İnsanlara hürriyət, millətlərə istiqlal!

MƏŞƏDİ ƏZİZBƏYOV TARİXDƏN SİLİNİR?

12970 16.01.2012 09:24 Ölkə A A

İstiqlal Muzeyindən bildirildi ki, sovetlər dönəmində Azərbaycanda M.Əzizbəyovun ev muzeyi fəaliyyət göstərib, lakin 1992-ci ildə bolşeviklərin 5 lideri - Fioletov, Şaumyan, Kirov, Çaparidze və o cümlədən Əzizbəyovun adına olan mənzil muzeylərinin fəaliyyəti dayandırılıb və onların muzey əşyaları Azərbaycan İstiqlal Muzeyinə verilib. Hazırda həmin muzeydə M.Əzizbəyova məxsus yalnız əşyalar saxlanılır, muzey əməkdaşları dedi ki, onunla bağlı sənədlərin harada olmasından isə xəbərsizdirlər.
Siyasi Sənədlər Arxvivindən isə bildirildi ki, arxiv faktiki olaraq 1920-ci ildən sonrakı dövrdən fəaliyyətə başladığından, onların 1918-ci ildə dünyasını dəyişən M.Əzizbəyov haqda məlumat vermək səlahiyyətləri yoxdur. Nədənsə M.Əzizbəyovun qohumları da bizə danışmaqdan ehtiyat etdilər.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirdi ki, M.Əzizbəyov haqqında ən dolğun məlumatı “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın I cildində əldə etmək mümkündür. Ensiklopediyada M.Əzizbəyov belə təqdim edilib:
“Məşədi Əziz bəy oğlu Əzizbəyov 18 yanvar 1876-cı ildə Bakıda anadan olub. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) ilk üzvlərindən biri, Azərbaycanm sovetləşməsi uğrunda fəal mübarizə aparmış ictimai-siyasi xadim olub. Bakı realnı məktəbini bitirdikdən (1896-cı il) sonra mülki mühəndislər institutuna daxil olmaq üçün Peterburqa gedib, gizli marksist dərnəyinin məşğələlərində, tələbə nümayişlərində iştirak edib, 1898-ci ildə RSDFP-yə daxil olub. 1899-cu ildə Peterburq Texnologiya İnstitutuna qəbul olunub, 1900-cü ildə Peterburq ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyətinin sədri seçilib. 1902-ci ildə Peterburq fəhlələrinin inqilabi çıxışlarmda iştirakına görə həbs edilib, 1905-ci ildə ”Hümmət" sosial-demokrat təşkilatının rəhbər özəyinə daxil olub. Elə həmin il Bakı fəhlələrinin ümumi tətilində fəal iştirak edib, “Elektriçeskaya sila” səhmdar cəmiyyətinin şəhər kontorunda işə girib, şəhərdə erməni-müsəlman toqquşmalarmm qarşısmı almağa çalışıb. 1906-cı ildə RSDFP Bakı təşkilatının tapşırığı ilə “Bayraği-nüsrət” (“Zəfər bayrağı”) adlı partiya döyüş drujinasını yaradıb.
Əzizbəyov bolşevik “Dəvət-Qoç” və “Prizıv” qəzetləri nəşrinin təşkilində və yayılmasında fəal iştirak edib, 1906-cı ildə İran sosial-demokrat “İctimaiyyun-amiyyun” (“Mücahid”) partiyası MK-nin üzvü, Bakı şəhər dumasına seçki kampaniyasının rəhbərlərindən biri seçilib. Bakıya qayıdan Əzizbəyov “Nicat” mədəni-maarif cəmiyyəti idarə heyəti sədrinin müavini seçilib. 1908-10-cu illərdə RSDFP Bakı komitəsinin tapşırğı ilə İran inqilabına (1905-11) kömək etmək üçün bir neçə dəfə oraya gedib, inqilabçılar üçün gizli ədəbiyyat və silah aparıb. 1909-cu ildə Bakıda yaradılan İran İnqilabçılarına Yardım Komitəsinə başçılıq edib. Həmin ildə yenidən “Nicat” cəmiyyəti sədrinin müavini seçilən Əzizbəyov 1910-cu ildə Bakı şəhər duması üzvlüyünə namizəd irəli sürülüb, şəhər özünüidarəsi rəisi vəzifəsində çalışmaq üçün Rəştə dəvət edilməsi ilə əlaqədar İrana gedib, Ənzəlidə və Rəştdə inqilabi iş aparıb. 1911-ci ildə Bakı şəhəri əhalisinin yoxsul təbəqələrinə yardım göstərmək üçün şəhər özünüidarəsi yanında tikinti bürosu açıb, həmin il Bakı şəhər dumasının üzvü seçilib, burada yoxsulların mənafeyinin müdafiəçisi kimi çıxış edib. Əzizbəyov şəhər elektrik texniki vəzifəsində çalışıb, şəhər memarı olub, Şollar-Bakı su kəməri çəkilişinə baxan icraiyyə komissiyasının və elektrik komissiyasının üzvü seçilib, 1914-cü ildə Bakı fəhlələrinin ümumi tətilinin hazırlanmasmda iştirak edib.
Əzizbəyov 1915-ci ildə “Milliyyətindən asılı olmayaraq, qaçqınlara yardım komitəsi” sədrinin müavini, 1917-ci ildə “Hümmət” bolşevik təşkilatı müvəqqəti komitəsinin üzvü seçilib. Bakı müsəlman sosialist partiyaları bürosunun sədri olan Əzizbəyov Qafqaz müsəlmanlannın Bakıda keçirilən qurultayında iştirak və çıxış edib. 1917-ci ildə Bakı quberniyası ərzaq komitəsinin müvəkkili kimi qəzalara ezam edilib, bolşevik Bakı Komitəsinin heyətinə cəlb olunub, yerli hümmətçi bolşeviklərlə əlaqə yaratmaq üçün Tiflisə gedib. Mərkəzi tətil komitəsinin üzvü kimi, 1917-ci il sentyabrın sonunda Bakı fəhlələrinin ümumi tətilinə rəhbərlik edib.
Oktyabr çevrilişindən (1917-ci il) sonra isə sovet Rusiyasının tərəfdarı olub. Oktyabrın sonunda bolşevik Bakı Komitəsinin və “Hümmət” təşkilatının siyahısı ilə şəhər dumasına üzv seçilib. Bolşevik partiyasının Qafqaz Diyar Komitəsi tərəfindən Cənubi Qafqazdan Müəssisələr məclisinə namizədliyi irəli sürülən bolşeviklər içərisində Əzizbəyovun da adı var idi. Əzizbəyov 1917-ci il oktyabrın 31-də “Qənaət” kooperativ cəmiyyətinin sədr müavini seçilib, 1918-ci il yanvarın 31-də Bakı quberniyası ərzaq təşkilatlarının nəzarətçi-təlimatçısı təyin olunub. Elə həmin vaxt Qırmızı qvardiya dəstələri yaradan təşkilat komissiyasının tərkibinə seçilib.
1918-ci ilin martında Azərbaycan milli qüvvlərinə qarşı mübarizədə fəal rol oynayıb. İnqilabi Müdafıə Komitəsi tərəfindən Bakı şəhəri müsəlman hissəsinin mühafizə komissarı, az sonra isə quberniya komissarı təyin edilib, Bakı kəndlərinə gedərək, əhalini sovet hakimiyyəti uğrunda mübarizəyə çağırıb. 1918-ci ilin aprelində Şamaxı qəzasında vəziyyəti yoxlamaq üçün yaradılan fövqəladə təhqiqat komissiyasına seçilib, Şamaxıda ermənilərin törətdikləri vehşiliklərden sarsılıb, burada baş verenlər haqqında ürək ağrısı ilə məlumat verib.
Əzizbəyov S.Şaumyanm başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində (BXKS) quberniya komissarı idi. O, 1918-ci il mayın 9-da BXKS daxili işlər komissarının müavini təyin olunub, mayın 26-29-da Bakı qəzası kəndli deputatları sovetinin 1-ci qurultayının işində fəal iştirak edib və icraiyyə komitəsinin sədri seçilib. İyunun 9-da “Hümmət” təşkilatı komitəsinin yeni heyətinin fəxri sədri seçilib.
Bakı Sovetinin 25 iyul tarixli fövqəladə iclasında ingilis qoşunlarının Bakıya dəvət olunması əleyhinə çıxış edib. BXKS-nin süqutundan sonra qırmızı əsgər dəstelərinin Bakı-dan sovet Həştərxanına köçürülməsini təşkil edib, Bakının azad olunması uğrunda vuruşan Qafqaz İslam Ordumna qarşı döyüşlərdə iştirak edib. Avqustun 17-də Bakı komissarları ilə birlikdə “Sentro-kaspi diktaturası” tərəfındən həbs edilib, sentyabnn 14-dək həbsxanada saxlanıb. Sentyabrın 17-də BXKS-nin digər üzvləri ilə birlikdə Zakaspi hökuməti tərəfindən həbs edilib, Krasnovodskda (indiki Türkmənbaşı) həbsxanaya salınıb, sentyabnn 20-də Krasnovodskın 207 kilometrliyindəki Ağcaqum çölündə güllələnib".

Sovet dövründə əsilzadəliyi gizlədilib

Qeyd edək ki, M.Əzizbəyovun nəvəsi, akademik, tarix elmləri doktoru, mərhum Püstəxanım Əzizbəyova babasının fəaliyyəti haqqında bir çox kitablar yazıb. Həmin kitablarda və digər mənbələrdə M.Əzizbəyovun bənna ailəsində doğulduğu qeyd edilib. Lakin M.Əzizbəyovun digər nəvəsi Mehdi Əzizbəyov bildirrir ki, babası zadəgan nəslinə mənsub olub. Xeyriyyəçi Zeynalabdin Tağıyevlə Məşədi Əzizbəyovun atası Əziz bəy dost olub, Çar Rusiyası dövründə Əziz bəyə böhtan atılıb, Sibirə sürgün edilib və orada pullu sifarişlə öldürülüb. M.Əzizbəyovun zadəgan nəslindən olması haqda Sankt-Peterburqda Ermitajda saxlanılan Zadəganlar Kitabında da məlumat var. Lakin sovet dövründə məlum basqılara görə, onun zadəgan əsilzadəliyi gizlədilib: “Babam ailədə yeganə oğlan uşağı olub. Əzizbəyovlar varlı ailə olublar, babam məşhur milyonçu Zərbəliyevin qızı ilə evli olub. Məşədi Əzizbəyovun Suraxanıda neft mədənləri indiki Füzuli küçəsində şəxsi poladtökmə zavodu, Şüvəlanda 10 hektarlıq mülkü olub”.

Şollar suyunun Bakıya çəkilməsində, Dram Teatrının fəaliyyətində xidmətləri olub

Çar Rusiyası dövründə nəinki kasıb, heç zəngin azərbaycanlıların da yüksək təhsilinə imkan verilmirdi. Çünki Azərbaycan inttellektinin inkişafından ehtiyat edirdilər. Belə bir vaxtda Məşədi Əzizbəyov məhz Zeynalabdin Tağıyevin qayğısı sayəsində Peterburqda iki fakültə - dağ-mədən mühəndisliyi və mühəndis-elektromexanik üzrə təhsil alıb: “Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanovla müstəqil Azərbaycanın qurulmasında məsləkdaş olan babam alman, rus dilində bilən alicənab ziyalı idi. Xeyriyyəçilik fəaliyyətində Z.Tağıyevlə birgə olub. Milli Dram teatrının fəaliyyətinə dəfələrlə dəstək verib, teatr fəaliyyətini davam etdirsin deyə öz evini, nənəmin zinət əşyalarını satıb, elə bu səbəbdən vaxtilə Akademik Milli Dram Teatrı onun adını daşıyıb. Şollar suyunun Bakıya çəkilməsində də onun xidməti olub, həm mühəndis, həm də xeyriyyəçi kimi”.
M.Əzizbəyovun 4 övladı olub. Əzizağa, Aslan, Səfurə və Bəyimxanım. M.Əzizbəyov haqqında vikipediya ensiklopedik məlumatında göstərilir ki, 1918-ci il mart ayının sonlarında Bakı şəhərində erməni-rus quldur birləşmələri tərəfindən türk-müsəlman əhalisinin qətliamı törədilərkən o, Bakı Kommunasında məsul vəzifə tutub və öz millətinin qırğınında erməni və bolşevik ünsürlərlə birgə iştirak edib.
Mehdi Əzizbəyov isə APA-ya açıqlamasında bu ittihamla razılaşmayıb: “Bakı Kommunasında müxtəlif partiyaların üzvləri - eserlər, menşeviklər, bolşeviklər, hətta Müsavat Partiyasının nümayəndələri də təmsil olunub. Moskva Şaumyanı Kommunaya rəhbər təyin edir. Məşədi Əzizbəyov Şaumyanla Bakı Kommunasında tanış olub. Quberniya komissarı olan Əzizbəyovun kuratorluğuna Şamaxı və ətraf zonalar daxil idi. O faktiki olaraq Şamaxı əhalisini qırğınlardan xilas edib. O zaman erməni silahlı birləşmələri əksinqilabçılara qarşı mübarizə adı altında qırğınlar törədirdi. Əzizbəyov o zaman həmin silahlı birləşmənin komandirinə müraciət edərək qırğınları dayandırmağı tələb edib və onu başa salmağa çalışıb ki, sadə kəndlilər əksinqilabçı ola bilməzlər. Lakin ona qulaq asan olmur. Bu zaman Əzizbəyov Nəriman Nərimanovla telefonla əlaqə saxlayır, o isə öz növbəsində Leninə teleqram vurur. Yalnız bundan sonra Lenin əhalinin məhv edilməsinin dayandırılmasına göstəriş verir”.
Məlumat üçün bildirək ki, S.Şuamyanın rəhbərlik etdiyi BXKS 25 aprel 1918-ci ildə yaradılıb. Tarixçi alim Tariyel Faziloğlunun bildirdiyinə görə, XKS şəhərin rus və erməni mənşəli əhalisinin köməyi ilə Qafqaz ordusu yaradaraq Bakı şəhərinin müdafiəsini təşkil etməyə cəhd göstərib, lakin türk-Azərbaycan ordusu qarşısında məğlubiyyətə uğrayaraq şəhərdən qaçıblar. Şəhər menşeviklərdən ibarət “Mərkəzi Kaspi diktaturası” (MKD) və müvəqqəti icra komitəsinin əlində qalıb. MKD isə komissarlardan 30 nəfəri həbs edir. Onalara qarşı satqınçılıq, hərbi mülkiyyətin qaçırılması, pulların hesabatlarının düzgün aparılmaması kimi iddialar irəli sürülərək, hərbi məhkəməyə verilirlər. Türk-Azərbaycan ordusu şəhərə daxil olduqdan sonra menşeviklər komissarları azad buraxırlar. Komissarlar “Türkmən” buxar gəmisi ilə Bakını Türkmənistan istiqamətində tərk edirlər. Yanacağın azlığı ucbatından gəmi Həştərxana yox, Krasnovodska yan almalı olur. Orada Bakı komissarları Rusiyaının göstərişi ilə yerli hökümət tərəfindən həbs olunaraq Bakını verdikləri üçün Zakaspiya dəmir yolunun kənarında güllələnirlər.

1920-ci ildə Bakı komissarları təntənəli şəkildə Bakının mərkəzində dəfn olunublar. T.Faziloğlu: “Onlardan 24-ü güllələnir. Şaumyanla Fioletov özlərini xilas edir. 24 nəfərdən isə 2-si azərbaycanlı olub. Məşədi Əzizbəyiov və Mir Həsən bəy Vəzirov. Onların hər iksi müstəqil Azərbaycanın qurulmasında Nəriman Nərimanovla eyni məramda olublar”. 2009-cu ilin əvvəllərində keçmiş “26-lar”, indiki “Sahil” bağında dəfn olunan 26-ların qəbri Suraxanı rayonu ərazisinə köçürüldü. Ailəsi həmin vaxt M.Əzizbəyovu Şüvəlandakı ailə qəbiristanlığında anası Püstəxanımın yanında dəfn etmək qərarına gəlsə də, köçürülmə prosesində ailəyə heç bir məlumat verilməyib. Biz də həmin qəbristanlıqda olduq. Kiçik bir dərənin döşündə 23 əhəng daşı basdırılıb. Lakin o qəbirlərdən hansının M.Əzizbəyova məxsus oldğu görsənmir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR