İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidarın “talana son” planı - şok təfərrüatlar

29692 13.05.2015 09:00 Ölkə A A



Neftin qiymətinin düşməsi və manatın devalvasiyasından sonra iqtidarın büdcə pullarına nəzarətin gücləndirməsinin şok nəticələri artıq ortaya çıxmaqdadır. Xəbər verildiyi kimi, Cahangir Hacıyevin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə baş verən müdhiş maxinasiyalar, iş adamlarının dövlətin nəzarətində olan bankdan aldıqları külli miqdarda kreditləri qaytarmaması səbəbindən həbslər başlayıb. Həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. 

Xəbərlərə görə, iqtidar bu prosesi Avropa Oyunlarından sonraya saxlamaq niyyətində olub. Amma üzə çıxan faktlar, büdcənin zəiflədiyi bir vaxtda bəzilərinin dövlətin puluna xor baxmaları hakimiyyəti qəti qərarlar verməyə vadar edib. Dövlət büdcəsindən külli miqdarda mənimsəməyə görə “Azİmport” rəhbəri Rəşad Məmmədovun işdən çıxarılması ilə başlayan və iş adamlarının həbsi ilə davam edən bu proses də göstərir ki, bu qərar məhz prezident İlham Əliyevin ölkədə talana  son qoyulması barədə qəti göstərişindən sonra başlayıb. Məlumatlarda o da deyilir ki, iqtidar Avropa Oyunlarından sonra ölkədə iri miqyaslı antikorrupsiya planını gerçəkləşdirməyə başlayacaq. Bu planın yekunu olaraq isə dövlət xərclərinin azaldılması və optimallaşdırılması üçün bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, birləşdirilməsi və yenidən təşkili barədə qərarlar qəbul ediləcək. Bu prosesdə bir neçə yüksək ranqlı məmurun işdən çıxarılması və cəzalandırılması gözlənilir. Ciddi yoxlamalar və struktur islahatları korrupsiya riskinin yüksək olduğu sahələri əhatə edəcək.


Rəşad Məmmədov

Bu sırada Nəqliyyat Nazirliyi ilə “Azərsu” ilk sırada gəlir. Çünki “Azərsu” ASC Nəqliyyat Nazirliyindən sonra büdcəsindən ən böyük vəsait alan qurumlardan biri, bəlkə də birincisidir. Üstəlik, bu dövlət qurumları hər il beynəlxalq maliyyə təşkilatlarından da ya kreditlər alır, ya da dəyəri milyonlarla ölçülən birgə layihələr həyata keçirirlər. Hökuməti narahat edən isə budur ki, həm yollara, həm su və kanalizasiya təchizatına ayrılan milyonlara baxmayaraq, hər iki qurumun məsul olduğu sahələrdə hələ də ciddi problemlər qalmaqdadır. Məhz bu səbəblərdən də ölkənin ən çox yeyinti olan sahələrindən birinə rəhbərlik edən Z.Məmmədovla “Azərsu” rəhbəri Qorxmaz Hüseynovun iyundan sonra postlarından kənarlaşdırılacağı gözlənilir. Avropa Oyunları ərəfəsi paytaxtda sərnişin daşınmasının nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasından alınması,  Bakı yollarının təmir-bərpası funksiyasının Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi nazirin “gedir” xəbərlərini bu dəfə daha real edir.


Qorxmaz Hüseynov

“Azərsu”ya 2011-ci ildən rəhbərlik edən Qorxmaz Hüseynovun  da korrupsiya əməlləri barədə mətbuatda yetərincə məlumatlar dərc edilib. Q. Hüseynovun “Azərsu”da özünə qohumlarından ibarət komanda yaratdığı, milyonların dövr etdiyi podratçı şirkətlərin az qala hamısının onun yaxın adamlarına aid olması barədə xəbərlər də yeni deyil. 

Məlumatlara görə, iqtidar Asiya İnkişaf Bankının  “Şəhər su təchizatı və kanalizasiya investisiya proqramı-3" layihəsi çərçivəsində güzəştli şərtlərlə 150 milyon dollar kreditin təyinatı üzrə xərclənib-xərclənməməsini  araşdırır. Məlumatlara görə, Asiya İnkişaf Bankı ölkəmizin 11 rayonunda beynəlxalq layihələri maliyyələşdirir və bu sərmayə 180 milyon dollar təşkil edir. Bu layihələrin icrası əsasən Qorxmaz Hüseynova məxsus və qaynı tərəfindən idarə olunan ”Hidro-İnsaat"a həvalə olunur. “Hidro-İnşaat Servis” MMC  2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılov tərəfindən təsis olunub. Bu MMC  “Azərsu”nun bir neçə milyonluq layihələrinə cəlb olunub. 


Musa Pənahov

İddialara görə, nəqliyyat nazirinin müavini Musa Pənahovun oğluna da bu layihənin icrasında yenə geniş “şəriklik” verilib. Fuad Pənahovun  rəhbəri olduğu  “Global-A Group” inşaat şirkəti yol çəkmək, kommunikasiya xətlərinin dəyişməsi kimi bir çox mötəbər layihələrdən milyonlar əldə edib. “Global-A Group”un Salyan yolunun kommunikasiya xətləri, Sabirabad yolu, Əhmədli qəsəbəsində su sayğaclarının quraşdırılması, Göyçayda enerji xətləri, kommunikasiyalar, qaz kəmərləri, Xarici İşlər Nazirliyinin arxasından keçən magistral su xəttinin dəyişdirilməsindən milyonlarla gəlir əldə edib. 



Nazir müavininin oğlu “Azərsu”nun tenderlərindən o  qədər pul qazanıb ki, deyilənə görə, hətta  Mərdəkanın Dres adlanan ərazisində 3 mərtəbəli dəbdəbəli evi tikdikdən sonra bəyənmədiyi üçün sökdürüb və yenidən tikdirib. Yeri gəlmişkən, problemlərə baxmayaraq, “Azərsu” Heydər Əliyev prospektində 20 mərtəbədən ibarət yeni inzibati bina tikdirir ki, açılışı Avropa Oyunlarından sonra olacaq.  2004-cü ildən nazir müavini olan Musa Pənahov özünü Ziya Məmmədovdan sonra nazir postunda görsə də, onun da Avropa Oyunlarından sonra vəzifədən uzaqlaşdırılacağı deyilir. 

Hökumətdəki bir mənbə baş verənləri şərh edərkən Avropa Oyunlarından sonra iqtidarda ciddi “təmizləmə” proseslərinin başlayacağı barədə xəbərləri təsdiq edib. Mənbə deyib ki, iqtidar Avropa Oyunlarından sonra yarana biləcək iqtisadi çətinliklərin sosial partlayışlara çevrilməməsi üçün hətta müxalifətin “Talana son!” süarını da öz maraqlarına uyğun həyata keçirəcək. Hansı ki bunun işartıları artıq başlayan həbslərlə görünür...

“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR