İnsanlara hürriyət, millətlərə istiqlal!

Parkinq avtomatlarının “əl yandıran” qiymətləri və ya işbazların fırıldaqları...

2313 19.11.2014 17:05 Ölkə A A
Nəqliyyat eksperti: “Nəzarətçilər köhnə çekləri yığıb, yeni gələn sürücülərə daha ucuz qiymətə satırlar” 

Natiq Cəfərli: “Heç bir əsaslandırma yoxdur ki, 1 saatlıq parkinqin qiyməti niyə 1 manatdır?”

Ötən ilin aprel ayından başlayaraq, Bakıda tıxacların qarşısını almaq və avtomobillərin pərakəndə şəkildə park edilməsini önləmək məqsədilə parkinq avtomatları quraşdırıldı. Bu aparatlar quraşdırılarkən bir saatlıq park etmənin qiymətinin 30 qəpik olacağı deyilsə də, qısa müddət ərzində qiymət qaldırıldı. 

Hazırda bir saatlıq parkinqin qiyməti 1 manatdır. Şəhərdə eyni yerdə 4 saatdan artıq avtomobil saxlamaq isə qadağandır. Sürücülər bu avtomatlar quraşdırılandan sonra parkinq qiymətlərinin bahalaşmasından narazıdırlar. 

Bəs, bu qiymətlər necə müəyyən olunur? Bunu hansı dövlət qurumu tənzimləyir və yığılan vəsaitlər haraya köçürülür? Xarici təcrübədə parkinq avtomatlarının quraşdırılması və Azərbaycandakı durum arasındakı fərq nədir?
 
Musavat.com-a açıqlamasında bu sualları cavablandıran Nəqliyyat Təhlükəsizliyi" Araşdırmaları və Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirdi ki, parkinq avtomatlarının quraşdırılması çox vacib bir addım olsa da, bunun tənzimlənməsi lazımi səviyyədə həyata keçirilmir: “Parkinq avtomatlarının quraşdırılması insanların avtomobillərini park etmək imkanlarını artırmaqla yanaşı, bu sahədə olan narahatlıqların da qismən aradan qaldırılmasına xidmət etmiş oldu. Bu istehlakçıların xeyrinə olan bir addım oldu. İnsanlar çox zaman avtomobillərini qadağan olunmuş işarələr altında saxlayırdılar. Ona görə də cərimə ödəməli olurdular və bu sahədə kifayət qədər problem var idi. 

Təbii ki, parkinq avtomatlarının quraşdırılmasını da tam peşəkar saymaq olmaz. Bəziləri elə yerlərdə quraşdırılıb ki, onlara həmin yerdə ehtiyac yoxdur. Təbii ki, ölkə büdcəsinə daha çox vəsait daxil olması üçün parkinq avtomatlarının sayının lazım olduğundan daha çox quraşdırıldığı da müşahidə olunur. Hətta elə yerlərdə quraşdırılıb ki, həmin yerlərdə tıxacların yaranmasına və nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olur”. 

Nəqliyyat eksperti onu da qeyd etdi ki, dünən də bu məsələ Bakı Şəhər Yol Polis İdarəsinin əməkdaşları tərəfindən müzakirə olunub və 80 parkinq avtomatının ehtiyac olmayan yerlərdə quraşdırıldığı müəyyən edilib: “Artıq həmin avtomatların sökülməsi üçün tədbirlər görülür. Amma söhbət vəsaitin hara yönəlməsindən gedirsə, məncə bu vəsait Bakı şəhər İcra Hakimiyyətinin müvafiq strukturu tərəfindən aparılır. Bu proses şəffaf olmalıdır”.
 
İlqar Hüseynlinin fikrincə, bu prosesdə ən ciddi məqam odur ki, bu parkinq avtomatlarına nəzarət edən şəxslər bəzən özləri “xaltura” ilə məşğul olurlar: “Orada dayanan maşınlardan biri gedəndən sonra onların çeklərini yığıb, yeni gələn sürücülərlə sövdələşməyə girirlər, standart məbləğdən daha aşağı qiymətə həmin çeki satırlar və özləri də bu prosesə nəzarət edirlər. Bu da həmin vəsaitlərin büdcədən yayınmasına gətirib, çıxarır. 

Sual yaranır ki, bu prosesə necə nəzarət olunmalıdır ki, nəzarətçinin özü bu cür yollara əl atmasın. Məncə, bu şəxslərin orada dayanmasına birmənalı olaraq, icazə verilməməlidir. Təbii ki, parkinq avtomatlarının bu günkü ödəniş qiymətləri Azərbaycan vətəndaşlarının büdcəsinə uyğun  deyil. Qiymətlər həddindən artıq bahadır. Əgər bu qiymətlər azaldılsa, avtomobilin 1 saatlıq parkinq qiyməti 50 qəpik müəyyən olunsa, o zaman sürücülərin bu sövdələşmələrə getməsinə də ehtiyac qalmaz və bütün vəsait büdcəyə yönələr. İndiki qiymətlərlə hesablasaq, əgər, bir şəxs gün ərzində şəhərin müxtəlif yerlərində 3-4 dəfə avtomobilini park etmək məcburiyyətində qalırsa, bu, həmin şəxs üçün gündəlik 7-8 manat vəsaitin xərclənməsi deməkdir. Bunu bir ay üçün hesablasaq, təxminən 200-230 manat vəsait ay ərzində sırf avtomobilin park edilməsi üçün xərclənməlidir”. 

İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, parkinq avtomatları Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa nəzarətində olduğu üçün yığılan pullar da bu qurumun büdcəsinə daxil olur: “Bakı Şəhər İcra Hakimiyyəti onu ASC və ya MMC kimi qeydiyyatdan keçirməlidir. Ancaq bununla bağlı da hər hansı məlumat yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti bu yığılan pullardan vergi də ödəməli və yığımların həcmi ilə bağlı məlumat da verməlidir. Ancaq təəssüf ki, bu haqda dəqiq bir məlumat almaq mümkün deyil”.

Ekspert onu da qeyd etdi ki, dünya təcrübəsində bu çox fərqli şəkildə tənzimlənir: “Bir çox ölkələrdə parkinq axşam saat 23:00-dan səhər saat 08:00-a kimi pulsuzdur. Bunun da öz məntiqi var, iş vaxtı avtomobilləri park etməklə gediş-gəlişə çətinlik yaradılmasının qarşısını alır. Bir çox şəhərlərdə parkinq bayram günləri də pulsuzdur. Bəzi yerlərdə abunə sistemi var, bu işlə məşğul olan şirkətlə ucuz və endirimli qiymətlə aylıq abunə olursan və kart vasitəsilə ödəyirsən. Bu qoyulan qiymətlərin necə hesablanması haqqında hər hansı iqtisadi araşdırma yoxdur ki, icra hakimiyyəti təqdim etsin və əsaslandırsın ki, nə üçün parkinqin bir saatı 1 manatdır. Azərbaycanda sadəcə, bu sahələrə nəzarət edən şəxslər bunu özlərindən müəyyənləşdirir. Ancaq Azərbaycanda əhalinin gəlir səviyyəsini, yaşayış minimumunu nəzərə alaraq, deyə bilərik ki, qiymətlər həddindən artıq yüksəkdir. 

İlkin olaraq, bu aparatlar quraşdırılanda deyilirdi ki, şəhərin müxtəlif istiqamətlərində bu qiymətlər fərqli olacaq. Mərkəzdən kənarlara doğru getdikcə, park qiymətləri ucuzlaşacaq. Dünya təcrübəsində də bu, belədir”. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR