. Yoxsa nəticəsi olmayan dialoq keçiriləndə, xalqın dialoqa olan münasibəti də pisləşir. Son nəticədə isə ciddi siyasi düşüncə sıradan çıxır. Ona görə də təbii ki, dialoqa hazır olmağın özü yaxşı bir məsələdir. Ancaq dialoq real və gerçək nəticəyə gətirməyəcəksə əks effekt verəcək. Təklif gələrsə biz dialoqun hansı məsələ ilə bağlı keçirildiyinə, kimlərin dəvət olunmasına baxacağıq. Ondan sonra isə qərar verəcəyik. Siyasi dialoqun mahiyyəti müəyyən problemlərin həllində iqtidarla müxalifətin əməkdaşlıq etməsidir. Əgər biz problemi həll etməyəcəyiksə, ortada nəticə olmayacaqsa, o zaman bunun adını dialoq qoymaq olmaz. İndiki halda hesab edirəm ki, islahatlar məsələsinin dialoqa çıxarılmasına ehtiyac var. Çünki cəmiyyətdə islahatlar getmədiyi üçün cəmiyyət inqilaba doğru sürüklənir. Bu isə həm iqtidarın, həm müxalifətin, həm də dövlətin mənafelərinə ziddir. Vəziyyətdən çıxmaq üçün isə islahatların düzgün yol xəritəsini müəyyən etmək, ictimai nəzarət mexanizmlərini təşkil etmək lazımdır. Bu kimi problemlər mövcuddur və məsələnin müzakirə edilməsi daha vacibdir”.

Sərdar Cəlaloğlu İsgəndər həmidov ile ilgili görsel sonucu

Milliyyətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidov birmənalı olaraq bildirib ki, dialoq keçirilərsə, o, qatılmayacaq:

“Aydın Mirzəzadəyə hörmətim var. Ancaq dialoq məsələsindən narazıyam və iştirak etməyəcəm. Çünki o insanlar Yeni Azərbaycan Partiyasında heç nəyi həll etməyib, qərar vermirlər. Sadəcə olaraq, boş-boş vədlər havada qalacaq. Ona görə də özüm haqqımda deyirəm ki, iştirak etməyəcəm. Bu, mənim özümə aid fikrimdir. İdarə heyəti müzakirə edər, kiminsə iştirak etmək istəyi olarsa, dialoqa qatıla bilər. Bir zamanlar dialoqlar keçirilirdi və hesab edirəm ki, onların heç birinin faydası olmayıb. Dəfələrlə keçirilən dialoqun axırı boş çıxıb və xalq aldanıb. Dialoqun predmeti olmalıdır. Orada nəyin müzakirə ediləcəyi bilinməlidir. Sabah tutalım ki, dialoq keçirildi və qərar qəbul edildi ki, demokratik seçki keçiriləcək. Hər kəs bilir ki, bu, baş verməyəcək. Ona görə də mən bəri başdan deyirəm ki, dialoqa qatılmayacam”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR