İnsanlara hürriyət, millətlərə istiqlal!

"Parçalanmış imperiyalar tarixdə qalıb, biz önümüzə baxmalıyıq" – Əfşar Süleymani

3351 25.08.2022 12:01 Müsahibə A A

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani “Yeni Sabah”a müsahibə verərək, Azərbaycan mediasında adının hallandırılmasına və bir qrip tərəfindən gözdən salınmasına yönəlik işlər görənlərə hiddətini ifadə edib. Musavat.com sabiq səfirin müsahibəsini dərc edir.

- Sizin adınızdan yayılan son açıqlama böyük narazılığa səbəb olub. Belə bir söz demisinizmi? Əgər deyilibsə, hansı səbəbdən deyilib?

(Bildirək ki, Ə. Süleymaninin “Mən arzu edirəm ki, İrana məxsus olan və Gülüstan, Türkmənçay, Axal və s. anlaşmalar əsasında İrandan ayrılan bütün torpaqlar yenidən İrana birləşdirilsin” kimi fikirlər ifadə olunan açıqlaması yayılıb).

- Mənim mövqeyim həmişə çox şəffaf olub və sözümü demişəm. Hər zaman söyləmişəm ki, İran-Azərbaycan əlaqələrinin inkişafı və möhkəmlənməsi ondan asılıdır ki, qarşılıqlı inam olsun və ortada heç bir şübhə olmasın. Tarix, tarixdə qalsın və bütün imkanlardan müştərək istifadə edərək ölkələrimiz arasında sıx əlaqələr olsun. Bu da həm iki xalqın xeyrinə, həm dövlətlərarası, həm də regionda təhlükəsizliyin qorunması baxımından mühümdür.

Təəssüfedici aldır ki, mənim müstəqil bir politoloq olaraq mövqeyim bəzilərini incidib. Burada ikibaşlı oynamaq olmaz. Bəzən Azərbaycanda da mənim əleyhimə yazıblar, İranda da.

Bu məsələ də belə olub ki, biz votsap qrupunda bir sıra söhbətlər aparmışıq, bəziləri isə orada həmin məsələləri ortaya qoyub. İranın bir sıra keçmiş səfirləri çıxışlar ediblər. Mən, hətta onlara da münasibət bildirmişəm ki, bu sözlər yaxşı deyil.

Orada bu söhbət gedib ki, Gülüstan, Türkmənçay müqaviləsinin zamanı var və o ərazilər İrana qayıtmalıdır və s. Mən həmişə buna qarşı çıxmışam ki, belə şeylərlə nəsə əldə etmək olmaz. Orada da bu məsələlər oldu və mən də ona qarşı dedim ki, belə arzularla heç nə olmaz. Çünki bir çox imperiyalar dağılıb və əgər istəsəniz qədimə qayıdasınız, bu, mümkün deyil. Çünki bu illər ərzində nə qədər dövlətlər yaranıb. Bu, təkcə İrana aid deyil. Osmanlı imperiyası parçalanıb, Səfəvi imperiyası parçalanıb, eləcə də bir çox şahlar İranda devriliblər. Onların hamısı qaldı tarixdə, biz də önümüzə baxmalıyıq. Sözümün kökü budur.

Xalqları bir-birindən uzaqlaşıdırb əlaqələri korlamaq istəyən qüvvələr ki, var, onların da məqsədi geriyə qayıdıb bu söhbətləri etməkdir. Mən də demişəm ki, İranla Azərbaycanın təhlükəsizliyi qorunmalıdır və ona da heç kim toxunmamalıdır. Hər ölkə də xarici və daxili siyasətini özü qurmalıdır.

Təbii ki, xaricdə siyasətdə də ölkələrin bir-birinə ziyanı olmamalıdır. Çünki hər ölkə digər ölkələrlə əlaqə qura bilər, bu, beynəlxalq hüquqdur. Lakin ölkələrin digər ölkələrlə əlaqələri üçüncü ölkələrin ziyanına olmamalıdır. Ondan sonra heç kim heç kimə dərs keçə bilməz ki, xarici siyasəti necə olsun. Daxili siyasəti də özünə aiddir. Bu, prinsipdir və belə də olmalıdır.

Yenə də xatırlatmaq istəyirəm ki, həmin qrupda belə fikirlər söyləndi. Orada çoxlu yazılar olub və bir-iki cümlə yazılmalıyb ki? Mən orada ətraflı bu məsələni aydınlaşdırmışam. Lazım olsa, bunların hamısını da açıqlaya bilərəm.

Son sözüm budur ki, Azərbaycanın da, digər ölkələrin də müstəqilliyi və ərazi bütövlüyü qorunmalı və tarixi də tarixdə saxlamaq lazımdır.

İndi kim kimin torpağını ala bilər? Beynəlxalq hüquq var, BMT var. Bu məsələlər də bitib, gedib. Mən sözümün üstündə dururam. Təkcə Azərbaycanın mövqeyini müdafiə etməmişəm, eləcə də onun beynəlxalq hüquqda olan haqlarını qorumuşam. Necə ki, mən Ukraynanı da müdafiə edirəm. Əgər mən Ukraynanı da müdafiə edirəmsə, onda Ukraynanın “beşinci kolon”uyam?! 44 günlük müharibədən bəri mənim əleyhimə yazırlar, şantaj edirlər ki, sən Azərbaycanın adamısan, onlara qulluq edirsən və s. Mən də durmuşam bunların qarşısında. İnternetdə hamısı var. Bu mənim mövqeyimdir, ikiüzlü adam deyiləm. İkiüzlü onlardır ki, satqındırlar və öz şəxsi mənafelərinə qulluq edirlər, vaxtı gələndə də mövqelərini dəyişirlər. Mən səfir olan vaxtı da, indi də mövqeyimdə qalmışam. Birdən-birə göydən düşməmişəm ki?! 30 ildir bu məsələlərlə məşğulam və mövqeyim bilinir. Onun üçün mən bunu əxlaqsızlıq bilirəm ki, olmayan şeyi götürüb ayrı cür yozurlar. Bunlar İran-Azərbaycan əlaqələrinin düşmənləridir.

- Sizin bu müzakirədə iştirak edən digər şəxslərin adlarını çəkə bilərsinizmi?

- Mən onlar kimi deyiləm ki, arxadan xəncər vurub, qılınc çəkim. Ad çəkməyəcəyəm. Əlbəttə, o qrupa müxtəlif mövqeləri olanlar var. Amma hamısı da pis deyillər ki? Biz demək olar ki, orada elə adamlarla didişirik. Mən ad çəkə bilmərəm, çünki mən onlar kimi deyiləm bunu götürüb başqa məqsədlə göndərim. Mən nə yazmışam, nə demişəmsə, göstərsinlər. Onu bir elan etsinlər də... Bunu da edən “Nardaran 313” kanalıdır. Hansı ki, mənim əlaqəm yoxdur elə bir şeylə. Amma onu deyə bilərəm ki, mənim yazımı hər kim veribsə, sübutu da göstərsin. Heç kimin haqqı yoxdur ki, mənim adımdan nəsə yaza.

Mən bu hərəkəti yenə də kəskin şəkildə pisləyirəm, bunu əxlaqsızlıq bilirəm.

O kanal da göstərsin görüm, mən belə bir şey yazmışam? Sübutlar qoysun qarşıma. Mən bu hərəkətlərə tülkülük deyirəm. Alnım açıq, sözüm düzdür. Durub sözümü də deyirəm. Kiminsə haqqı yoxdur ki, mənim sözümü desin, vəkilim də yoxdur, ancaq özüm. Ona görə də hər kimin ki, mənə sözü var, onun qarşısında varam ki, gəlsin danışaq.

Mənim əleyhimə onsuz da çoxdandır yazırlar ki, “Azərbaycançıdır”, “Azərbaycanı müdafiə edir” və s. İndi zaman keçir və göstərilir ki, kim xaindir, kim xidmət edəndir. Xəyanətkar mən deyiləm, xəyanətkar onlardır ki, yalan yazırlar, ikiüzlülük edirlər. Mən o zaman da mühazirə etdim ki, bəli, mən Azərbaycanı dəstəkləyirəm. Çünki Azərbaycanın haqqı var deyə onu dəstəkləyirəm, eləcə də Ukraynanın. Mən İranın xarici siyasətini də tənqid edirəm ki, Ukraynanın ərazi bütövlüyü dəstəklənməlidir, bu təcavüz pislənməlidir.

- Siz həmişə Azərbaycanın mövqeyini müdafiə etmisiniz. İndi belə bir qalmaqalın yaranmasının arxasında sizcə, nə dayanır?

- 44 günlük müharibədən sonra İrandan TIR-lar Qarabağa gedirdi və Azərbaycan da etiraz edirdi. Mən onda yazdım ki, qonşu ilə belə davranmaq olmaz, açıq olmaq lazımdır. Niyə bu işlər görülür? Bu işlərin qarşısı alınmalıdır. Sonra da İran tərəfindən bəziləri pis reaksiya verdilər ki, Azərbaycan niyə belə deyir və s. Mən də onda söylədim ki, Azərbaycan deyir ki, mənim işğal altında olan torpağıma İran TIR-ları niyə gedir? Bura mənim torpağımdır. Bir dənə bunu dediyimə görə, adımı çıxardılar ki, Əfşar Süleymani Azərbaycanın “beşinci kolon”udur, İlham Əliyevə işləyir və s. Yenə də mən durmadım, davam etdim. Onda da mən bu məsələni təklif etmişdim ki, gedin, oturun, həll edin ki, həmrəyliyimiz pozulmasın. Özüm səfir olsaydım həll edərdim, qoymazdım ki, məsələ bu yerə çata. Özüm qarşısını alardım. Amma heç nə etmədilər, axırda da mənim sözümə gəldilər ki, düz deyirəm. 2 ay çəkdi, qarşıdurma oldu, KİV-lər qarşılıqlı ittihamlar səsləndirdi və son 2 aydan sonra İranın Yol və Nəqliyyat Nazirliyi göstəriş verdi ki, oraya TIR-lar getməyəcək. Mən də dedim ki, bunu elə əvvəldən həll edərdiniz də. Mən sözümə malikəm və hər bir suala da cavab verə bilərəm.

- Eyni ittiham bu gün də qalırmı? İndi də sizi Azərbaycanın “beşinci kolonu” adlandıran varmı?

- Hər gün biz bu məsələlərlə məşğuluq. İndi də mənim haqqımda olmazın sözlərini yazırlar. Burada KİV-lər var, sosial şəbəkələr var. Danışırıq, yazırıq, müsahibələr verirəm. Çoxu da fars dilindədir. Lakin mən də öz mövqeyimi deyib çoxlarını debata dəvət edirəm. Onlar da gəlmir. Bilirlər ki, mən haqq danışıram, ona görə də götürüb şantaj edirlər. Haqq yolunda mən həmişə durmuşam və duracağam.

- Həmin qalmaqallı açıqlamanın məhz Zəngəzur dəhlizi müzakirəsi zamanı ortaya çıxdığı deyilir. Bu dəhlizlə bağlı sizin fikriniz necədir? İran rəsmiləri açıq şəkildə bu dəhlizin əleyhinə çıxış edirlər? Sizcə, buna səbəb nədir?

- Həmin o qrupdakı ki, biz yazışırdıq, orada Zəngəzur məsələsi də ortaya çıxmışdı. Onun istiqamətində söhbətlər gedirdi. Bəziləri buna məntiqlə yanaşmadı. Onlar dedilər ki, Zəngəzur dəhlizi çəkilsə, İran-Ermənistan sərhədi itir. İran da buna razılıq vermir. Onu həll etmək üçün təklif də etdilər ki, Azərbaycan İrana qayıda. Hələ İranın İtaliyadakı sabiq səfiri Əbülfəzl Zöhrəvənd deyirdi ki, Azərbaycan, Naxçıvan İrana qayıtmalıdır. Elə deyir ki, sanki burada mənəm, Bağdadda kor xəlifə. Mən də dedm ki, bu mümkün olan iş deyil. Beynəlxalq hüquqa uyğun deyil və məntiq yoxdur.

Onda Zəngəzur məsələsi ortaya çıxanda dedim, yaxşı, durun gedib alın da, mən nə deyirəm ki? Siz Azərbaycanı qaytarmaq istəyirsiniz?! Sonra da Rza Şah Pəhləvinin Türkiyəyə verdiyi torpaq vardı, Naxçıvanla sərhəd üçün, ondan danışdılar. Naxçıvanın Türkiyə ilə sərhədi olmasaydı guya Naxçıvan Qarabağ müharibəsində İranın üstündə olacaqdı. Amma həmin o 13 km-lik ərazini Rza Şah verib, ona görə, o ərazi Naxçıvana nəfəs verir. Belə-belə sözlər deyilirdi. Mən də bunların hamısını kəskin pisləyirəm. Bunlar İranın milli maraqlarına uyğun deyil.

Dünən də mən bu məsələ ilə yazdım ki, bu danışdığınız sözlər nədir? Qaş düzəldən yerdə göz çıxardırlar. Belə bir şey mümkün deyil ki, sən bu məsələni təklif edirsən. Ondansa yol tapın və həll edin ki, İran-Azərbaycan əlaqələri güclənsin, sərhədlərdə əmin-amanlıq olsun. Eləcə də İran-Ermənistan sərhədləri qalsın. Texniki baxımdan bu mənim ixtisasım deyil bilmirəm ki, Zəngəzur dəhlizi olsa, İran-Ermənistan sərhədi itir, ya yox. Zəngəzur dəhlizi çəkilsə, İran-Ermənistan sərhədinin də qalması nə dərəcədə mümkündür. Belə məsələlər var. Amma sözüm ondadır ki, əgər Ermənistan özü razılıq versə, bu, ayrı məsələ. Yox Ermənistana İran sərhədi böyük önəm daşıyırsa, Ermənistanın özü bunu saxlamalıdır.

- Dəhlizin İran üçün hər hansı mənfi tərəflərini görürsünüzmü?

- İran tərəfində belə düşünürlər ki, Zəngəzur dəhlizi nəticəsində İran-Ermənistan sərhədi itsə, bu, İran üçün geopolitik baxımdan ziyandır. Əslində, bu Ermənistan üçün də ziyan olmalıdır. Çünki Ermənistanın İrana ehtiyacı daha çoxdur. Amma İranda deyirlər ki, bu yol alternativ olaraq bizə önəmlidir və əgər o bağlansa, ancaq asılılıq olacaq Türkiyə və Azərbaycana. Elə indi də İran Rusiya və Avropaya Türkiyə ilə Azərbaycandan keçən yollarla gedir. Ermənistan yolu ilə gedən də yoxdur. Hər halda Gürcüstana da getsək, yenə də Azərbaycandan və Türkiyədən keçirik.

Onlar düşünürdülər ki, daim Azərbaycan əraziləri işğalda qalacaqdı. Bəzən də NATO məsələsini ortaya atırlar. Mən də deyirəm ki, elə 70 ildir NATO səninlə qonşudur. Türkiyə NATO üzvüdür. Biz qonşuluq əlaqələrimizi saxlayıb, müştərək maraqlarımızı qorumalıyıq. Real baxmalıyıq. Mən politoloq kimi bu məsələyə də necə var elə baxıram. Yalnız əməldə olan şeyləri görürəm. Yoxsa arzuları dilə gətirmək, havadan danışmaq, belə şeylər olmaz.

İndi İran Azərbaycanla memorandum imzalayıb ki, İran ərazisindən Naxçıvana yol getsin. Biz bütün olan imkanlardan istifadə etməliyik. Olmayan imkanları dilə gətirib aranı qatmaq olmaz.

Azərbaycan İranın qonşusu olaraq müstəqil bir ölkədir və hər kimin ki, başqa niyyəti var, bu, düzgün deyil. Mən özüm Azərbaycanın bir qarış torpağının zəbt edilməsinə razı deyiləm. Təbii ki, İran İslam Respublikasının da ərazi bütövlüyünün pozulmasına da razı deyiləm. Ona görə də tarix, tarixdə qalıb. Tülkülük edənlərin əleyhinəyəm mən. Mənim açıq mövqeyim də budur.

- Həmin o yayılan materialda Azərbaycanda narazılığa səbəb olan bir ifadə var. O da sizin Türkmənçay və Gülüstanla bağlı dediyiniz ifadə. Siz belə bir cümlə işlətmisinizmi? Əgər işlətmisinizsə, bu, hansı situasiyada olub?

- Qarşı tərəf deyib ki, Zəngəzur dəhlizi icra olunsa İrna-Ermənistan sərhədi aradan itəcək və s. Mən ona qarşı bu sözü demişəm. Mən demişəm ki, siz bunu deyibsinizsə, bu, olan bir şey deyil. Röyadır. Mən o adamın sözünü təkrarlayaraq bildirmişəm ki, bu, qurtarıb gedib. Bu sözün başlanğıcı məndə olmayıb. Bu sözlər beynəlxalq hüquqla səhvdir. Türkmənçay müqaviləsində isə zaman qeyd olunmayıb. Orada 100 il də yazılmayıb. Mən onlar izah etmişəm ki, bu fikir yanlışdır. Mən hər kəsə bildirirəm ki, mənim mövqeyim açıq-aşkar budur və mənim sözlərimi yalnız mənim ağzımdan eşidin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR