İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin 7 bəndlik “inqilabi dəyişiklikləri” - zərfdə nələr var...

32341 20.01.2016 09:00 Ölkə A A
Yanvarın 19-da spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar iclası keçirildi. Qeyd edək ki, ölkə prezidentinin təşəbbüsü ilə çağırılan fövqəladə iclasın gündəliyində manatın kəskin ucuzlaşması və neft gəlirlərinin azalması şəraitində ölkədəki böhranlı durumun aradan qaldırılmasına yönəlik məsələlər salınmışdı. Belə ki, dövlət başçısının göndərdiyi iki təkliflər paketində əmanətlərin sığortalanmasına qoyulan limitin aradan qaldırılması, sahibkarların idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumundan azad edilməsi, valyuta əməliyyatlarına görə güzəştlərin tətbiqi kimi mühüm dəyişikliklər əksini tapırdı. 

Fövqəladə sessiyada Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və iqtisadi inkişaf naziri Şahin Mustafayev də iştirak edirdi. 

Növbədənkənar sessiya olduğu üçün cari məsələlərə yer ayrılmayacağını qeyd edən spiker payız sessiyasının son iclasında hökumətə təkliflər verildiyi və islahatlara başlanılacağı barədə dediklərini xatırladaraq bildirdi ki, prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə səslənən fikirlər də bunun təsdiqidir. “Mən bir daha şahid oldum ki, iqtisadçıların içində iqtisadiyyatı ən güclü bilən elə bizim cənab prezidentdir. Cənab prezident müzakirə üçün iki zərf göndərib. İlk zərfdə 5, ikinci zərfdə isə 2 məsələ var. Onlar sizin müzakirənizə təqdim olunacaq” deyə, O.Əsədov bildirdi. 

Bundan sonra sədr prezidentin parlamentə təqdim etdiyi qanun layihələri və qanunlara dəyişikliklərlə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəyə verdi. Komitə rəhbəri dedi ki, təqdim olunan layihələrə əsasən, banklardakı bütün əmanətlər əvvəlkindən fərqli olaraq, limitsiz sığortalanacaq: “Bu, MDB məkanında analoqu olmayan bir qanundur, orada əmanətlərin tam sığortalanması əksini tapır. Bu, ona imkan verir ki, insanlar panikaya düşmədən əmanətlərini bankda saxlasınlar. Bu qanunun da təşəbbüskarı cənab prezidentdir. Bizim 9 milyard manata yaxın əmanətimiz var. Yeni qanun layihəsinə əsasən, əmanətlərə görə olan dividentlərdən heç bir faiz tutulmayacaq. Vergi Məcəlləsinə edilən dəyişikliklər də Azərbaycana investisiya axınına, real sektorun inkişafına, onlara müəyyən güzəştlərin verilməsinə yönəlib”.

Müzakirələrdə çıxış edən deputat Fuad Muradov dedi ki, indiki dövrdə bütün banklara eyni yanaşma olmalıdır: “Əgər vəziyyəti həqiqətən ağır olan banklar varsa, bu barədə insanlara düzgün informasiyalar verilməlidir. Yoxsa süni ajiotaj yaradan xüsusi qruplar var, sosial şəbəkələrdə guya ərzaq qıtlığının olduğu və banklarda vəziyyətin çox ağır olduğu barədə məlumatlar yayırlar. Ona görə də məsul şəxslər vaxtaşırı ictimaiyyəti məlumatlandırsalar, yaxşı olar”.

Deputat Fazil Mustafa dedi ki, indiki dövrdə bir vicdan proqramına, insanların emosiyalara qapılmadan bu vəziyyətdən necə çıxmaqla bağlı addımlar atmasına ehtiyac var: “Cənab prezidentin son çıxışından sonra insanların inamı bərpa olunub. Amma ondan əvvəl hökumət üzvləri və Mərkəzi Bankın rəhbərliyinin dediklərinə ciddi əhəmiyyət verilmirdi. Çünki xalq onlara olan inamı itirib. Ona görə də bu iqtisadi blokun da yenilənməsinə ehtiyac var. Yəni böhrandan çıxış prosesini bu böhrana səbəb olmuş şəxslər həll edə bilməyəcəklər”.


F.Mustafa digər təkliflər də verdi: “İlk növbədə sərt inzibati tədbirlərə keçilməlidir, idxal və ixracdakı inhisarçılığa son qoyulmalıdır. 1993-95-ci illərdə mərhum Heydər Əliyev hakimiyyətə gələndə buna bənzər vəziyyət yaranmışdı. Prezident o zaman qapıları açdı, ölkənin qabiliyyətli insanlarına geniş imkanlar yarandı. Bu gün də açın qapıları və özünüz görəcəksiniz ki, vətəndaş öz təşəbbüsü ilə gedib İrandan, Rusiyadan lazım olan malları gətirəcək”. 

Deputat fundamental köklü islahatların aparılmasını, bu islahatlara parlamentin qoşulmasını təklif etdi: “Prezidentin müşavirəsini gözləməyə ehtiyac yoxdur. Ayrı-ayrı komitələrdə müzakirələr keçirilməli, təkliflər verilməlidir. 5-10 adamın aldığı qərarla bu gün ölkənin düşdüyü vəziyyətin ağırlığını daşıyırıq. Bizi də söyürlər, bizə də deyirlər ki, xalqın problemləri ilə məşğul olmursunuz”. 

Deputat Əli Məsimli dedi ki, prezidentin 30 təklifindən 15-i yerinə yetirilsə, vəziyyət yaxşılığa doğru ciddi şəkildə dəyişər: “O halda 2017-ci ilin birinci yarısında iqtisadiyyatın sabitləşməsi istiqamətində sanballı addımlar ata biləcəyik. Əks təqdirdə, bu proses bir neçə il uzana bilər. Ən ciddi məsələ isə Azərbaycanda monopoliyanın birdəfəlik sındırılmasıdır”.  


Spiker Oqtay Əsədov dedi ki, hər şeyi birdən həll etmək mümkün deyil: “Əvvəlcə bu qərarları qəbul edək, banklar əmanətlər alsınlar, işləsinlər, sonra bu məsələlərə də baxarıq. Siz hər şeyin birdən həll olunmasını istəyirsiniz, bu, mümkün deyil”.

Deputat Qüdrət Həsənquliyev “niyə vaxtilə xaricdəki pullarımızdan 2 milyard gətirmədik” sualını bir daha xatırlatdı: “Bir var, pullar infrastruktur layihələrinə xərclənsin, bir də var ki, sahibkar aşağı faizlə bankdan pul götürsün, gedib məhsul istehsal etsin. Əgər biz sahibkara öz istehsal etdiyi məhsulu istədiyi qiymətə satmağa imkan verməyəcəyiksə, bu, yaxşı vəziyyət yaratmayacaq. Sahibkara ”get, malı bu qiymətə sat" desən, o, istehsala maraqlı olmayacaq". Q.Həsənquliyev dedi ki, ikinci devalvasiyadan sonra da kifayət qədər vaxt itirilib: “Nazir dedi ki, sahibkarlığa yardım məqsədilə 250 milyon vəsait ayrılacaq. Bu, çox azdır. Qoy xaricdən 2 milyard manat gətirilsin və sahibkarlara güzəştli kredit verilsin”.  

“İran və Türkiyə ilə viza rejimi aradan qaldırılmalı və ya sadələşdirilmiş viza sistemi tətbiq edilməlidir. Avropa Birliyi ilə viza rejimi ləğv olunmalıdır. Qoy rahat gəlsinlər, valyuta xərcləsinlər, turizm də inkişaf etsin” - deyən Q.Həsənquliyev özəlləşmə ilə bağlı prosesin sürətli şəkildə həyata keçirilməsini, “Azərişıq”, “Azəriqaz”, AZAL və “Azərsu”nun özəlləşdirilməsinin zamanının çatdığını bildirdi.  


Deputat Azay Quliyev ictimail-siyasi sabitliyin qorunmasını, manata inamı bərpa etməyi, qeyri-neft sektorunun inkişafını mühüm məsələ olaraq vurğuladı: “Mən əlbəttə, əhalinin narazılığını və narahatlığını qəbul edirəm, onların bölgələrdə keçirilən aksiyalarını da anlayıram”. Amma deputat əlavə etdi ki, burada kənar qüvvələrin iştirakı da diqqətdən qaçmamalıdır: “İctimai-siyasi sabitlik bizim üçün olduqca önəmlidir”. A.Quliyev qeyd etdi ki, sahibkarlığın inkişafı, gömrükdə inhisarçılığın, korrupsiyanın tam aradan qaldırılması xüsusilə önəm kəsb edir. Deputat dollarla kredit götürənlərlə bağlı xüsusi yanaşma tələb olunduğunu və konkret addımlar atmağın zəruri olduğunu qeyd etdi: “Elə ailələr var ki, onun bir neçə işləyən üzvü ixtisara düşüb. Onlara heç olmasa, kompensasiya ödənilirmi? Yaxud heç olmasa, ailənin bir üzvü iş yerini itirməsin”. 

Deputat Elmira Axundova kiçik məbləğdə olan bank kreditlərinin və bağlanan banklardakı kreditlərin taleyinin necə olacağı barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova suallar ünvanladı. O dedi ki, Rusiyada analoji vəziyyət yarananda əhalinin durumu nəzərə alındı və qərar verildi: “Rusiyada devalvasiya olanda Konstitusiya Məhkəməsi əhaliyə dayaq durdu. Heç olmasa əhaliyə dayaq dursunlar və insanlar sakitləşsinlər. Yaxşı olar ki, 10 mindən çox olmayan kreditlər 21 fevral devalvasiyasına qədərki məzənnə ilə ödənilsin”. 


Deputat Vahid Əhmədov prezidentin təqdim etdiyi 7 qanun layihəsini “inqilabi dəyişikliklər” adlandırdı: “Düzdür, Azərbaycanın 40 milyarda yaxın maliyyə ehtiyatları var. Amma Azərbaycan bu vəsaitlərin gələcək nəsillərə saxlanması üçün müvafiq addımları həyata keçirməlidir”. V.Əhmədov Azərbaycana gətirilən avadanlıqların 7 il müddətinə vergidən azad olunması barədə təşəbbüsü yüksək qiymətləndirdi. Dedi ki, bu, ölkədə sənaye müəssisələrinin qurulması və yerli istehsalın inkişafı üçün çox düzgün addımdır: “Biz bütün bu qanun layihələrini yüksək qiymətləndiririk və təbii ki, qəbul edəcəyik. Ancaq əsas məsələ bu qanunların icrasıdır”. Deputat gömrükdəki ASAN-laşmanı, inhisarçılığın aradan qaldırılması ilə bağlı tapşırıqları da müsbət qiymətləndirdi: “Azərbaycanda 43 bank var və bu bankların sayı həddən artıq çoxdur. Mən bankların bağlanmasının tərəfdarı deyiləm, amma bankların birləşməsi prosesi həyata keçirilməlidir”. Özəlləşdirmə ilə bağlı prezidentin verdiyi qərarlara diqqət çəkən V.Əhmədov dedi ki, illər öncə özəlləşdirilən bir sıra obyektlər fəaliyyətini dayandırıb və onların təkrar özəlləşdirməyə çıxarılması məsələsini də qaldırmaq lazımdır: "Mən əminəm ki, cənab prezidentin tapşırıqları yerinə yetirilsə, Azərbaycan iqtisadiyyatının heç bir ciddi problemi olmayacaq". 

Deputat Fəzail Ağamalı dedi ki, ölkədə dollar-manat münasibətləri ilə bağlı “panika” yaranıb, ancaq buna ehtiyac yoxdur: “2003-cü ildə də neftin qiyməti 19 dollara düşmüşdü və manatımız elə də möhkəm deyildi. Onda nə oldu, yaşamırdıq? Bu gün Azərbaycanın böyük potensialı var. Kənd təsərrüfatını inkişaf etdirib, özümüzü tam təmin edə bilərik, xaricdən taxıl, ya quş yemi almarıq”. 

“Azərbaycanda nəyə görə kreditlər manatla deyil, dollarla verilir” - deyə, sual edən deputat bunun konstitusiyaya zidd olduğunu vurğuladı və bunun qadağan olunmasını təklif etdi: “Hansı bank kreditləri dollarla verirsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmçinin 10 min dollaradək krediti olan şəxslərlə bağlı müsbət qərar verilməlidir”. 

Spiker Oqtay Əsədov cavabında “dollarla kredit məcburi verilmir. Mebel almaq istəyən nəyə görə krediti dollarla götürür. Bank heç vaxt məcbur eləmir ki, sən krediti dollarla götür”, - deyə bildirdi.


Deputat Zahid Oruc bildirdi ki, hökumət üzvləri öz aralarında telefonla danışandan sonra danışdıqlarını ictimailəşdirməlidir, əhalini məlumatlandırmalıdırlar: “Hökumətin fəal şəkildə əhalinin qarşısına çıxması çox önəmlidir”. Z.Oruc dedi ki, Azərbaycan neftdən maksimum istifadə etməyə çalışdı: “Müharibənin vurduğu zərbələri aradan qaldırmaqla bağlı neftdən başqa ehtiyatımız yox idi, bunu açıq deməliyik”.  Z.Oruc məmurların sayının azalması şəraitində iş yerlərinin sayının artdığı barədə yanaşmanı bölüşərək, bildirdi ki, bir adama görə nazirlik yaratmışıq: “Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, ”Azərenerji"ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var".

Spiker deputatın kənd təsərrüfatının inkişafı ilə bağlı maraqlı və konkret təkliflərini məmnunluqla qarşılayaraq, “sənin gələcək yerin yavaş-yavaş görünür” - deyə, replika verdi. 

Bundan sonra spiker çıxış üçün Elman Rüstəmov da söz verdi. Baş bankir dedi ki, neftin qiymətinin 30 dollardan aşağı düşməsi nəticəsində faktiki olaraq, gəlirsiz işləyirik: “Bu gün 40 milyardlıq vəsaitimiz var, bu, çox böyük rəqəmdir. Bu vəsaitlə manevr etmək mümkündür. Amma bu vəziyyət nə qədər davam edəcək, bilinmir. Strateji ehtiyatlarımızla çox ehtiyatlı davranmalıyıq”. E.Rüstəmov özünün ünvanına səsləndirilən tənqidlərə  reaksiya verdi: “Cəmiyyət, xalq və dövlət qarşısında bu vəziyyətin məsuliyyətini də çox ciddi şəkildə dərk edirik. Bu vəziyyətdə gizlənmək mümkün deyil. Bu gün gizlənərsən, sabah o daha sərt şəkildə sənin qarşısına çıxacaq. Bugünlərdə bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dən çox valyutadəyişmə məntəqəsi ləğv olundu. Biz bazara kifayət qədər valyuta veririk, hətta dünən (srağagün-E.P.) bazara verdiyimiz valyutanın hamısı satılmadı. Vətəndaşlarımızı da sakitliyə çağırıram. Fevralda yaradılmış ajiotaj sonrakı proseslərə təsir etdi. Ciddi təlaş üçün heç bir əsas yoxdur. Saytlarda düzgün olmayan çağırışlar səsləndirilir, şayiələr yazırlar ki, guya dolların məzənnəsi 2 - 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir. İqtisadi komandada ciddi iş gedir”.


E.Rüstəmov dollarla olan kreditlərlə bağlı məsələyə baxıldığını dedi. Amma əhalinin böyük hissəsini maraqlandıran və deputatların da toxunduğu dollar kreditləri ilə bağlı konkret bir fikir söyləmədi: “Bu gün hökumətin gündəliyi kifayət qədər zəngindir. Bu məsələlərə də mərhələli qaydada baxılır. Hər şeyin vaxtı var”.

Bundan sonra gündəlikdəki  “Əmanətlərin sığortalanması haqqında”, “Valyuta tənzimi haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gömrük tarifi haqqında” qanunlara, Vergi Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər təsdiqləndi. Həmçinin “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olundu. 

Elşad PAŞASOY


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR