İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəyə gələnlər niyə gəlir - turizmin inkişafına “sərhəd” əngəli nə vaxt bitəcək?

1073 15.04.2023 09:43 Media A A

Neft hasilatı və ixracının azalması Azərbaycanda iqtisadiyyatın digər sahələrində sürətli və dayanıqlı inkişafın təmin olunmasını zərurətə çevirir. Rəsmi statistikadan aydın olur ki, 2023-cü ilin yanvar-martında ölkədə əmtəəlik neft hasilatı 7,4 faiz azalıb. Bu isə ölkəyə daxil olan neft gəlirlərinin azalmasına gətirib çıxarır.

Doğrudur, hələlik dünya bazar qiymətlərinin yüksək olması neft ixracındakı azalmanın gəlirlərə təsirinin qarşısını alır. Lakin hazırkı qiymət şərtlərinin uzunmüddətli olacağı gözlənilmir. Ümumiyyətlə, dünyada gedən tendensiyalar ənənəvi enerjidaşıyıcılarından, xüsusilə də neftdən istifadənin sürətli azaldılması istiqamətindədir. Bu isə iqtisadiyyatı neft gəlirləri üzərində qurulan Azərbaycan üçün ciddi çağırışlar formalaşdırır.

Azərbaycan hökuməti bu çağırışların təsirini azaltmaq üçün strategiya hazırlayıb. Strategiyada qeyri-neft sektorunun inkişaf prioritetlərindən biri kimi turizm sahəsi önə çəkilir. 2020-ci ildə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən qadağalar bu sahəyə böyük zərər vursa da, ötən ildən başlayaraq turizmdə müəyyən irəliləyişlər müşahidə olunur. Dövlət Turizm Agentliyinin məlumatına əsasən, mart ayında Azərbaycana 136 505 nəfər gəlib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur - ötən ilin martında ölkəyə 95 844 nəfər səfər etmişdi.

Bu ilin 3 ayı ərzində isə ölkəyə gələnlərin sayı 369 072 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (246 277 nəfər) 50 faiz çoxdur.

Mart ayında gəlmə sayına görə Rusiya (43 966), Türkiyə (30 396), İran (12 123), Gürcüstan (7476) və Hindistan (6766) ilk beşlikdə yer alıb. Keçən ilin ilk 3 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə İrandan gələnlərin sayında 6 faiz azalma qeydə alınıb.

Gəlmə sayına görə 2022-ci illə müqayisədə ən çox artım Şimal Şərqi Asiya (233 faiz), Cənubi Asiya (228 faiz), Mərkəzi Asiya (212  faiz) və Cənub Şərqi Asiya (183 faiz) regionunun payına düşüb. Bu göstəricilər Azərbaycanın icrasına qoşulduğu Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların artmasından irəli gəlir. Asiyadan Avropaya dəhlizlə daşınan yüklər artdıqca, onları müşayiət edənlərin də sayı artır. Digər tərəfdən, dəhlizin iştirakçısı olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Çin və digər ölkələrin rəsmiləri bu ilin ötən dövründə Azərbaycana çoxsaylı səfərlərdə olublar.

Gələnlərin çoxunun turist deyil, rəsmi şəxslər olduğunu Azərbaycanda əcnəbilərin bank kartları ilə xərcləmələrindəki azalmalar da sübut edir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na əsasən 2023-cü ilin yanvar-fevral aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 333.8 milyon manatlıq əməliyyat aparıblar. Bu da illik müqayisədə 14.7 faiz azalma deməkdir. 2022-ci ilin yanvar-fevral aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 391.2 milyon manat təşkil edib. Aydın məsələdir ki, ölkənin quru sərhədləri bağlı olduğu müddətdə turizm sahəsində dayanıqlı inkişafı təmin etmək mümkün deyil.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli 

İqtisadçı-ekspert Natiq Cəfərli sərhədlərin bağlı olmasının korrupsiyaya yol açdığı qənaətindədir: “Rəsmi statistikaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn 233 min əcnəbinin 35,1 faizi və yaxud 82 mini ölkə ərazisinə dəmir yolu və avtomobillə daxil olub, 2 ay ərzində Azərbaycandan xaricə gedən 218 min bizim vətəndaşın isə 29,7 faizi və yaxud 65 mini ölkə ərazisini dəmir yolu və avtomobillə tərk edib. Rəsmi qurumlar deyir ki, Azərbaycanın quru sərhədləri ilə ölkəyə gəlib, ölkədən gedənlər idxal (ixrac) yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslərdir. Bu izah inandırıcı deyil, bizim xaricə gedən kimi qeydə alınan vətəndaşların çoxu, çox güman, Naxçıvan sakinləridir, onlara sərhəd açıqdır. Xaricdən gələnlərin bəzilərinə isə çox güman, özəl şərait yaradılır, yəqin ki, şəhərdə Rusiya nömrəli bahalı maşınlar görmüsüz. Quru sərhədləri qanunsuz, məntiqsiz olaraq bağlı saxlamaq konstitusiyanı pozur: əvvəla, ölkə vətəndaşlarına bərabər münasibət pozulub. Naxçıvan qeydiyyatı ilə, məsələn, Kürdəmir qeydiyyatı olan vətəndaşlar arasında nədən fərq qoyulmalıdır ki?! İkincisi, bu mənasız qadağa bəziləri üçün, deyəsən, qazanc yerinə çevrilib, kimlərisə ölkəyə/ölkədən müəyyən maraqlar müqabilində buraxırlar”.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda turizm böyük ölçüdə qonşu ölkələrlə bağlıdır: “Ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur. Pandemiya dövründən sonra 2021, 2022-ci illərdə müəyyən canlanma olub, bu il daha böyük inkişaf sürətinə nail olunması nəzərdə tutulur. Təbii ki, sərhədlərin bağlı qalması turizmə təsir göstərir. Çünki Azərbaycana gələn turistlərin təxminən 65 faizi qonşu ölkələrdən gələnlərdir. 2019-cu ildə ölkəyə gələn 3,6 milyon turistin 70 faizi qonşu ölkələrdən olub. Buna görə də quru sərhədlərin mərhələli şəkildə də olsa açılması məqsədəuyğun olardı. Xüsusilə də Türkiyə və Gürcüstanla sərhədlərin açılması turizmin inkişafına ciddi töhfə verə bilər”.

Millət vəkilinin fikrincə, sərhədlərin açılması ilə yanaşı, Azərbaycanda turizm infratrukturunun da inkişafına nail olunması vacib şərtdir: “Bu istiqamətdə xeyli işlər görülüb. Lakin mövcud infrastruktur hədəflənən inkişaf sürətini təmin etmək baxımından yetərli deyil, bu istiqamətdə işlər daha da genişləndirilməlidir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili" mövzusunda hazırlanıb.

HAZIRLADI: Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR