İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Abbasovu bitirən şok səbəb

31140 13.11.2015 09:00 Ölkə A A

Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin əsasən gizli dinləmələrlə bağlı olduğu barədə məlumatlar vardı.

Çünki MTN-in gizli dinləmələrə məsul Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin həbsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də (bundan sonra qısa olaraq Rabitə Nazirliyi yazacağıq-red.) bir-birinin ardınca sensasion həbslər başlamışdı. Əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri, Eldar Mahmudovun qohumu Beytulla Hüseynov saxlanıldı. Bunun ardınca isə Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov həbs olundu. Oktyabrın 28-də isə Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi - Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov saxlanıldı. 

Bu həbslər o anlama gəlirdi ki, MTN-in Rabitə Nazirliyindəki adamları vasitəsilə uzun illər Azərbaycanın siyasi hakimiyyət mənsublarının təkcə ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb.   


Bu həbslərdən sonra nazir Əli Abbasovun Baş Prokurorluqda istintaqa ifadə verdiyi, hətta onun işdən azad olunduğu barədə məlumatlar yayıldı. Amma Ə.Abbasov bu həbslərin MTN-lə əlaqəli olmasını, eləcə də işdən çıxarılması barədə xəbərləri israrla təkzib edirdi. Məlumatlara görə, adı digər məmurlara nisbətən korrupsiya qalmaqallarında az hallanan Ə.Abbasov nazirliyə nəzarəti tamamilə itiribmiş. Belə ki, MTN-dəki güclü dayaqlarına arxalanan aparat rəhbəri Vidadi Zeynalov nazirlikdə əsas söz sahibi imiş, hətta nazirin özünü belə saymırmış.


Ə.Abbasov istintaqa çağırılanda və ondan hesab sorulanda, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub. Belə məlum olub ki, Ə.Abbasov nazir olsa da, əsas qərarları Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət etməyib. Bu faktlar üzə çıxdıqdan sonra prezident 2004-cü ildən görəv verdiyi nazirin bu işləri bilib gizlətməsini xəyanət kimi dəyərləndirib və işdən azad olunması barədə qərar verib. Ehtimal edilir ki, sabiq nazir vəzifədən çıxarılmaqla yaxasını qurtara bilməyəcək və o da istintaqa cəlb olunacaq. Çünki Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsi bir müddətdir ki, nazirlikdə ciddi yoxlamalar aparır. Hətta bir mənbə Ə.Abbasov barədə həbs qərarı verilə biləcəyinin də istisna etməyib.


***
Təhsil naziri Mikayıl Cabbarov isə ciddi kadr dəyişikliyinə başlayıb. Bildirilir ki, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova həmin şöbənin Elm sektorunun müdiri vəzifəsinə keçirilib. Tədris resursları şöbəsinin müdiri Faiq Şahbazlı isə tutduğu vəzifədən azad edilərək Təhsil Problemləri İnstitutunun direktor müavini təyin olunub. 

Onun yeri Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun meneceri, direktor müavini və direktoru vəzifələrində çalışmış Elvin Rüstəmova həvalə edilib. Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsini isə bundan sonra Vasif Məmmədov tutacaq. 


Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev isə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə keçirilib.

Bır sıra universitet rəhbərliyində də dəyişikliklər olub. Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyinat alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsi isə Gülşən Əliyevaya tapşırılıb. 

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad edilib. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin olunub.

Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad ediliblər.
Təhsil şöbələrində də “təmizləmə” aparılıb. Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə işdən qovulublar. Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Vahid Dəmirov bir müddət əvvəl ona açılan cinayət işi ilə bağlı medianın gündəminə gəlmişdi. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilirdi və istintaqdan yayındığı üçün barəsində axtarış elan olunmuşdu. Daha sonra direktor açıqlamasında heç kimə qarşı dələduzluq etmədiyini bildirmişdi: “Bir müddət əvvəl 1000 manat borcum vardı, onu da qaytarmışam. 1000 manata görə niyə qaçım ki? Məsələ ay yarım əvvəl həll olunub gedib”. 

*** 
2013-cü ilin 19 aprelində  təhsil naziri təyin edilən Mikayıl Cabbarov sabiq nazir Misir Mərdanovun bir neçə kadrını nazirlikdən kənarlaşdırdı. Hazırda nazirlikdə Misir Mərdanovun komandasından qalan şəxslərin sayı barmaqla sayılası qədərdir. 

Misir Mərdanovun ən sadiq kadrlarından hesab edilən dərsliklərdəki ciddi yanlışlıqlarla daima tənqid hədəfi olan  Faiq Şahbazlı nəhayət ki, nazirlikdən uzaqlaşdırılıb. Əvvəlki illərdə olduğu kimi,  bu il də dərsliklərdəki  acınacaqlı vəziyyət yenə də mediada müzakirə mövzularından biridir. 

Doğrudur, vəzifədən azad olunmağına baxmayaraq, F.Şahbazlı işsiz qalmayıb. Məlumatlara görə, F.Şahbazlının Təhsil Problemləri İnstitutuna göndərilməsi müəyyən məqsəd daşıyır və o, yaxın gələcəkdə həmin institutun direktoru Qulu Novruzovu əvəzləyə bilər. Xatırladaq ki, Qulu Novruzov Mikayıl Cabbarov nazir təyin olunanda təhsil nazirinin müavini idi. M.Cabbarov təyinatından dərhal sonra ilk olaraq onu vəzifəsindən kənarlaşdırıb. Nazirlə direktorun arası indi də soyuqdur. İddialara görə, nazir Q. Novruzovu tədbirlərin çoxuna dəvət etmir və yaradılan müxtəlif komissiyalara üzv kimi salmır. Nazirin imzaladığı son əmrlərdən biri “İlin ən yaxşı müəllimi və məktəbinin seçilməsi”nin təşkilat komitəsinin yaradılması ilə bağlı olub. Həmin komitəyə nazir Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasovun adını salınıb. 

**
Təhsil nazirinin gözlənilmədən nazirlikdə və təhsil şöbələrində ciddi kadr dəyişikliyinə başlaması barədə “Yeni Müsavat” a ilginc məlumatlar daxil olub. Xəbərlərdə bildirilir ki, MTN-in general korpusunun əməllərinin ifşasından sonra ölkədə bir sıra nazirlik və müəssisələrdə də həbslər başlayıb. Məlumdur ki, ötən ay Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində işçi qrup adı altında əslində məhz antikorrupsiya əməliyyatları üçün görəvləndirilən xüsusi qrup yaradılıb. Bu qrupa geniş səlahiyyətlər verilib və həbslərlə bağlı qərarlar birbaşa prezidentin adından icra edilir. Bu isə o deməkdir ki, işçi qrup üçün heç bir maneə və toxunulmaz nazirlik və məmur yoxdur. 

Xəbərlərdə deyilir ki, prezidentin tapşırığına əsasən, istisnasız olaraq fəaliyyəti şübhə doğuran bütün nazirliklər və komitələrin yüksək vəzifəli məmurları “istintaq altına” düşə bilər. Bu, baş prokuroru oliqarx-nazirlərin mümkün təzyiqlərindən qorumaqla yanaşı, daha çox ortada prezidentin iradəsi olması mesajıdır.

Antikorrupsiya həbslərinin rüşvətin ən çox olduğu deyilən təhsil sistemindən də yan ötməyəcəyi gözləniləndir. Həm Eldar Mahmudovun, həm də Əli Abbasovun işdən çıxarılması prezidentin qərarlı olduğunu və kiməsə güzəşt edilməyəcəyini göstərdi.  Bu səbəbdən də təhsil naziri də  indidən arzuedilməz şəxslərlə vidalaşır. 

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR