İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölkədə keyfiyyətli dini təhsil sistemi formalaşmalıdır”

1001 10.03.2023 08:12 Media A A

Ekspert: “Dini təhsil müəssisələrində ruhanilərin yetişdirilməsi dini mühitə neqativ təsirin azaldılmasına gətirib çıxara bilər”

İranın dini lideri Əli Xameneyinin Azərbaycandakı sabiq nümayəndəsi, təxribatçı mövqeyinə və İranın gizli maraqlarına xidmət etdiyinə görə ölkədən qovulan Əli Əkbər Ocaq Necat bugünlərdə dünyasını dəyişən ilahiyyatçı Hacı Şahin üçün İranın Qum şəhərində anım məclisi təşkil edib. Tədbirdə danışan Ocaq Necat Hacı Şahinin Nəcəfdə, Qumda təhsil almasa da, İrandan gələn ruhanilərdən dərs aldığını iddia edib. Yenə dini məzhəbçiliyi xüsusi qabardan Ocaq Necat guya Azərbaycan möminlərinə canıyananlıq nümayiş etdirərək, Hacı Şahinin vaxtsız vəfatına kədərləndiyini əlavə edib. Ümumiyyətlə, İranın din xadimlərinin Azərbaycanın dini mühitinə ziyanlı təsiri, dini məzhəbçilik pərdəsi altında İranın molla rejiminin təbliğatını yayması danılmaz faktdır. İndi isə Azərbaycanda həm inanclılar, həm də sekulyar kəsimin rəğbət bəslədiyi dəyərli ilahiyyatçımıza anım mərasimi keçirməsi, onun xidmətlərini  İrandan gələn mollaların adına çıxması ondan xəbər verir ki, molla rejimi hər fürsətdən istifadə etməyə çalışır. Elə Hacı Şahinin vəfatından və dəfnindən də İran tərəfindən bu cür məqsədlər üçün istifadə cəhdləri görünməkdədir.

Siyasi şərhçi, AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İranda Hacı Şahinin anım mərasimi keçirilməsi əslində mümkündür: “Sadəcə olaraq, bu mərasimlərdən Azərbaycana qarşı istifadə edilərsə, o zaman təhlükə vardır. İstisna deyildir ki, Hacı Şahin dini mühitdə fəaliyyət göstərən biri olaraq İranın da, digər ölkələrin ruhaniləri ilə də görüşüb. Bu, dini mühitdə təbiidir. Necə ki, siyasi mühitdə zaman-zaman az qala bir-birinə üçüncü dünya müharibəsi elan edənlər bəzi məclislərdə bir araya gəlirlər. Hətta fotolarda bərabər "pozlar" da verə bilirlər. Dini mühit də belədir. İran şiə dünyasının böyük dövlətidir. Bu real olaraq belədir. Xarici siyasətində bu amildən istifadə edirmi? Əlbəttə ki, edir. İstər Suriyada, istər Yəməndə, istər Küveytdə, istər Bəhreyndə, o cümlədən də bizdə. Bu bəzən işlərin tarixi arxa planı və təbiəti ilə bağlıdır. Azərbaycanın hər baxımdan güclənməsi lazımdır. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Qafqazda ən güclü ordusu olduğunu göstərdi. Bundan qısqananlar da az deyil. İndi üzərimizə düşən sosial mühitimizə təsir edən məsələlərlə bağlı olaraq sistemli siyasət qurmaq, məmur aparatını təkmilləşdirməkdir. Xarici ölkələrin dini təsirinin neqativ amillərinin ortadan qaldırılmasının iki yolu var. Elmi-maarif yolu, ikincisi isə hüquqi-inzibati yol. İkinci yoldan nəinki dindarlarla bağlı, ümumiyyətlə, bütün vətəndaşlarla bağlı olaraq konkret cinayət hallarında istifadə edilir. Bu yolu ümumi çıxış yoluna çevirmək olmaz. Çünki bunun əks-effekti vardır. Bu yol konkret milli təhlükəsizliyə qarşı hansı isə bir fəaliyyəti müvafiq orqanlar tərəfindən təsbit edilmiş insanlara qarşı istifadə edilə bilər. Ona görə qalır, elmi-maarif yolu. Xalqın qəbul edəcəyi, dinləyəcəyi, fikirlərini hansısa xarici ölkədən deyil, birbaşa olaraq Qurandan və sünnətdən, Əhli- Beytin təcrübəsindən alan, xalqımızın mentallıqlarına uyğun üslubiyyat seçən, düzgün bir nitq qabiliyyətinə malik olan din xadimlərinin, ruhanilərin yetişməsi. Bunun üçün də ölkədə keyfiyyətli dini təhsil sisteminin formalaşdırılmasına çalışılmalıdır. Dini təhsil müəssisələrində bu cür ruhanilərin yetişdirilməsi dini mühitə hər hansı bir neqativ təsirin azaldılmasına gətirib çıxarda bilər. Dini mühit mütəhərrik bir mühitdir".

 

Afaq MiRAYIQ

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR