İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz acılarında “qovrulan” güneylilər - molla rejiminin zülmü bitmir

5409 07.02.2023 08:48 Güney hadisələri A A

Sabir Rüstəmxanlı: “Azərbaycan İran üçün əbədi bir narahatlıqdır, ona görə...”

Cənubi Azərbaycanın zəlzələ baş vermiş bölgəsindən, xüsusən də Xoy şəhərindən hələ də ürək ağrıdan xəbərlər gəlməkdədir. Fars-molla rejimi soydaşlarımızı taleyin ümidinə buraxmaqla onlara qarşı faktiki soyqırımı siyasətini davam etdirir.  

“Xoyda hava yağıntılı və soyuq olmasına baxmayaraq, evləri qəzalı vəziyyətdə olan əhali küçədə qalmağa məcburdur. Təkrar yeraltı təkanlar olur, camaat uçuq evlərinə girməkdən ehtiyat edir. Hərə özünə daldalanmağa bir yer düzəldib, ailəsi ilə qalır. Hökumətdən çadır və sığınacaqlar gözləsək də, verilməyib”. Musavat.com-un məlumatına görə, bunu Axar.az-a Xoy şəhərində yaşayan mili fəal Sürgün Günəş deyib.

Vəziyyətin olduqca acınacaqlı olduğunu deyən fəal başqa şəhərlərdən yardımlar gəldiyini, lakin yetərli olmadığını bildirib: “Sakinlər şaxtalı havada çarəsiz durumda qalıb. Millət özü bu məsələni həll etməyə çalışır. Bəzi imkanlı şəxslər də kömək etməyə söz veriblər, görək, növbəti günlərdə vəziyyət necə olacaq. İsti yemək və ərzaq məhsulları ilə müəyyən qurumlar tərəfindən qismən təmin olunmuşuq, amma çox azdır. Milli fəallar və dinc əhali tərəfindən Xoyda mərkəzlər qurulub. İsti yemək bəzi məhəllələrə verilir. Ancaq hamıya çatmır. Azərbaycan milləti həqiqətən müsbət qarşılıq verdi. Hətta azərbaycanlı olmayan digər millətlərdən də yardım gəldi”.

O, uşaqlar və yaşlı insanların hadisədən daha çox təsirləndiyini bildirib və Türkiyə və Azərbaycanın yardım təklifinə İranın imtina etməsini isə bu cür izah edib: “İran tərəfinin belə bir təklifi qəbul etmədiyi haqqında burada heç kim rəsmi açıqlama verməyib. Bununla bağlı heç nə demirlər. Burada ayrı-seçkilik məsələləri var. Güney Azərbaycanda gedən milli məsələyə görə İran hakimiyyəti ehtiyat edir”.

Hazırda vəziyyət nə yerdədir? Doğrudanmı, İran Güney Azərbaycanda milli məsələdən ehtiyatlandığı üçün Quzey Azərbaycanın yardımından imtina edir?

Xoyda 116 nəfər dəm qazından zəhərləndi

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, İranın zəlzələdən zərərçəkənlərə qarşı aqressiv davranışı, heç bir yardım göstərməməsi və yardım göstərənlərə mane olması İranın daxili siyasətində azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyin göstəricisidir. “Bu, öz vətəndaşlarına münasibətdə humanitar terrordur. Eyni zamanda İslam dininin bütün humanitar və mənəvi dəyərlərinə ziddir”, - deyə deputat qeyd edib.

Fayl:Hikmət Babaoğlu.jpg — Vikipediya

 Hikmət Babaoğlu

O bildirib ki, İranın Xoyda baş verən zəlzələdən sonra zərərçəkmiş soydaşlarımıza ediləcək yardımlardan imtinası “şovinist fars rejiminin azərbaycanlıların hüquqlarını tapdalamasının, onları adi humanitar hüquqlardan belə məhrum etməsinin” göstəricisidir: “İranın bu cür antihumanist, antihüquqi və antiislami mövqeyi qətiyyətlə pislənilməlidir. İranda yaşayan 30 milyon azərbaycanlı ən çətin anlarda belə vətəndaşı olduğu dövlətdən humanitar yardım görmürsə, əlbəttə ki, onlar beynəlxalq hüquqa uyğun olaraq özünü təyinetmə, özünü ifadəetmə vasitələrindən istifadə etməyə məcbur qalacaqlar. İran rejimi azərbaycanlıları öz müqəddəratlarını təyin etməyə doğru itələyir”.

Sabir Rüstəmxanlı: "Azərbaycanla Türkiyə bir dövlət idealı ilə yaşamalıdır"

Sabir Rüstəmxanlı 

Deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İranda azərbaycanlıların yaşadığı Xoy şəhərində zəlzələnin olması çox böyük bir faciədir və oradan yayılan mənzərələrə, şəkillərə, videolara baxanda ürək ağrıyır: “Uşaqlar, ahıllar qışın bu günündə çox ağır vəziyyətdədirlər. O da görünür ki, azərbaycanlıların məskunlaşdığı evlərin tikintisi, şəhərsalma filan yüksək səviyyədə olmayıb. Çünki İran hakimiyyəti Azərbaycana həmişə ögey münasibət göstərir. Onun nəticəsidir ki, orada bölgələrdə iş yerləri yoxdur. İş yerləri olmadığına görə, əhalinin dolanışığı təmin olunmadığına görə insanlar İranın başqa vilayətlərinə köç edirlər. Bəziləri də İranı tərk edirlər. Bu, bəlkə də düşünülmüş bir siyasətdir. Urmiya gölünün qurudulması, onun nəticəsində Urmiyanın ətrafını duz basması, o ərazilərin yaşanmaz hala düşməsi olduqca narahatlıq doğuran məsələdir. Bu, hətta Güney Azərbaycana da təsir edə bilər. Urmiya gölünün içərisində 10 milyon ton duz var. Bu, bölgəni duzun altında qoya bilər. Bununla bağlı biz beynəlxalq konfrans keçirmişik. Kanadadan, Avropanın bəzi ölkələrindən gəlmiş mütəxəssisləri də ora dəvət etmişdik. Bunun qarşısını hansı yolla almaq olar deyə müzakirələr aparmışıq. İran hökuməti buna qarşı biganədir. Buradan hansı səviyyədə münasibətlər bildirilib, onu deyə bilmərəm. İran özü nə dərəcədə kömək edir, bundan da xəbərimiz yoxdur. Zəlzələdən zərərçəkənlər nə dərəcədə təmin olunub, bunu bilmirik. Qəbul etməsələr də, Azərbaycandan Qızıl Aypara Cəmiyyəti yardım etməyə hazır olduğunu bildiriblər.  Amma təəssüf ki, bizim bu ağrımız, acımız, yaramız sağalmamış Türkiyənin 10 əyalətində zəlzələ baş verib. Çox güclü bir zəlzələdir, dağıdıcı bir zəlzələdir. Hələ ki tam məlumat bəlli deyil, dövlətin verdiyi ilk məlumatlardır. Günün axırına kimi nə olacaq hələ bilmirik. Azərbaycan ora yardım etməyə hazırdır”.

Deputat, “İran Güney Azərbaycanda milli məsələdən ehtiyatlandığı üçün Quzey Azərbaycanın yardımından imtina edir” sualına belə cavab verib: “Şübhəsiz ki, Azərbaycan İran üçün əbədi bir narahatlıqdır. Azərbaycanın müstəqil olması, güclənməsi onları narahat edən başlıca məsələdir. Bizim İranla heç bir düşmənliyimiz yoxdur, Azərbaycan oradakı işlərə müdaxilə etmir. Amma bunu etsək də-etməsək də İran xoflu vəziyyətdə yaşayır, bunu bilməliyik”.

Qeyd edək ki, bir gün öncə  Xoy şəhərinin Vəliəsr şəhərciyində zəlzələdən zərər görənlərin yerləşdirildiyi çadırlarda yanğın olub. Fevralın 4-də isə Qərbi Azərbaycan əyalətinin zəlzələ baş verən Xoy şəhərində çadırlara yerləşdirilən 116 nəfər dəm qazından zəhərlənib. Ana və oğul müvəqqəti yerləşdirildikləri çadırda dəm qazından boğularaq ölüblər. Yerli sosial media fəalları bildirirlər ki, hadisə normal istilik qurğuları olmadığı üçün çadırlarda kömür yandırılmasından baş verib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR