İnsanlara hürriyət, millətlərə istiqlal!

MTN-dəki “təmizləmələr” Elmar Hüseynovun qətlinin açılmasına təkan verə bilər

4607 30.10.2015 08:30 Ölkə A A

MTN-də cərəyan edən olaylar 2005-ci il martın 2-də Bakıda yaşadığı binanın girişində öldürülən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini bir daha diqqətə gətirib. 

Məsələ burasındadır ki, E.Hüseynovun qətlindən sonra qətlin icraçıları və təşkilatçısı haqda mediada dərc olunan   yazılarda qətlin təşkilatçısı kimi bir neçə gün əvvəl işdən çıxarılan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun adı hallanıb. 

Konkret olaraq 2010-cu ilin yayında həbsdə olan jurnalist Eynulla Fətullayev media orqanlarına müraciətində qətlin A.Çovdarov tərəfindən təşkil olunduğunu bildirib. Jurnalistin həbsxanadan media orqanlarına göndərdiyi məktubda deyilirdi ki, Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olub. “Çovdarov uzun müddət qətlin icraçılarını axtarıb. Hələ 2004-cü ilin sonlarında o, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanan ”kriminal avtoritet"ə müraciət edib. Ona pul mükafatı əvəzində Elmar Hüseynovun qətlini təşkil etmək təklif olunub, lakin avtoritet bundan imtina edib. Bundan sonra polkovnik bu qətli həmyerlisi Gürcüstan vətəndaşı Serko Darvişevə tapşırıb. Teymuraz Əliyev və Tahir Xubanovun da daxil olduğu cinayətkar qrup 2 mart 2005-ci ildə jurnalisti qətlə yetirib" deyə, E.Fətullayev məktubunda qeyd edirdi.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev “Akif Çovdarovun Elmar Hüseynovun qətlinə aidiyyətinin nə qədər olması” ilə bağlı suala cavab olaraq dedi ki, hadisədən sonra Türkiyə xüsusi xidmət orqanları Azərbaycan tərəfinə qətlin iştirakçılarının adlarını təqdim edib: “Bunu həmin vaxt türklər özləri demişdilər. Bundan sonra onlardan xahiş etdilər ki, buradan getsinlər. Qrup Türkiyəyə gedəndən sonra rəhbəri işdən çıxarıldı. Məsələ ört-basdır oldu”.

M.Əliyev hesab edir ki, Azərbaycan rəhbərliyində qətlə bağlı informasiya var: “Sadəcə olaraq, qətlin açılması üçün  siyasi iradə lazımdır. Bu məsələnin açılmasının birbaşa MTN-lə əlaqəli olmasını görmürəm”. 

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu A.Çovdarovun adının baş redaktorun qətlində  hallandığını, versiyalardan biri kimi qətlin təşkilatçılarından birinin onun olduğunu söylədi: “Hər halda, indi elə məqam gəlib ki, bu iş dərindən araşdırılsın. Bildiyim odur ki, MTN Elmarın işini dondurub. Yəni MTN işin araşdırılmasında maraqlı deyildi, işin açılmasında həvəsli görünmürdü. Ola bilər ki, yeni rəhbərlik işin açılmasında maraqlı olsun. Arxivlərə atılmış işləri qaldıracaq və günahkar şəxslərin üzə çıxmasına şərait yaradacaq”.


Ş.Xuduoğlu deyir ki, belə ağır cinayətlər baş verəndə bütün versiyalar yoxlanılmalı, adı keçən bütün şəxslər dindirilməlidır: “Elmarın qətlində bir versiya kimi Çovdarovun adı hallanırdı. Amma istintaq həmin yeni vəziyyəti nə qədər araşdırdı, işlədi, bundan məlumatım yoxdur. İstintaq bütün versiyaları yoxlamalı idi. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı Çovdarov nəinki  dindirilib, heç ümumiyyətlə, ona yaxın gedilməyib. İndi elə bir şərait yaranıb ki, dindirilə bilər”.

Ş.Xuduoğlu MTN-dəki “təmizləmələr”dən sonra baş redaktorun qətlinin yenidən araşdırılmasına zərurət yarandığını dedi: “Jurnalist təşkilatları var, onlar da müraciət edə bilər. Biz də qoşula bilərik".

Araşdırmaçı-jurnalist Çingiz Sultansoy deyir ki, baş redaktorun qətlinin yenidən araşdırılması zərurəti var. O, 2006-cı ildə Tbilisidə qətldə adı hallanan Teymuraz Əliyevlə görüşdüklərini və onun yerinin bəlli olduğunu söylədi. 

Qeyd etdi ki, bu günə qədər onlara özünü Teymuraz Əliyev kimi tanıdan şəxsin müəyyən edilərək istintaqa cəlb edilməməsi iş üzrə istintaqın aparılmadığını söyləməyə əsas verir: “Özünü Teymuraz kimi təqdim edən şəxslə görüşməyimizin təşəbbüskarı onu tapan  Eynulla Fətullayev idi. Biz Bakıya qayıdandan sonra MTN-ə çağırıldıq. Mən o vaxtı şəkilləri diskdə müstəntiqə təqdim etdim. Müstəntiq dedi ki, siz nədən bilirsiz ki, həmin görüşdüyünüz şəxs Teymuraz Əliyevdir. Dedi ki, sizi aldadıblar. Tutaq ki, görüşdüyümüz şəxs Teymuraz deyildi. Əgər bizimlə görüşən adam Teymuraz deyilsə, onunla əlaqəli şəxsdirsə, onda MTN onunla niyə maraqlanmadı? Niyə həmin adamı müəyyən edib soruşmadılar ki, xeyir ola, niyə Teymurazın adından çıxış edib, danışırsan?” 


Ç.Sultansoy deyir ki, qətldə Akif Çovdarovun adı hallanırdı. İşin istintaqı da Baş Prokurorluqdan alınıb MTN-ə verilib. İstintaq getmir, tormozlandığı üçün bundan MTN rəhbərliyinin maraqlı olduğunu söyləməyə əsaslar yaranıb. 

Ç.Sultansoy deyir ki, MTN-dəki “təmizləmələr” bitəndən sonra Elmar Hüseynovun qətlinin araşdırılmasının yenilənməsi ilə bağlı istintaqa ünvanlanacaq müraciətə imza atmağa hazırdır.  

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR