İnsanlara hürriyət, millətlərə istiqlal!

“Önəmli olan danışıq deyil, əməldir” - professor

967 28.04.2022 09:40 KİVDF layihələri A A

Qulu Məhərrəmli: “Azərbaycan dilini bilməyənlər də milli düşüncəyə malik ola bilərlər”

Müstəqil dövlət üçün dil siyasəti zəruri şərtlərdən biridir. Azərbaycan müstəqillik qazandıqdan sonra 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili haqqında ayrıca maddənin daxil edilməsi ana dilimizə rəsmi status verilməsi uğrunda aparılan çoxillik mübarizənin məntiqi nəticəsi idi.

30 illik zaman kəsimində dövlət dilinin qorunması üçün istər qanunvericilik səviyyəsində, istərsə də layihələr, proqramlar çərçivəsində bir çox işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi, xüsusi sərəncamlarla klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin, habelə dünya ədəbiyyatı örnəklərinin dövlət səviyyəsində latın qrafikası ilə kütləvi tirajla nəşr edilməsi, ölkəmizin bütün dövlət və özəl kitabxanalarına göndərilməsi də gənc nəslin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm idi. Ümumiyyətlə, dövlət səviyyəsində ana dilinə xüsusi diqqət hər zaman var. Bugünlərdə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər qurultayında ölkə başçısı yenidən bu mövzunu gündəmə gətirdi. Sitat: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, Prezidentin ana dili ilə bağlı çıxışı dövlətin dil siyasəti ilə birbaşa bağlıdır: “Son illərdə qəbul olunmuş rəsmi sənədlərdə, o cümlədən dövlət dili haqqında qanunda, eləcə də 2013- cü ildə qəbul olunmuş ”Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın, bu proqram çərçivəsində Xarici İşlər Nazirliyinə və Diaspora Komitəsinə xaricdə yaşayan azərbaycanlıların ana dili dərslikləri ilə təmin edilməsi, ana dilinin tədrisi və öyrənilməsi ilə bağlı planların reallaşdırılması üçün xüsusi tapşırıqların verilməsi, həmçinin Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması və s. sənədlərdə Prezidentin çıxışında ifadə olunan məqamlar aydın qeyd olunub. Bir millətin varlığının əsas göstəricilərin biri onun ana dilidir. Ana dili icmaları, xalqları düşüncələri bir-birinə bağlayır. Biz harada azərbaycanca danışıq eşidiriksə, dərhal reaksiya veririk, kimliyimizi bildirməyə çalışırıq. Xaricdə yaşayan soydaşlarımız üçün Disaporla İş üzrə  Dövlət Komitəsinin, Xarici İşlər Nazirliyinin xətti ilə ana dili dərslikləri hazırlanır. Görünür, biz bu işi daha da qüvvətləndirməliyik. Çünki diaspor genişlənir, təşkilatlanma baxımından qüvvətlənir. Dil faktoruna diqqət yetirməliyik. Qarşıdakı vəzifələrdən irəli gələn məsələləri həll etməliyik. Dərsliklərin, audiokitabların sayı artırılmalıdır, uşaqlar üçün şəkilli kitablar çap olunmalıdır. Bu, həm dilçilər, həm də DİDK qarşısında duran əsas vəzifələrdən biridir".

Professor həmçinin qeyd edib ki, 90-cı illərin əvvəllərində ana dilini bilməsə də, Azərbaycan üçün kifayət qədər böyük işlər görən olub: “Ana dilində səlis danışmağı bacarmasalar da, cəsarətli çıxışlar edənlər var idi. Azərbaycan dilini bilməyənlər də milli düşüncəyə malik ola bilərlər. Əlbəttə, Azərbaycan dilini öyrənsələr, gözəl olar. Amma onları ittiham etmək də doğru deyil. Çünki önəmli olan danışıq deyil, əməldir. İnsanı qiymətləndirmək üçün onun fəaliyyətinə nəzər salmaq lazımdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR