İnsanlara hürriyət, millətlərə istiqlal!

Özgəsinə qismət olan milyonlar – Hitlerin üzə çıxmayan var-dövlətinə kim sahib çıxıb?

3694 29.02.2024 13:13 Yaxın tarix A A

 

Tarixdə diktator kimi tanınan simaların hamısı böyük var-dövlətə sahib olublar və sonda heç bir diktator öz var-dövlətinə sahib çıxa bilməyib. Onlardan biri də dünyaya ağalıq etmək iddiasına düşən Adolf Hitler olub.

Təxmini hesablamalara görə II Dünya müharibəsinin sonlarında fürerin şəxsi xəzinəsindəki məbləğ 4 milyard dolları keçib. Bundan başqa müharibədən sonrakı dövrdə Hitlerin dəyəri milyonlarla ölçülən 5 iqamətgahı və istifadə olunmayan böyük sahəli 50-dən artıq daşınmaz əmlakları da üzə çıxıb. Fürerin zənginliyinin ən maraqlı hissəsi isə 8 min ədəd qiymətli rəsm əsərlərindən ibarət kolleksiyası olub ki, mütəxəssislər bu kolleksiyanı qiymətləndirməkdə çətinlik çəkiblər. Beləliklə, Adolf Hitler mövcud dövrdə planetin ən zəngin adamlarından biri sayılıb.

Maraqlıdır, fürerin var-dövləti intiharından sonra kimə qalıb?

gitl_repet.jpg (68 KB)

Hitlerin ölümündən sonra Almaniyadakı hərbi düşərgələrin birində Britaniya hərbçiləri şübhəli görünən mülki bir şəxs saxlayıblar. Araşdırmadan sonra məlum olub ki, özünü jurnalist kimi təqdim edən Haynts Lorents fürerin mətbuat katibinin müavinidir. Lorentsin üst geyiminin altında gizlətdikləri diqqətdən yayınmayıb. Jurnalisti dərhal soyundurublar. Hitlerin sözçüsü fürerlə bağlı məxfi sənədləri aradan çıxarmaq istəsə də mümkün olmayıb. Həmin sənədlərin arasında Hitlerin vəsiyyəti də tapılıb. Vəsiyyətdə Hitler var-dövləti haqqında da qeydlər edib:

“...Mənə məxsus olan bütün əmlak və vəsaitlərin partiyaya verilməsini vəsiyyət edirəm. Əgər partiya öz fəaliyyətini dayandırmış olsa mənə məxsus olan hər şey dövlətə verilsin. Sizdən xahiş edirəm, mənim vəsaitim hesabıma bacıma, yaxın qohumlarıma və sədaqətli silahdaşlarıma normal həyat şəraiti yaradılsın...”

Hitlerin varisi kimi rəsmi olaraq sağ qalan bacısı və vəfat etmiş bacısının iki övladı tanınıb. Varislərin uzun-uzadı məhkəmə proseslərindən sonra fürerin əmlaklarının bir neçəsi onların arasında bölünüb. Növbəti məhkəmə prosesləri pul bölgüsü ilə bağlı olub. Həmin ərəfədə Hitlerin bacısı Paula vəfat edib və Almaniya hökuməti digər varislərə pul verməkdən imtina edib.

бьт.jpg (95 KB)

Fürerin İsveçrə bankında olan 330 milyon dolları Almaniyaya qaytarılıb. Rəsm kolleksiyasının bir qismi muzeyə verilib, digər qismi isə qanuni sahiblərinə qaytarılıb. Çoxsaylı mülkləri dövlət əmlakı kimi qeydə salınıb.

Bu Hitlerin var-dövlətinin görünən və rəsmi tərəfi olub. Belə ki, fürer bir çox ölkələrdə pul yatırımları edib, çoxsaylı əmlaklara, torpaq sahələrinə malik olub. Milyonlarla ölçülən və görünməyən bu zənginliyin aqibəti isə bu günə qədər də qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, özünün də etiraf etdiyi kimi uşaqlıq illərində dilənçiliyin nə olduğunu hiss edən Hitler ilk və qismən normal qazancını nitqləri ilə qazanıb. Nasist partiyasının iclaslarında, toplantılarda, mitinqlərdə və digər tədbirlərdə Hitler hər çıxışı üçün 200-300 marka alıb. Bu cür tədbirlərin ay ərzində davamlı olmasını nəzərə alsaq, gələcək fürerin aylıq qazancı mövcud dövrdə bank müdirinin aylıq gəliri ilə təxminən eyni olub. Onun digər qazanc yeri isə çıxışlarının mətninin çap olunduğu “Xalq şərhçisi” qəzetinin redaksiyası olub ki, partiya bu yazılara görə də Hitlerə aylıq qonorar ödəyib.

Artıq 1925-ci ildə Hitlerin şəxsi büdcəsi 26 min markaya “Mersedes” avtomobili almağa imkan verib. Vergi məmurlarının bu qazancın haradan əldə edilməsi ilə bağlı suallarına isə Hitler konkret cavab verib:

“Pul kreditə götürülüb, nəqliyyat partiyaya məxsusdur və o, partiyanın işi üçün zəruridir...”

Qazancından narazı olmayan Hitler 1929-cu ildə Münxenin mərkəzində, şəhərin ən prestijli yerində sahəsi 320 kvadrat metr olan mənzil kirayə edib. Mənzilin aylıq kirayə haqqı 4200 marka olub. Müqayisə üçün qeyd edək ki, həmin ərəfədə Almaniyada çalışan professorların illik maaşı təxminən eyni məbləği təşkil edib.

Hitler hakimiyyətə gəldikdən sonra ilk böyük qazancını müəllifi olduğu, həbsdə olduğu vaxt yazdığı “Mənim mübarizəm” (Mein Kampf) kitabından əldə edib. Bir neçə dəfə təkrar çap olunan kitabın satışından Hitler 8 milyon marka qazanıb.
Bundan əlavə, Hitler öz əksi olan şəkillərdən və markalardan da az pul qazanmayıb. Bu qazancların məbləğini təxmini bilmək üçün bir fakt yetərlidir. Bu sahələrdən əldə etdiyi gəlirlərə görə dolların bugünkü kursu ilə hesablasaq, Hitlerin 1 milyon dollardan bir az artıq vergi borcu yığılıb. Hitler bu məsələni də öz hakimiyyəti gücünə rahatlıqla həll edib. O, 1935-ci ildə bütün vergilərdən azad olunub, əvvəlki vergi borcları isə silinib. Beləliklə, Adolf Hitler Almaniyada bütün vergilərdən azad olunan yeganə şəxs sayılıb.

uyt.png (656 KB)

Hakimiyyətə gəldikdən sonra Hitlerin şəxsi büdcəsində kəskin zənginləşmə gedib. Fürerin maliyyə imkanları haqqında təsəvvür yaratmaq üçün bir faktı diqqətə çatdırmaq kifayət edər. Hitlerin şəxsi Berqxof iqamətgahında xidməti personalın sayı 1800 nəfər olub. İqamətgahın saxlanılmasını, personalın aylıq maaşını, bu iqamətgahda keçirilən qeyri-rəsmi görüşlərin, əyləncəli gecələrin və digər tədbirlərin xərclərini Hitler şəxsi büdcəsindən ödəyib. Bu məbləğ isə həmin dövr üçün kifayət qədər böyük vəsait sayılıb.

Şəxsi büdcə dedikdə söhbət heç də Hitlerin bankdakı şəxsi pullarından getmir. Fürer partiyanın büdcəsini məhz şəxsi büdcəsi kimi qəbul edib. Bu büdcədən pul ayırmalarına yalnız iki nəfər səlahiyyətli olub – Hitler və Borman.

Göründüyü kimi milyonlarla insanın həyatına son qoyan Hitler dünyanın ən zəngin insanı olmaq istəyib. Fürer qismən də olsa buna nail olub. Amma faşizmin məğlubiyyəti ona bu pullara sahib olmağa imkan verməyib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR