İnsanlara hürriyət, millətlərə istiqlal!

MTN-in sabiq generalının daha bir qanunsuzluğu üzə çıxdı

8274 02.12.2015 08:05 Ölkə A A
5 ay əvvəl Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov həbs olundu. Belə məlumatlar vardı ki, idarə rəisi Bakı sakini Zabil Salmanovun ifadəsi əsasında həbs olunub. İndi məlum olur ki, Z.Salmanov ondan 5 ay əvvəl alınan ifadədən imtina edib. O, imtinasını ifadənin ondan zorla alınması ilə izah edib. 

Z.Salmanovun nümayəndəsi, tanınmış hüquqşünas Aslan İsmayılov “Yeni Müsavat”a açıqlamasında yayılan məlumatı təsdiqləyib. Deyib ki, Zabil Salmanov ərizəsini Rəşad Məmmədovla bağlı hissədə geri götürüb: “Rəşad Məmmədovun heç bir günahı yoxdur. Zabil Salmanovu MTN-ə aparıb gecələrlə saxlayıb, başına oyun açmaqla məcbur ediblər ki, Rəşad Məmmədovun əleyhinə ifadə versin. Ona görə də Eldar Mahmudov vəzifədən azad edilən kimi Zabil Salmanov baş prokurora müraciət etdi ki, məni MTN-in generalları, polkovnikləri zor tətbiq etməklə Rəşad Məmmədovun əleyhinə ifadə alıblar. Zabil Salmanov bildi ki, Rəşad Məmmədovu yalnız onun ifadəsinə əsasən 5 aydan artıq həbsdə saxlayırlar. Zabil Salmanov bir neçə dəfə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi ki, ifadəmə görə 4 uşaq atası günahsız olaraq həbsdə yatır. Yazdı ki, həmin ifadəni məndən zorla alıblar, həmin ifadədən imtina edir və Rəşad Məmmədovun dərhal azad olunmasını istəyir”.



Tanınmış hüquqşünas deyir ki, Zabil Salmanovun problemi həbsdə olan İsfəndiyar İsfəndiyarovla olub: “Bizim mövqeyimiz belə idi ki, İsfəndiyar İsfəndiyarovla bağlı danışmayaq. Çünki o həbsdədir. Lakin onun vəkili dəfələrlə bizə qarşı qərəzli məlumatlar yayıb. Sadəcə, İsfəndiyar İsfəndiyarovun həbsdə olmasını nəzərə alıb onun barəsində danışmadıq. Vəkilin bizə qarşı qərəzinə görə bildiririk ki, bu adam illərdir ki, özünü Azər kimi təqdim etməklə bir çoxlarının haqqında qanunsuzluqlar edib.  Ancaq o həbs ediləndən sonra bilindi ki, onun adı Azər yox, İsfəndiyardır. Əgər vəkil öz böhtanlarına davam edərsə, biz faktları ortaya qoyacağıq. Yenə İ.İsfəndiyarovun həbsdə olmasını nəzərə alaraq səbr edirik. Bir daha deyirəm, Zabil Salmanov Rəşad Məmmədovu görməyib, onu tanımır, ondan şikayəti yoxdur. Zabil Salmanovun əmlakını alan makler Azərdir - yəni İsfəndiyar İsfəndiyarovdur". 
A.İsmayılov bildirib ki, dəfələrlə Baş Prokurorluğa, MTN rəhbərliyinə müraciət edib Rəşad Məmmədovun günahsız olduğunu bildiriblər: “General Sübahir Qurbanov Zabil Salmanovu həmin ərizəni yazmağa məcbur edənlərin başında olub. Bu adam bu gün həbsdədir. Belə bir halda Rəşad Məmmədovun həbsdə saxlanılması qanuni deyil”.

Z.Salmanovun nümayəndəsi müvəkkilindən zorla alınan ifadənin məqsədli olduğunu dedi: “Bildiyimə görə, Rəşad Məmmədov siyasətə, intriqalara qarışan şəxs olmayıb. İş adamı olub, imkanlı şəxs olub. Onun əmlakını əlindən almaq üçün Zabil Salmanovdan belə bir ifadə alıblar. Zabil Salmanov belə bir ifadə verməyəcəkdi, bir başqa şəxsi məcbur edib Rəşad Məmmədovun əleyhinə ifadə alacaqdılar. Zabil Salmanov dəfələrlə teleqramla müraciət edib tələb edir ki, Rəşad Məmmədovun barəsində haqsızlıq olub, onun haqqı bərpa olunsun, onu azad etsinlər. Günahsız olan 4 uşaq atası niyə həbsdə saxlanılmalıdır?”

A.İsmayılov deyir ki, R.Məmmədovu tutanların başında dayananlar bu gün həbsdə olduğu təqdirdə onun həbsdə saxlanılması əsassızdır: “Onun barəsində cinayət işini aparan müstəntiqlər də bilirlər ki, Rəşad Məmmədov həbsdən azad edilməlidir. Biz bir dəfə bütün Azərbaycana göstərməliyik ki, qanunsuz iş görən rəislər, prokurorlar və hakimlər cəzasız qalmırlar. Necə ki, generallar həbsə alınıb, Rəşad Məmmədovun barəsində qanunsuz cinayət işi başlayanlar da məsuliyyətdən kənarda qalmamalıdırlar. Qanunun tələbidir ki, Zabil Salmanov müraciət edirsə ki, onu zorla yalan ifadə verməyə məcbur ediblər, istintaq orqanı həmin gün Rəşad Məmmədovu azad etməli idi. Rəşad Məmmədov 5 aydır həbsdə Zabil Salmanovdan zorla alınan, alındığı andan heç bir hüquqi qüvvəsi olmayan ifadə əsasında saxlanır. Bu aylar ərzində Zabil Salmanovla Rəşad Məmmədov arasında heç bir istintaq hərəkəti -tanıtma, üzləşdirmə olmayıb. Məndə olan bilgilərə görə, Rəşad Məmmədovu həbsə alandan sonra heç dindirməyiblər də”.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi R.Məmmədov bu ilin may ayının 12-də həbs edilib. Səbayel Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov hazırda MTN-in İstintaq Təcridxanasında saxlanılır.

E.MƏMMƏDƏLİYEV


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR