İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziya Məmmədov “portfelsiz” qalır

15697 08.09.2015 09:00 Ölkə A A


Ötən həftə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsinin ASAN xidmətə tapşırması barədə prezident İlham Əliyevin imzaladığı fərman nəqliyyat naziri Ziya Məmmədovun yaxın zamanlarda vəzifədən çıxarılacağı barədə xəbərləri yenidən aktuallaşdırıb. Maraqlıdır ki, bir neçə müddətdir məzuniyyətdə olduğu deyilən nazir vəzifə başına qayıtdıqdan sonra da sanki kölgəyə çəkilib. Bu isə haqlı suallar doğurur...

Prezidentin imzaladığı fərmanla Z.Məmmədov taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsi kimi külli miqdarda gəlirli bir sahəni faktiki itirmiş olub. Mətbuat dəfələrlə Bakıda taksi fəaliyyətinin tənzimlənməsi və belə avtomobillərə lisenziya verilməsi sahəsində ciddi problemlər olduğunu yazıb. Taksi sürücüləri ilə Nəqliyyat Nazirliyinin müfəttişləri arasında çoxsaylı davaların, hətta ölüm faktlarının olması, bu sahədəki rüşvətxorluq və özbaşınalıq hallardan da mətbuat çox yazıb. Amma bu lisenziya ilə bağlı problemin yalnız görünən tərəfidir... 

5 illik lisenziyanın qiyməti 150 manat, aylıq ödəniş vergi də daxil, 27 manat olsa da, Nəqliyyat Nazirliyinin özünün “qoyduğu haqq” vardı. Taksi sürücüləri Nəqliyyat Nazirliyinin “qeyri-rəsmi kassasına” aylıq 60 manat ödəyir, əvəzində isə 19 manatlıq qəbz alırdılar.


Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan minlərlə sürücünün olduğunu nəzərə alsaq, Nəqliyyat Nazirliyinin “büdcəsinə” lisenziyalara görə ildə milyonlarla manat vəsait daxil olurdu. Nəqliyyat müfəttişlərinin özbaşına əməlləri həm taksi sürücüləri, həm də vətəndaşları boğaza yığmışdı. Dəfələrlə mətbuatda və televiziyada özünü qoçu kimi aparan müfəttişlərə bağlı materiallar verilsə də, nazir onlara qarşı heç bir tədbir görmür, ya da görmək istəmirdi. 

Fərmanda lisenziyaya nəzarət gözlənildiyi kimi, həm Vergilər, həm də Nəqliyyat nazirliklərinə verilib. Məlumatlara görə, lisenziya ilə bağlı bütün prosedurlar, siyahılar və sənədlər Nəqliyyat Nazirliyindən istənib. Bunun üçün bir qədər vaxt lazım olacaq və güman ki, yanvar ayında lisenziyaları artıq ASAN xidmət verəcək. Bu isə milyonlarla vəsaitin həm büdcəyə daxil olmasına, o cümlədən taksi xidməti ilə məşğul əhalinin narazılığının qarşısının almasına xidmət edəcək. Nəqliyyat Nazirliyi isə “qara kassadan” milyonlarla manat itirəcək...


Taksi fəaliyyətinə lisenziya verilməsinin ASAN Xidmətə tapşırılması iqtidarın Ziya Məmmədovu “portfelsiz nazir”ə çevrilməsi ilə bağlı planlardan irəli gəlir. 

Nəqliyyat Nazirliyinə tabe olan bəzi qurumlar faktiki olaraq müstəqilləşib. Bu sırada “AZAL”ı və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini göstərmək olar. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin edildikdən sonra demək olar ki, bu qurum da müstəqilləşib. Bundan başqa paytaxtda yol tikintisi Bakı Şəhər İcra Hakimiyyətinə, qəsəbə daxili yolların salınması bələdiyyələrə tapşırılıb. Yol tikintisi ilə məşğul olan  “Azəryolservis”in müstəqil quruma çevrilməsi ilə bağlı proses də başlayıb. 


Belə ki, Z.Məmmədov “Azəryolservis”in rəhbərliyinə Saleh Məmmədovu gətirsə də, fevral ayından bəri onun təsdiq üçün hökumətin razılığını ala bilmir. O, hələ də müvəqqəti olaraq sədrin səlahiyyətlərini icra edir. Yeri gəlmişkən, avqustun 5-də  “Azəryolservis” ASC-nin yeni inzibati binasının açılışı planlaşdırılsa da, son anda prezidentin açılışa gəlməyəcəyi bəlli olub. İddialar var ki, baş qoruman “Azəryolservis”ə  deputat Ağalar Vəliyevin təyin olunmasına çalışır. “Əgər bu plan gerçəkləşsə, ”Azeryolsevis" də faktiki olaraq nazirin nəzarətindən çıxacaq, bəlkə də müvafiq sərəncamla tam müstəqil quruma çevriləcək" deyə, mənbə redaksiyamıza bildirib. 

Ötən həftə Ziya Məmmədovla bağlı daha bir diqqətçəkən hadisə baş verib. Onun kurasiyasında olan Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyev işdən çıxarılıb. Nəsib Məhəməliyev özü deputat olmaq istədiyini desə də, bu faktı da nəqliyyat nazirinin daha da zəiflədilməsi kimi izah edənlər də var. 

Proses çoxdan başlayıb, amma nə vaxt yekunlaşacağını yalnız bir nəfər bilir...

“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR