İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldar Mahmudov antikorrupsiya qanununu da pozubmuş...

3164 12.11.2015 08:10 Ölkə A A

Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldı və aydın oldu ki, Milli Təhlükəsizlik Nazirliyində onun 80 qohumu işləyib. Nazir həmin qohumları vasitəsilə hansı işləri görüb, bunu istintaq araşdırmalıdır. Bəs qohumların bir-birinin tabeliyində çalışması qanunidirmi? Belə bir tabeçilik münasibətləri korrupsiya cinayətlərinə yol açmırmı? 

“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, sovetlər dönəmində belə məsələlər Əmək Məcəlləsi ilə tənzimlənib: “O dövrdə bu haqda Nazirlər Kabinetinin qərarı vardı. Orada hansı qohumların bir-birinin tabeliyində işləməsinə yol verilmədiyi konkret göstərilirdi. Azərbaycanda yeni Əmək Məcəlləsi qüvvəyə minəndən sonra belə bir qayda nəzərdə tutulmadı.  23 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının ”Korrupsiyaya Qarşı Mübarizə haqqında" Qanun qüvvəyə mindi. Həmin qanunun 7.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanlarında müəyyən edilmiş istisnalar olmaqla, qohumların bir-birinin tabeliyində işləməsinin yolverilməz olduğu qeyd olundu. Göstərildi ki, istisna halı Nazirlər Kabineti müəyyən etməlidir. Amma bu günə qədər belə bir istisna nəzərdə tutulmayıb. Həmin qanunun 7.2-ci maddəsində göstərilir ki, əgər qohumların bir-birinin tabeliyində işlədiyi müəyyən edilərsə, 1 ay müddətində həmin şəxslər işdən çıxarılmalıdır. Yəni həmin qanunun tələbinə görə Eldar Mahmudovun  tabeliyində heç bir yaxın qohumu işləyə bilməzdi. Eldar Mahmudov milli təhlükəsizlik naziridirsə, deməli o qurumda işləyən bütün şəxslər onun işçiləridirlər və onların arasında nazirin qohumu olmamalı idi. Çox əfsuslar olsun ki, Azərbaycan hüquq dövləti deyil. Buna görə də belə bir problemlər ortaya çıxanda həlli də qeyri-mümkün olur".


M.Baxış deyib ki, 2003-cü ildə qanuni qüvvəyə minmiş “Korrupsiyaya Qarşı Mübarizə haqqında” Qanun bu gün də qüvvədədir və qanunun icrasına nəzarət etməli qurum Baş Prokurorluqdur: “Prokurorluq qanunun icrasına nəzarət etməli olan, məsuliyyət daşıyan orqandır. Eldar Mahmudovun barəsində şikayətlər bu qurumda araşdırılmayıb. Eldar Mahmudovdan sadəcə qorxublar, çəkiniblər. Onun xüsusilə ağır cinayətləri - quldurluq, hədə-qorxu ilə tələb etmə, soyğunçuluq haqda Baş Prokurorluğa daxil olan şikayətlər araşdırılmayıb”.

M.Baxış deyir ki, MTN-də aparılan yoxlamaların obyektivliyini təmin etmək üçün müvafiq əlaqəli qurumlarda da araşdırmalar aparılmalıdır: “Bunu tam məsuliyyətlə deyirəm. Bu baş verməyəcəksə, son nəticədə Azərbaycan dövlətçiliyinə böyük zərbə vurulacaq”.

E.MƏMMƏDƏLİYEV


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR