İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Hüseynov ailəsi ilə əlaqə saxlayıb

1823 20.06.2015 08:10 Ölkə A A

Vətəndaşlıqdan çıxarılaraq İsveçrəyə yola salınan RATİ sədri Emin Hüseynovun qardaşı, blogger Mehman Hüseynov artıq onunla danışa bilib. Bu barədə M.Hüseynov “Yeni Müsavat”a açıqlamasında məlumat verdi. İsveçrə xarici işlər nazirinin müşayiəti ilə Azərbaycanı tərk edən hüquq müdafiəçisi qardaşı ilə qısamüddətli danışıb: “Cəmi 30 saniyə danışa bildik. Ondan vəziyyətini soruşdum, o da bizimlə maraqlandı və danışıq bitdi”. 

Müsahibimiz dedi ki, qardaşından bu gedişi ilə bağlı açıqlama verib-verməyəcəyini soruşub: “10 aylıq fasilədən sonra ilk dəfə idi ki, qardaşımla danışırdım. Amma dedi, hələ açıqlama barədə düşünmür. Bizə gizli nömrədən zəng eləmişdi”. 

Həmsöhbətimiz ailə olaraq E.Hüseynovu görmək, onun yanına getmək istədiklərini dedi. Amma 4 ildir ki, ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulduğunu deyən blogger bütün sənədlərinin əlindən alındığını xatırlatdı: “Bunun üçün rəsmi qurumlara müraciət edəcəyəm. Əks halda, mənim onunla görüşüm mümkün olmayacaq. Emin də orda öz tərəfindən müraciət edəcək ki, ailəsi ilə onun görüşünə şərait yaradılsın”. 

M.Hüseynov qardaşının səhhətinə görə də nigaran olduqlarını dedi. Onun sözlərinə görə, 2003-cü il hadisələri zamanı jurnalist fəaliyyətini yerinə yetirərkən E.Hüseynov beynindən və bel hissəsindən zədə alıb: “Həmin ildən etibarən o, hər il mütəmadi olaraq müalicəyə gedirdi. Amma son hadisələrdən sonra bu, mümkün olmadı. Xüsusən də 10 ay səfirlikdə saxlanması onun müalicə imkanlarını minimuma endirdi. Ümid edək ki, bundan sonra müalicəsini aparacaq və hər şey yaxşı olacaq. Daxili işlər nazirinə də müraciət edəcəm ki, sənədlərimin bərpası üçün mənə yardım etsinlər. Onu qısamüddətli də olsa görüb geri qayıtmaq istəyirəm”. 

Bu arada hakimiyyət E.Hüseynov məsələsində fərqli və sərt mövqe sərgiləyir. Daha çox deputatlar səviyyəsində hüquq müdafiəçisinin ölkədən getməsi tənqid olunur. Son olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA-ya müsahibəsində E.Hüseynovun gedişinə münasibət bildirib: “Bu, əslində təsadüf deyildi. Amma burada yadda qalan heç bir hadisə baş verməyib. Bu günlərin yeganə yadda qalan hadisələri və qəhrəmanları Rafael Ağayev, Rəsul Çunayev, Toğrul Əsgərov və digər Azərbaycan idmançılarıdır. Onlar Avropa ictimaiyyətinə həm də azərbaycanlıların əzmkar, cəsur, dövlətinə və vətəninə sədaqət kimi xarakterini nümayiş etdirirlər. Yuxarıda adıçəkilən və Avropa ölkələrindən siyasi sığınacaq istəyən riyakar və xəyanətkarlara isə müqəddəs Azərbaycan torpağında doğrudan da yer yoxdur”.

Sevinc TELMANQIZI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR