İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölüm adası” – hanniballıq, zorlama və qətllərin sayına görə REKORD vuran həbsxana

2384 27.02.2024 12:56 Yaxın tarix A A

Fəaliyyət göstərdiyi 102 il ərzində bu həbsxanada hər il rejim qaydaları daha da sərtləşdirilib, ən qatı cinayətkarlar üçün belə “ölüm adası” adı ilə məşhur olan Alkatras türməsi ən qorxulu məkana çevrilib...

1861-ci ildə Amerika Birləşmiş Ştatlarında, San-Fransisko körfəzində eyni adlı adada inşa edilən Alkatras türməsi əvvəlcə hərbi əsirlər üçün nəzərdə tutulub. 1912-ci ildə isə ərazidə yeni korpuslar tikilib, təmir və bərpa işləri aparılaraq Alkatras böyük həbsxana kompleksinə çevrilərək federal status alıb.

ADASİ.jpg (161 KB)

Alkatras ABŞ-ın digər türmələrindən saxlanma şəraiti və rejim qaydalarına görə fərqlənib. Həbsxananın daxili rejim qaydaları o dərəcədə sərt olub ki, hər bir məhbus sutkanın 24 saatı ərzində nəzarətdə saxlanılıb. Belə ki, Alkatras türməsində üç məhbusa bir nəzarətçi nəzarət edib. 600 kameradan ibarət olan türmədə bütün dəmir barmaqlıqlar və qapılar elektrik gərginliyinə qoşularaq hazır vəziyyətdə saxlanılıb. Məhbuslar aqressivləşdiyi, səs-küy saldığı halda buraxılan gərginlik onları dərhal “sakitləşdirib”.

Alkatrasın ən təhlükəli yeri məhbusların yeməkxanası sayılıb. Məhbuslar yalnız burada ünsiyyətdə ola biliblər və bütün söhbətlər, “müzakirələr” məhz burada aparılıb. Məhbuslar arasında hər hansı bir məsələdə razılıq əldə olunmayanda “döyüşlər” də yeməkxanada baş verib. Buna görə də yeməkxananın bir neçə yerində gözqamaşdırıcı qaz balonları quraşdırılıb.

Alkatrasda əsasən təkrar ağır cinayət törədənlər, xüsusi təhlükəli sayılan məhbuslar cəza çəkiblər. Türmədə məhbuslar kameralarda tək saxlanılıb. Onların ən adi şəxsi əşyalar saxlamaq hüququ olmayıb. Görüş və sovqat qəbul etmək tam ciddi nəzarət altında saxlanılıb və məhdud şəkildə aparılıb. Ən adi rejim qaydalarını pozanlar görüş və sovqat qəbulundan məhrum ediliblər.

Alkatrasın fəaliyyət göstərdiyi dövrdə bu türmədən qaçmaq heç bir məhbusa nəsib olmayıb. Fəaliyyət göstərdiyi 102 il ərzində həbsxanadan qaçmağa 37 dəfə cəhd edilib. Amma bu cəhdlərin heç biri baş tutmayıb.

TURME.jpg (126 KB)

Həbsxananın ərazisində kiçik emalatxanalar da fəaliyyət göstərib ki, həmin emalatxanalarda məhbuslar işləyiblər.

Emalatxanalarda işləmək məhbuslar üçün “istirahət” sayılıb. İşə “düzəlmək” hər məhbusa qismət olmayıb. Bunun üçün də xüsusi münasibətlər vacib olub. Bütün cəza müddətini kamerada tək oturmaqdansa məhbuslar üçün işləmək onlara daha çox rahatlıq gətirib.

Alkatrasda sutka ərzində 13-15 dəfə məhbuslar yoxlanılıb, sayılıb, kameralarına baxış keçirilib. Kameralara işıq və su minimum məhdudiyyətlə verilib. Məhbuslara digər kameralarda olanlarla danışmaq, işarə etmək, nə isə ötürmək qəti qadağan edilib. Əks təqdirdə bu qanunu pozanlar sərt cəzalandırılıb.

Dünyanın ən qorxulu türməsi sayılan Alkatras həbsxanasında hanniballıq, eyni cinslilərin bir-birlərini zorlaması, məhbuslar arasında baş verən qətl hadisələri və digər bu kimi hadisələr sayına görə Amerikanın digər cəzaçəkmə müəssisələrindən qat-qat çox olub.

YATAQ.jpg (100 KB)

Alkatrasda cəza çəkənlərin yaxınları dəfələrlə türmədəki dözülməz şəraitlə bağlı müvafiq qurumlara, o cümlədən ABŞ prezidentinə çoxsaylı müraciətlər ünvanlayıblar. Nəhayət, 1948-ci ildə prezident administrasiyasında həmin müraciətlər müzakirə olunub. 1940-cı illərin sonlarında məhbusların saxlanılma şəraiti qismən də olsa yaxşılaşdırılıb. İdman meydançası salınıb, kitabxana fəaliyyət göstərməyə başlayıb, tibbi personalın sayı artırılıb və s. Ancaq bütün bunlar uzun illər təmir olunmayan Alkatrasın ümumi “mənzərə”sini dəyişməyib. Həbsxanada məhbuslara normal şərait yaratmaq üçün əsaslı təmirə ehtiyac duyulub. İlkin hesablamalara görə, təmirə 5 milyon dollar lazım olub. Amerika rəsmiləri isə Alkatras üçün bu vəsaiti ayırmağı məqbul saymayıb. Digər tərəfdən, Alkatrası həbsxana kimi saxlamaq Amerika hökuməti üçün “sərfəli” olmayıb. Belə ki, mövcud dövrdə Amerikanın digər türmələrində bir məhbusun saxlanması 3 dollara başa gəldiyi halda, Alkatrasdakı məhbuslara 10 dollar xərclənib. Bu, həbsxananın uzaq məsafədə yerləşməsindən, ada şəraitində xidmət edən həbsxana əməkdaşlarının maaşlarının yüksək olmasından irəli gəlib.

CİSMA.jpg (93 KB)

1963-cü ildə Amerika Birləşmiş Ştatlarının baş prokuroru Robert Kennedi (prezident Con Kennedinin qardaşı) hökumət qarşısında Alkatras türməsi ilə bağlı məsələ qaldırıb. Bir neçə günlük müzakirələrdən sonra baş prokuror həbsxananın fəaliyyətinin dayandırılması haqqında əmr imzalayıb və bu əmr belə əsaslandırılıb ki, adada yerləşən həbsxananın saxlanılmasına daha çox vəsait sərf edildiyindən onun fəaliyyəti məqbul sayılmır. Türmədə saxlanılan məhbuslar Amerikanın digər türmələrinə köçürülüblər. Məhbuslar bu hadisəni özlərinin böyük şansı kimi qiymətləndiriblər.

Türmə bağlandıqdan bir neçə il sonra onun yerində muzey açılıb. Hər il bu muzeyə bir milyondan artıq turist gəlir. Ərazidə aparılan abadlıq işləri Alkatras dəhşətlərinə “kölgə” salsa da, türmənin keçmiş fəaliyyəti ilə tanış olanlar heyrət və təəccüblərini gizlədə bilmirlər.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR