İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyəti yaradılıb

704 08.01.2024 15:09 Mədəniyyət A A

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birlikdə Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin iştirakı ilə “Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib.

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən beynəlxalq konfransda Azərbaycan, Özbəkistan və Türkiyənin Nizamişünas alimləri, Daşkənddəki ali təhsil müəssisələrinin pedaqoqları, elmi təşkilatların tədqiqatçıları, elm xadimləri, müəllim və tələbələr iştirak ediblər.

Konfransın yekun nəticəsi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirilməsi məqsədi ilə Türk dünyası Nizamişünas alimlərindən ibarət Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti təsis edilmiş və onun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olunmuşdur.

Qeyd edək ki, ictimai əsaslarla yaradılmış Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyəti Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Özbəkistan Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Ankara Milli Kitabxanası, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, bir çox ölkələrdən universitetlər, elmi tədqiqat təşkilatları, beynəlxalq elmi fondlar və s. ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək və sözügedən cəmiyyətin əsas aparıcı üzvləri qeyd olunan təşkilatların mütəxəssisləri olacaqdır.

“Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfransda  çıxışçı və məruzəçilər Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində ilkin olaraq bir sıra maraqlı təkliflər səsləndiriblər: 

 

  • Hər ilin mart ayının ilk 10 günlüyündə Nizami Gəncəvi poeziya günlərinin keçirilməsi ənənəsinin (Sovet dövründə mövcud olub) bərpası və bu məqsədlə Gəncədə, Azərbaycanda və dünyada Nizami Gəncəvi günlərinin təşkili;
  • Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə elmi məqalələrin hazırlanması, aparıcı elmi jurnallarda dərc olunması və bu işin təşviq edilməsi;
  • Nizami Gəncəvi şəxsiyyəti, şairin real obrazını canlandıran Azərbaycan alimi, dramaturq Oqtay Salamzadənin "Əsrlərin sirri", Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanlarının və bu qəbildən olan əsərlərin digər dillərə tərcüməsi və yayılması;
  • Nizami Gəncəvi yaradıcılığı, dahi mütəfəkkirin irsi mövzusunda xarici alimlərin müştərək elmi tədqiqatlarının, birgə əsərlərin, monoqrafiyaların hazırlanması və nəşri;
  • "Nizami Gəncəvi obrazı Azərbaycan, Əlişir Nəvai obrazı özbək ədəbiyyatında", hər iki şairin Türk dünyası ədəbiyyatının ən tanınmış nümayəndələri kimi mövzusunda müştərək monoqrafiyanın nəşrə hazırlanması;
  • İlkin olaraq Türk dövlətlərində təhsil ocaqlarında tədris prosesində Nizami Gəncəvi yaradıcılığına geniş yer verilməsi və bu istiqamətdə işlərin aparılması;
  • Dahi şairə dair dünya fondlarında, kitabxanalarında saxlanılan nəşrlərin, əlyazmaların araşdırılması, tədqiqi və onların sərgisinin təşkili;
  • Nizami Gəncəvi əsərlərində unikal miniatürlərin incəsənətdə geniş istifadəsi (suvenir, xalça, baner, məişət həyatında, qablarda, tikmə sənəti, milli geyimlər, ağac üzərində oyma, keramikə, dəmir döymə işlərində və s.);
  • Nizami Gəncəvi əsərlərinə nəfis çəkilmiş miniatürlərdən ibarət izahlı kataloq hazırlamaq (Azərbaycan, türk, rus, ingilis və s. dillərdə);
  • Nizami Gəncəvi əsərlərində Türk adları, toponimləri, ellərinə, tarixi məkanlara dair araşdırmaların aparılması və toponimlər əsasında xəritənin hazırlanması;
  • Nizami Gəncəvi əsərləri əsasında yeni miniatürlərin hazırlanması və onların sərgilərinin təşkili;
  • Nizami Gəncəvi əsərləri əsasında hazırlanmış milli geyimlərin sərgisi, 7 gözəl obrazının təqdimatı;
  • Nizami Gəncəvi əsərləri əsasında yeni musiqi kompozisiyalarının bəstələnməsi və onların not yazılarının hazırlanması və bu musiqi əsərlərindən ibarət konsertlərin təşkili;
  • Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə Türk dünyası Nizamişünas alimləri arasında əlaqə və koordinasiyanın, əməkdaşlığın təşkilinə dəstək;
  • Nizami Gəncəvi yaradıcılığına, şəxsiyyətinə aid birgə elmi konfransların, simpoziumların təşkili.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə yaradılan “Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyəti”nin sədri vəzifəsinə tanınmış özbək alim, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, icraçı katib vəzifəsinə isə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov seçiliblər.

Cəmiyyətin Azərbaycan, Özbəkistan, Türkiyə elm xadimləri, alimlərindən ibarət idarə heyəti formalaşdırılıb: onların arasında Özbəkistandakı Heydər Əliyev arasında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqaffor Qırğızbayev, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracaddinov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Universitetin dosenti Gülbahar Aşurova, Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu dosenti Salimaxan Eşanova, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov, tədqiqatçı alimlər filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva, Türkiyədən isə Beynəlxalq Türk Tarixi və Mədəniyyəti Vəqfinin rəhbəri Nizameddin Aykurt, alimlər dosent doktor Fikri Aydemir, dosent diktor Hüseyin Kaba, dosent diktor Niyazi Ünver və b. alimlər yer alıblar.  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR