İnsanlara hürriyət, millətlərə istiqlal!

NAZİR OĞLUNUN ŞİRKƏTİ “GORANBOY GİPS”i ƏLƏ KEÇİRDİ

4265 28.06.2012 09:09 Ölkə A A
Bunu Goranboydan olan iş adamı Füzuli Qasımov deyib. Onun rəhbərlik etdiyi “Goranboy Gips” ASC tikinti materialları bazarında xüsusi çəkisi olan müəssisədir. Müəssisə 1992-ci ildə işə başlayıb, 2001-ci ildə II Özəlləşdirmə Proqramı zamanı özəlləşdirilib. 2006-cı ildə F.Qasımov qondarma ittihamla saxlanılıb, ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası iki mərhələdə F.Qasımovdan alınaraq “ZQAN Holdinq"ə daxil olan “Azbentonit” MMC-yə verilib. Müəssisənin 50 faiz səhmi təzyiqlə ondan alınaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan “ZQAN”a verilib. Bir müddət əvvəlsə ASC-ni Qasımovdan tam almaq üçün qarşı tərəf addımlar atmağa başlayıb.
F.Qasımov məhkəməyə müraciət edərək hüquqlarının bərpasına çalışdığı bir vaxtda isə ona qarşı növbəti qanunsuzluğa əl atılıb: “Bu adamlar atamın imzasını saxtalaşdırıb ”ZQAN Holdinq"ə daxil olan “Bank of Azerbaijan”dan onun adına 400 min manat kredit götürmüşdü. Atam Şubay Qasımovu “Bank of Azerbaijan”da görən olmayıb. Sadəcə, onun imzasını saxtalaşdırıb pulu götürüblər. Biz də məcbur olub çətinliklə krediti ödəyirdik. Amma inzibati resurslardan istifadə edib işimizi dayandırdılar. Bizə olan borclarını da ödəmədilər. “Azbentonit” “Goranboy Gips”ə 42 min manat borcludur. Bu pulu bəhanələrlə vermədilər. Yəni o pulun ƏDV-sinə kimi ödənilib. Malımızı Gürcüstandakı əsas alıcılarımıza çatdırmaq üçün “Azərbaycan Dəmir Yolları”na pul ödəmişdik. Hamı bilir ki, bu qurum Nəqliyyat Nazirliyinin bir qoludur. Hətta malı aparacaq vaqonların kodları da alınmışdı. O daşımanın həyata keçirilməsi üçün ödənilən pul da bu günə kimi “Azərbaycan Dəmir Yolları”nda yatır. Amma malımızı alıcıya çatdırmadılar. Bizə də işləməyə imkan vermədilər. Bütün bunlara görə 400 min kreditin faizi olan 4 min manatı “Bank of Azerbaijan”a ödəyə bilmədik. Halbuki elə “ZQAN”a daxil olan “Azbentonit”də 42 min manatımız var, amma o pulu da vermirlər. “Bank of Azerbaijan” bizim şirkəti məhkəməyə verdi və “Goranboy Gips”in əmlakına həbs qoyuldu".
İş adamı deyir ki, qeyri-qanuni olaraq “Goranboy Gips” səhmdarlarının yığıncağı keçirilib: “Legitim olmayan bu yığıncaqda rəhbərliyi, yəni məni, atamı uzaqlaşdırıblar. ”ZQAN" başbilənləri bu iclası keçirməklə sübut edib ki, məhkəmə qərarlarına da əhəmiyyət vermirlər. İclasda atam Şubay Qasımovu rəhbərlikdən uzaqlaşdırıb yerinə nəqliyyat nazirin qohumlarından olan Tərlan Məmmədovu təyin ediblər. Sonradan da “Goranboy Gips”i onun adına rəsmiləşdiriblər. Amma o adamı gətirib müəssisədə əyləşdirə bilmirdilər. Çünki faktiki olaraq müəssisədə biz işləyirdik. Oranı öz əllərimizlə tikib-yaratmışıq. Ona görə də başqa qanunsuz addımı atıb müəssisənin əmlakına həbs qoyublar ki, sonradan öz adamlarını rahat şəkildə gətirib “Goranboy Gips”də əyləşdirsinlər".
F.Qasımov dedi ki, Gəncə İqtisad Məhkəməsinə “Bank of Azerbaijanı”ın “Goranboy Gips”in əmlakına həbs qoyması haqda qərarından şikayət veriblər: “Bu adamlar icra haqda qanunu da pozublar. Biz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib bunların səhmdar olmadığını məhkəmə qərarı isə sübut etmək istəyirdik. Vəsatət qaldırmışdıq ki, iddiamıza baxılana kimi ”Goranboy Gips"də səhmdarların ümumi yığıncağının keçirilməsi yasaqlansın. Məhkəmə vəsatətimizi təmin etmişdi. Amma bu adamlar məhkəmə qərarını bir kənara atıb bu yığıncağı keçirib. Bu qanunsuz hərəkətdən də məhkəməyə şikayət vermişik".
F.Qasımov deyir ki, baş verən qanunsuzluqlara görə 10 gündən çoxdur 90 işçisi də işsiz qalıb. İş adamı deyir ki, bu qanunsuzluqlarla bağlı dövlət orqanlarına da müraciət edib: “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişik. Amma heç bir tədbir görülməyib. Biz dövlətimizdən ötrü canımızı fəda etməyə hazır olan insanlarıq. Necə ola bilər axı, bir nazir milyardlarını artırmaq üçün qabağına çıxan obyektləri ələ keçirir, amma dövlət buna əncam çəkmir? Ümid edirik ki, dövlət bu qanunsuzluqlara qarşı addım atacaq”.
Yazıda adı hallanan hər kəsin mövqeyini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR