İnsanlara hürriyət, millətlərə istiqlal!

“Özünə güvənən anaların olduğu cəmiyyət ən güclü cəmiyyətdir”

895 08.04.2023 08:25 Media A A

Psixoloq Vəfa Rəşidova: “Abort zorakılığın ən dəhşətli formalarındandır”

Cins seçiminə görə hamiləliyin süni surətdə pozulması halları, cinsə görə verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması və ailələrdə doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya uyğunlaşdırılması uzun illərdir cəmiyyəti narahat edən problemlərdən biridir. Qanunvericilik çərçivəsində, dövlət proqramları vasitəsilə  həyata keçirilən tədbirlər və beynəlxalq təcrübə ilə bu problemin həll olunması istiqamətində müəyyən addımlar atılır.

Həkimlər qeyd edirlər ki, hamiləliyin süni yol ilə pozulması qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna mənfi təsir göstərir. Bu baxımdan ailə planlaşdırmasının önəmi vurğulanır. Sahəvi mütəxəssislər  problemə mənəvi-psixoloji tərəfdən yanaşılmasının, fərdlərlə və cəmiyyətlə bu yöndə iş aparılmasının tərəfdarıdılar.

Psixoloq Vəfa Rəşidova məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın selektiv abortların sayına görə dünyada ön sırada olduğunu dedi: “Təəssüf ki, bu, əsrlər boyu formalaşmış tendensiyadır. Oğlan və qız övladı arasında fərq qoyulması Avropa ölkələrində də qeydə alınır, amma bu rəqəm çox aşağıdır. Qafqaz ölkələrində bu ciddi problem olaraq qalmaqdadır.

Onların əksəriyyəti seksual həyat yaşamır... –

Vəfa Rəşidova

Bu problemin kökündə iqtisadi məsələlər dayanır. Qız övladını böyütməyin, evləndirməyin (cehiz almaq) və s. kifayət qədər maddi sıxıntı yaşadacağını düşünən valideynlər abort qərarı verirlər. Nəticədə qadınların hüquqları ciddi şəkildə pozulur. Son illər boşanmaların artması, ailədaxili zorakılığın çoxalması, münasibətlərin kəskinləşməsindən şikayət edirik. Bəzən ailələrdə qadının nə yaşadığına, nə hiss etdiyinə çox da diqqət edilmir. Selektiv aborta məcbur edilən qadının psixologiyasında ciddi dəyişikliklər baş verir. Digər ailə üzvləri bunu nəzərə almadıqda münasibətlər kəskinləşir, aqressiya yaranır. Bu da psixozla nəticələnə bilər.

Çox zaman bu, gizli qalır. Emosional duyğuların gizlədilməsi sonradan ağır fəsadlara gətirib çıxarır: qadın özünü rahat hiss etmir, həyat yoldaşından uzaqlaşır, hətta bir masada belə yemək yemək istəyi yox olur və s. Qadının həyat yoldaşına güvəni itir, özünü dəyərsiz hiss edir. Hamilələrin, aborta məcbur edilmiş qadınların psixologiyası həssas olur. O, xüsusi qayğıya ehtiyac duyur. Abortun yaratdığı sarsıntını aradan qaldırmaq üçün həddən artıq müddət lazımdır. Təcrübəmdə bunun şahidi olmuşam. 70 yaşlı qadın illər əvvəl aborta məcbur edildiyi üçün peşman idi. “İndiki ağlım olsa idi, buna heç vaxt razılaşmazdım” deyirdi. Məcburi abort qadınlarda günahkarlıq duyğusu yaradır. Əminliklə demək olar ki, onlar illərlə gizli depressiya ilə yaşayırlar".

Psixoloqun yaxın gələcəklə bağlı proqnozları isə nikbin deyil: “Ailələrdə oğlan övladına hər imkan yaradıldığı, qız övladının hər mənada hüquqları pozulduğu müddətdə selektiv abortların qarşısının alınması çətin olacaq. Azərbaycanda bununla bağlı vəziyyət ürəkaçan deyil. Təcrübədən də görünür ki, cəmiyyətimizdə oğlan uşağına həddən artıq önəm verirlər. Baxmayaraq ki, oğlan övladı valideynlərə daha çox sıxıntı yaşadır, amma hələ də qız övladına maddi yük kimi baxanlar çoxluq təşkil edir. Hesab edirəm ki, dini baxımdan savadsızlıq burada müəyyən dərəcədə rol oynayır, çünki dinimizdə bu (abort - red.) günah sayılır. Gözəl mənəvi dəyərlərimizi nəsildən-nəslə ötürmək əvəzinə, ən dəhşətli cinayəti bu günə qədər gətirmişik.

Yeri gəlmişkən, şəxsi təcrübəyə istinad edərək deyə bilərəm ki, aborta məcbur edilən qadın bunu gəlininə də yaşadır. Bu, zorakılığın ən dəhşətli formalarından biridir.  Biz bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Eyni zamanda bu, cinayət kimi qəbul edilsə, qanunvericilik baxımından tənzimləmə aparılsa, qadınların bir növ azadlığı təmin edilmiş olar. Özünə güvənən anaların olduğu cəmiyyət ən güclü cəmiyyətdir".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb.

HAZIRLADI: Nigar HƏSƏNLİ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR